Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) “Qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunması” adlı layihəsinin icrasını davam etdirərək, Azərbaycan Dillər Universitetində növbəti konfransı olub.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İctimai Birlikdən verilkən məlumata görə, daha sonra tədbiri giriş sözü ilə DİNİB-in idarə heyətinin üzvü Günay Hacıyeva açaraq layihə haqqında geniş məlumat verib.
“Dialoq və İnkişaf Naminə” İctimai Birliyin sədri Çingiz Bayramov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, dövlətiimiz qloballaşmanın milli irs və adət-ənənələrimiz üçün yaratdığı təhdidlərin qarşısını almaq məqsədi ilə bir sıra təsirli tədbirlər görüb və bu proses indi də davam etməkdədir.
DQİDK tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, İlahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov çıxış edərək, tədbir iştirakçılarına icraçı olduğu Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti ilə tanış edib. Çıxışına davam edərək natiq bildirib ki, Azərbaycanın milli-mənəvi dəyərləri dövlət səviyyəsində qorunaraq təbliğ olunur. Son vaxtlarda həyata keçirilən layihələr mənəvi dəyərlərimizin inkişafı istiqamətinə yönəlmişdir.
Tədbirdə çıxış edən Azərbaycan Dillər Universitetinin BMR fakültəsinin dekan müavini, professor Əli Məmmədov deyib ki, gənclərdə milli-mənəvi dəyərlərin inkişafı, onların qloballaşan dünyada öz istiqamətlərini itirməmələri üçün əvəzsiz rol oynayır.
“Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) İdarə Heyətinin üzvü, Uzman Dr Aydın Talışinskiy çıxış edərək Azərbaycanın özünəməxsus və əsrarəngiz milli-mənəvi dəyərlərini müqəddəs bayrağımızın təzahürü timsalında izah edib. Ayrıca, təqdimat Diller Universitetində keçirildiyi üçün, doktor dil məfhumunun “insanın beşikdən etibarən” formalaşmasının zəruriliyi haqda ətraflı danışaraq, dil siyasətinin müdrükcəsinə yürüdülməsi mövzusunda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin aldığı qərarlardan bəhs edib.
“Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) İdarə Heyətinin üzvü Vidadi Məmmədov çıxışına Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik
fikirlərindən bir neçəsini konfrans istirakçılarının diqqətinə çatdırmaqla başlayıb. Natiq çıxışına davam edərək, ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizi, azərbaycançılığı milli bir ideologiya kimi irəli sürdüyünü və indiki, eləcə də gələcək nəsillərin bu dəyərlərə bağlı fəaliyyət göstərmələrini gənclərə tövsiyyə edib.
“İqtisadi Araşdırmalar və Təhlil Mərkəzi”nin rəhbəri, Xəzər Universitetinin müəllimi Radil Fətullayev öz çıxışında bidirib ki, tarixin bütün dövrlərində Azərbaycan dini dəyərlərə və müxtəlif dinlərin mənsublarına münasibətinə görə, sözün əsl mənasında tolerantlıq nümunəsi olub.
İctimai Fəal Samir Pənahəliyev söz alaraq, tələbə – gənclərə ictimai fəal olmağa çağırıb.
Tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti nəticəsində Azərbaycan muğamı, aşıq və tar ifaçılığı sənəti, Azərbaycan xalçası və kəlağayısı, Qobustan kompleksinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Tədbir tələbələrin sualları və maraqlı çıxışları ilə yekunlaşıb.