Ən böyük arzum peşəkar rəssam olmaqdır

Mehriban Baxşıyeva mükafatlandırma zamanı
Mehriban Baxşıyeva mükafatlandırma zamanı

Mehriban Baxşıyeva : Bu cür müsabiqələr məktəblilərə və gənclərə əlavə stimul verir

Məlum olduğu kimi 2023-cü ildə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi çərçivəsində eyniadlı rəsm müsabiqəsi keçirdi. Məktəbli və gənclər arasında keçirilən bu müsabiqəyə maraqlı və tarixi önəm kəsb etməsi ilə yaddaqalan əsərlər təqdim edildi. Onu da xatırladaq ki, həmin vaxt çəkilən əsərlərlə yanaşı, iştirakçıların da öz yaşlarına görə fitri istedada malik olduqlarını gördük və qərara gəldik ki, ilk üç yeri tutanlar haqqında müxtəlif media orqanlarında yazılar, ümumilikdə bütün iştirakçılar barədə isə təşkilatın saytında tanıtım yazıları verək.

Növbəti əsər üzərində işləyərkən
Növbəti əsər üzərində işləyərkən

Beləliklə, finalçılardan biri Baxşıyeva Mehriban Ramin qızının rəsm dünyası ilə oxucuları da tanış edirik.

Məlumat üçün bildirək ki, Mehriban Baxşıyeva, 2005-ci il iyulun 27-də Rusiyanın Tümen şəhərində anadan olub. Orada 9 saylı tam orta məktəbdə 9-cu sinifə qədər təhsil alıb. Sonra ailəsi Azərbaycana köçdüyü üçün 10-cu və 11-ci sinifi Xırdalan şəhərinin 2 sayı tam orta məktəbində (rus bölməsi) oxuyub. Arzusu peşakar rəssam olmaqdır.

Mehribanın rəsm dünyasına nəzər yetirməyə ilk olaraq onun anası Sevda xanımla söhbətlə başladıq. Sevda Balayeva dedi ki, Mehribanda rəssamlığa meyillilik gendən gəlir: “Əslində rəssamlığa meyillilik Mehribanda təsadüfən yaranmayıb. Bu genetikdir. Çünki qohumlarda da rəssam olanlar var. Sadəcə Mehribanı onlardan fərqləndirən onun rəssamlığın çətin sahələrindən biri olan qrafika rəssamlığı ilə məşğul olmasıdır”.

İlk rəsmi anasına həsr edilib

Sevda xanım onu da bildirdi ki, Mehribanın ilk dəfə rəsm çəkməyə meyilli olmasını baxça yaşında müşahidə ediblər: “Rusiyada baxçada ilk gündən hansı uşağın hansı sahəyə meyilli olmasını araşdırır, müşahidə aparırlar. Beləliklə, bu zaman Mehribanın rəsm çəkməyə həvəsinin olduğu üzə çıxdı. Həvəsi ona görə deyirəm ki, o zaman o sadəcə cızma-qara edirdi. Yəni bir baxça yaşlı uşağın çəkə biləcəyi kimi. Bununla belə düşündürücü cızma-qaralar idi”.

Mehriban və anası Sevda xanım
Mehriban və anası Sevda xanım

Mehribanın baxçada olanda çəkdiyi ilk rəsm isə anasına həsr edilib: “Deməli, Mehriban evimizi, səliqə-səhmanı və bir kənarda da ananın, yəni mənim, bütün işləri görüb, yorulub, oturduğunu təsvir etmişdi. Düzdür, bu peşəkar rəsm əsəri deyildi. Ancaq müəllimlər bu uşağın təxəyyülünün güclü olduğunu, nəsə çəkəndə düşündüyünü müəyyən etdilər”.

Məktəblilər arasındakı müxtəlif rəsm müsabiqələrinə qatılıb

Bundan sonra orta məktəb dövrü başlayıb. Mehriban deyir ki, orta məktəbdə məktəblilər arasındakı müxtəlif rəsm müsabiqələrinə qatılıb.

Mehirbanın məktəb illərində aldığı fəxri fərmanlar
Mehirbanın məktəb illərində aldığı fəxri fərmanlar

Əksəriyyətindən də mükafatla qayıdıb: “Artıq məni məktəbin rəssamı kimi qəbul etməyə başlamışdılar. Tez-tez məktəb üçün də rəsmlər çəkirdim. Bu da məni rəssamlıq sənətinə daha da bağlayırdı”.

Bu cür müsabiqələr tez-tez keçirilməlidir

Azərbaycanda hansısa müsabiqədə iştirakına gəlincə, Mehriban dedi ki, 2023-cü ildə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi çərçivəsində eyniadlı rəsm müsabiqəsi onun burada hələlik iştirak etdiyi yeganə müsabiqədir: “Biz həm anamla, həm də Təhminə müəllimlə məsləhətləşdik. Belə qərara gəldim ki, mən də müsabiqəyə sənət əsəri təqdim edim. Beləliklə, müsabiqdə iştirak etdim və finalçılardan biri oldum. Çəkdiyim Bozqurd rəsmi tədbirə gələn hər kəs tərəfindən maraqla qarşılanmışdı. Bu rəsmin yanında durub foto çəkdirirdilər. Bu isə məni daha da qürurlandırdı. Hesab edirəm ki, bu cür müsabiqələr tez-tez keçirilməlidir. Çünki bu cür müsabiqələr məktəblilər və gənclərə əlavə stimul verir”.

Mehribanın sulu boya texnikası ilə çəkdiyi ilk portret
Mehribanın sulu boya texnikası ilə çəkdiyi ilk portret

Öz növbəsində Sevda xanım dedi ki, Mehriban bu sərgidən sonra daha da ürəklənib, daha da həvəslənib və rəssamlığı seçdiyinə görə heç də təəssüflənmədiyini hər yerdə deyir.

Bozqurd türk dünyasının simvoludur

Müsabiqəyə niyə məhz Bozqurd rəsmi ilə qatılmağına gəlincə, Mehriban aşağıdakıları bildirdi: “Bu qərara anamla birlikdə gəldik. Mən Rusiyada anadan olsam da tariximizə, türk dünyası tarixinə yaxşı bələdəm. Onu da bilirəm ki əfsanəyə görə Bozqurd türklərin xilaskarı olub. Hazırda türk dünyasının dirşəlişinin müşahidə edildiyini nəzərə alıb, müsabiqəyə məhz Bozqurd rəsmi ilə qatıldım”.

Hər kəsin bəyəndiyi Bozqurd rəsmi
Hər kəsin bəyəndiyi Bozqurd rəsmi

Mehriban əlavə etdi ki, Bozqurdu mavi rəngin fonunda çəkib: “Mavi rəng də türklüyün rəngidir. Eyni zamanda səmada da uçan qartal təsvir etmişəm. Qartal da türklərdə ucalıq, əzəmət rəmzidir. Bir sözlə çalışdım ki, əsərim yaddaqalan olsun və hesab edirəm ki, buna nail oldum”.

Mehribanın ərsəyə gətirdiyi daha bir rəsm əsəri
Mehribanın ərsəyə gətirdiyi daha bir rəsm əsəri

Nəhayət, söhbətimiz sona yaxınlaşır. Mehribandan gələcək planları barədə soruşuruq. O, “təbii ki, ən böyük arzum peşəkar rəssam olmaqdır” deyir.

Sevda Balayeva: Mənim də bir ana kimi arzum budur ki…

Anası Sevda xanım isə “Mehribanı peşəkar rəssam kimi görmək mənim arzumdur. İnşaallah bu il onun ali məktəbə qəbul olacağını da əminəm. (Bu yer qəhərlənir) Mehriban fədakar qızdır. Eyni zamanda Mehriban olduqca diqqətcildir, məsuliyyətlidir və öz peşəsini sevir. Mənim də bir ana kimi arzum budur ki, günlərin birində Mehriban peşəkar rəssam kimi xalqına xidmət etsin və təkcə mən deyil, bütün Azərbaycan onunla fəxr etsin” sözlərini əlavə edir.

Number of View: 492