“Gənclər davamlı inkişaf üçün” düşərgəsi başa çatıb

Qusar rayonunda gənclərin fərdi inkişafına yönəlmiş “Gənclər davamlı inkişaf üçün” düşərgəsi başa çatıb. Düşərgə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.

İctimai Birlikdən verilən məlumata görə, 30-dan çox regiondan 100-ə yaxın gəncin iştirak etdiyi layihə 5 gün davam edib: “5 gün boyunca davam edən layihənin əsas məqsədi gənclərin inkişafına dəstək olmaqla onların ehtiyaclarının müəyyənləşdirilməsi və bu istiqamətdə fəaliyyətlərin təşkili, aktiv vətəndaşlığın təbliği, gənclərin qərar qəbulu prosesində rolunun artırılması, sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşdırılmasına nail olmaqdan ibarət olub”.

Məlumata görə, düşərgə müddətində “Layihələrin yazılması və idarəolunması”, “Təqdimat bacarıqları”, “Qeyri-formal təhsil metodları” və digər mövzular olmaqla müxtəlif istiqamətlərdə təlim sessiyaları keçirilib: “Bundan əlavə, proqram gənc iqlim elçilərinin iştirakı ilə “Regional iqlim həftələri’ çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədləri və onun tətbiq sahələri” ilə bağlı sessiyaları da əhatə edib. Həmçinin, iştirakçıların intellektual yarış turniri, müxtəlif komanda oyunları, və qrup işləri baş tutub, gənclər öz bilik və bacarıqlarını qeyri-formal təhsil metodları vasitəsilə təkmilləşdiriblər. Layihənin davamlılıq mərhələsində iştirakçılar öyrəndikləri bilik və təcrübələri yaşadıqları regionlarda təlim və görüş formatında digər gənclərlə bölüşəcəklər”.

Qeyd edilib ki, daha öncə “Gənclər davamlı inkişaf üçün” proqramının ilk mərhələsi Tovuz, ikinci mərhələsi Yardımlı rayonlarında təşkil olunub.

Number of View: 399