Nadir Azəri: Polisimizin hədəfə alınması, əslində, sabitliyimizin və müstəqilliyimizin hədəfə alınmasıdır
“Bu gün müstəqil Azərbaycan öz inkişafına görə dünyada nümunə təşkil edən ölkələrdən biridir. Ölkəmiz ötən 30 il ərzində bütün sahələrdə həyata keçirilən islahatlar, atılan davamlı addımlar nəticəsində böyük və mühüm inkişaf yolu keçib. Bunun da mərkəzində əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət dayanır”.
Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri deyib.
O, qeyd edib ki, əldə edilən uğurlar həm də Azərbaycandakı sabitlik amili ilə sıx bağlıdır: “Yəni bu bir həqiqətdir ki, hər hansı bir ölkədə inkişafı əsaslandıran amillərdən biri də məhz həmin ölkədə sabitliyin, vətəndaş həmrəyliynin olmasıdır. Bu baxımdan da Azərbaycan dünya üçün nümunə təşkil edir. Eyni zamanda bu sabitliyimizin kökündə dayanın 2 vacib amil var. Bunlardan birincisi Prezident-Xalq birliyi, ikincisi isə Azərbaycan polisinin canı, qanı bahasına, yüksək məsuliyyətlə sabitliyimizi qorumasıdır”.
Nadir Azəri, həmçinin “Bu gün çəkinmədən deyə bilərik ki, Azərbaycan polisi ötən illərdə ölkədə həm sabitliyin yüksək səviyyədə qorunmasında, həm Qarabağda düşmənlərə qarşı savaşda, həm də digər sahələrdə misilsiz qəhrəmanlıqlar göstərib. Biz ölkədə baş verən hansısa təbii fəlakət, o cümlədən COVID-19 pandemiyası ilə mübarizə zamanı da Azərbaycan polisinin necə böyük məsuliyyətlə öz işinin öhdəsindən gəldiyinin şahidi olmuşuq. Biz xoşbəxt xalq və dövlətik ki, məhz bu cür, vətəninə sadiq, öz işinin öhdəsindın layiqincə gələn, bu yolda canından belə keçən polisimiz var. Bir sözlə, Azərbaycan xalqı Azərbaycan polisi ilə fəxr edir” deyib.
İctimai Birlik sədri bir məqamı da təəssüf hissi ilə qeyd etməyi vacib sayıb: “Söhbət iyulun 2-də növbəti bayramını qeyd edəcək Azərbaycan polisinin daxili və xarici düşmənlərin hücumuna məruz qalmasından gedir. Azərbaycanın müstəqil siyasət yürütməsindən, Vətən savaşındakı zəfərimizdən yuxusu ərşəyə çəkilən xarici düşmənlərimiz daxildəki əlaltıları vasitəsilə Azərbaycan polisinə hədyanlar yağdırır. Polisimizə qarşı qarayaxma kampaniyası həyata keçirilir. Hesab edirəm ki, Azərbaycan ictimaiyyəti, o cümlədən QHT sektoru bu kampaniyaya qarşı qəti mövqe ortaya qoymalıdır. Çünki Azərbaycan polisinin hədəfə alınması, əslində, sabitliyimizin və müstəqilliyimizin hədəfə alınmasıdır. Çünki Azərbaycan polisini hədəfə alanlar ölkədə xaos, anarxiya mühitinin yaranmasını arzu edənlərdir. Buna isə qətiyyən yol vermək olmaz. Ona görə də düşmən qüvvələrdən bir tələbimiz olmalıdır – Azərbaycan polisindən əlinizi çəkin!”.
Number of View: 687