Yeni zamanın yeni tələbləri var

Azərbaycanın QHT sektoru azad Zəngilanda keçirilən ikigünlük Forumda işini bu tələblərə uyğun qurduğunu bəyan etdi

Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra regionda və dünyada qəbul edilməsi qaçılmaz olan yeni reallıq yaradıb. Hazırda yaxın və uzaq ölkələr bu reallığı qəbul etmədən, regionun gələcək inkişafında yer ala bilməyəcəklərini yaxşı bilirlər.

Vətən müharibəsindən sonra ölkə daxilində də yeni reallıqlar yaranıb. Özü də bütün sahələri əhatə edən reallıqlar. İndi ölkənin bütün sektorunun təmsilçiləri öz fəaliyyətlərini məhz bu reallıqlar əsasında qururlar. Çəkinmədən deyərdim ki, rəhbərlik etdiyim “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin də təmsil olunduğu QHT sektoru da bu sahədə öz fəallığı, səmərəli addımları ilə fərqlənir.

Elə 24-25 iyun tarixlərində azad edilmiş ərazilərdə ilk dəfə keçirilın QHT forumu da deyilənləri bir daha təsdiqlədi.

Zəngilan rayonundakı Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” həm ümumi çıxışlar, həm də bir-birindən maraqlı panel iclasları (“Azərbaycan QHT-ləri: nəticələr və hədəflər”, “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı”) ilə yadda qaldı.

200-dək QHT təmsilçisinin qatıldığı Forumu ümumi bu cür dəyərləndirə bilərik: Yeni zamanın yeni tələbləri var və Azərbaycanın QHT forumu öz fəaliyyətini bu tələblərə uyğun quraraq, dövlət başçısının yanında olduğunu bəyan edir!

Nadir Azəri

CASCFEN sədri

Number of View: 610