Yenicag.az saytı 17 yaşında

Bu gün Azərbaycanın ilk xəbər portallarından olan Yenicag.az saytının 17 yaşı tamam olur.

2006-cı il fevralın 1-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən “Yeni Çağ” qəzetinin rəsmi səhifəsi kimi fəaliyyət göstərən, həmçinin “Yeni Çağ” Media Qrupunun lokomotivi olan Yenicag.az saytı 2007-ci il sentyabrın 5-də fəaliyyətə başlayıb.

Məlumat üçün bildirək ki, “Yeni Çağ” Media Qrupuna “Terrorun gülən üzü” və “Səssiz İşğal” araşdırma kitablarının müəllifi, CASCFEN-in İdarə Heyətinin üzvü, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Türk İnternet Media Birliyinin İdarə Heyətinin üzvü və Xarici Əlaqələr Şurasının sədri Aqil Ələsgər rəhbərlik edir.

Beləliklə, fəaliyyəti dövründə Azərbaycan və türk dünyasına xidməti başlıca prinsip olaraq qəbul edən sayt Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında olan yeniliklərlə yanaşı, dünyada baş verən maraqlı xəbərləri də operativ və obyektiv qaydada oxuculara çatdırır.

Məlumat üçün bildirək ki, 2016-cı ilin dekabrından etibarən fəaliyyətini genişləndirən Yenicag.az-ın türk (Yenicag.info) və rus (novayaepoxa.com) dillərində əlavə versiyaları da fəaliyyətə başlayıb. 2018-ci ildən etibarən Media Qrupunun Yenicag.tv video portalı da fəaliyyət göstərir.

2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvü olan Yenicag.az ölkədə və ölkə xaricində həyata keçirilən beynəlxalq media layihələrində yaxından iştirak edir. Avropa, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Rusiya, Moldova, Qırğızıstan, Pakistan, İraq, Quzey Kıbrıs və digər ölkələrin qabaqcıl media qurumları ilə əməkdaşlıq edən “Yeni Çağ” Media Qrupu 44 günlük Vətən müharibəsi zamanı bu əlaqələrindən informasiya savaşında maksimum istifadə edib, Qarabağ həqiqətlərinin operativ şəkildə çatdırılmasında mühüm rol oynayan xəbər portallarından olub.

Saytdan aldığımız məlumata görə, Yenicag.az həmçinin yeni və aktual layihələr üzərində işləyir.

Qeyd edildiyi kimi “Yeni Çağ” Media Qrupuna hazırda Yenicag.az (Azərbaycan), Yenicag.ru (rus), Yenicag.info (türk) və Yenicag.tv domenləri daxildir. Beynəlxalq reytinq şəbəkələrində qabaqcıl yerləri tutan Yenicag.az ayda 2 milyona yaxın internet istifadəçisi tərəfindən ziyarət edilir. Saytın aylıq səhifələnməsi 5-6 milyon arasındadır.

CASCFEN ailəsi olaraq Yenicag.az-ın rəhbərliyini və əməkdaşlarını təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Number of View: 26208