Naxçıvanda müasir türk birliyinin tarixindən bəhs edilib

CASCFEN “Müasir türk birliyinin kommunikasiya əsasları” layihəsi çərçivəsində Muxtar Respublikada “Müasir türk biliyinə açılan qapı – Naxçıvan Sazişi” adlı konfrans təşkil edib

Xəbər verildiyi kimi, oktyabrın 3-də Naxçıvanda “Müasir türk birliyinin kommunikasiya əsasları” layihəsi çərçivəsində “Müasir türk birliyinə açılan qapı -Naxçıvan Sazişi” adlı konfrans keçirilib.

Konfransdan öncə Türkiyədən və Bakıdan olan qonaqlar, həmçinin Naxçıvan ictimaiyyətinin nümayəndələri Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər qərənfillər qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra Naxçıvandakı Heydər Əliyev Muzeyində eksponatlara baxış keçirilib.

Naxçıvan Şəhidlər Xiyabanı və Türk Şəhidliyi ziyarət edildikdən sonra konfrans öz işinə başlayıb.

Nadir Azəri: Sevindirici haldır ki, 15 illik yubiley həm də Naxçıvanın Muxtariyyatının 100 illiyinə təsadüf edir

Türkiyədən qonaqların, həmçinin Naxçıvandan rəsmi şəxslərin, Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş konsulu Asip Kaya və konsulluğun digər təmsilçilərinin iştirakı ilə keçirilən konfransı giriş sözü ilə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri, Əməkdar jurnalist Nadir Azəri açıb.

O, qeyd edib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə kiçik qrant müsabiqəsinin qalibi olan CASCFEN “Müasir türk birliyinin kommunikasiya əsasları” adlı layihənin icrasını davam etdirir: “Bu konfrans da məhz layihə çərçivəsində keçirilir. Düz 15 il öncə bu tarixi diyarda, Naxçıvanda imzalanan Sazişlə müasir türk birliyinin hüquqi əsası qoyuldu. Sevindirici haldır ki, 15 illik yubiley həm də gözəl Naxçıvanın Muxtariyyatının 100 illiyinə təsadüf edir. İcazə verin bu layihəyə dəstəyə görə Azərbaycan dövlətinə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, o cümlədən bizə xüsisi diqqət və qayğıya görə Naxçıvan Təhsil Nazirliyinə, Gənclər Fonduna, Naxçıvan Müəlimlər İnstitutuna təşəkkür edim. Var olun. Əminəm ki, bu layihəmiz cənab Prezident İlham Əliyevin “Bizim ailəmiz türk dünyasıdır” çağırışına bir dəstək xarakteri daşıyacaq və uzun müddət yadda qalacaq”.

Sonra ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, həmçinin türk dünyası şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni və Türkiyənin İstiqlal Marşı oxunub.

Ruhəngiz Əliyeva: Bu birliyə heç də asanlıqla nail olunmayıb

Daha sonra konfrans layihə üzrə ekspert, Pedaqogika üzrə fəlsəfə doktoru, Naxçıvan Müəllimlər İnstitutunun dosenti Ruhəngiz Əliyevanın moderatorluğu ilə davam edib.

Ruhəngiz Əliyeva bildirib ki, Türk dünyası getdikcə daha da sıx inteqrasiya edir: “Lakin bu birliyə heç də asanlıqla nail olunmayıb. Bəlli olduğu kimi bu birliyə nail olunması üçün türk dövlətlərinin rəhbərləri inanılmaz qətiyyət göstərib, fədakarlıqlar ediblər. Elə 15 il öncə, 2009-cu il oktyabrın 3-də Naxçıvan Sazişi də bu fədakarlıq nəticəsində imzalanıb”.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Xalq Artisti Polad Bülbüloğlunun və parlamentin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədir Fazil Mustafanın konfransa ünvanladıqları təbrik məktubları oxunduqdan sonra tədbir işini çıxışlarla davam etdirib.

Baş Konsul Asip Kaya: Müasir dövrdə güclü olmaq və güclü dostlara sahib olmaq çox önəmlidir

Çıxış edən Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya Naxçıvan Sazişinin önəminə toxunmaqla yanaşı, müasir türk birliyinin təməlinin qoyulmasında və inkişaf etdirilməsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərindən də bəhs edib.

Baş konsul Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirib.

Türk dünyasının güclü olması və inkişafının birlikdən keçdiyini söyləyən A.Kaya “Müasir dövrdə güclü olmaq və güclü dostlara sahib olmaq çox önəmlidir. Bu baxımdan türk dünyasının, Türk Dövlətləri Təşkilatının gələcəyi parlaqdır” deyə əlavə edib.

Azad Novruzov: Gənclər türk dünyasının tarixini dərindən öyrənməlidirlər

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, Naxçıvan Ali Məclisinin deputatı Azad Novruzov bildirib ki, oktyabrn 3-ü türk dünyasının tarixinə qızıl hərflərlə yazılıb.

O, qeyd edib ki, Türkiyə və Azərbaycan gənclərinin timsalında bunu bütün türk dünyasının gəncləri bu tarixi bilməlidirlər: “Gənclər türk dünyasının tarixini dərindən öyrənməlidirlər. Bu yolda bizlərin üzərinə daha böyük məsuliyyət düşür”.

Dr. Yücel Karauz: Gənclər, tariximizi dərindən öyrənin, dost kim, düşmən kim, yaxşı bilin

Türkiyənin Azərbaycandakı keçmiş hərbi ataşesi Dr. Yücel Karauz çıxış edərək Naxçıvan Sazişinin əhəmiyyətindən, müasir türk birliyinin güclənməsində Azərbaycanın oynadığı roldan bəhs edib.

O, belə bir layihənin həyata keçirilməsinin türk dünyasının gəncliyinin tariximizi daha dərindən bilməsi üçün dəstək olduğunu da qeyd edib: “Mən bu konfransda iştirak edən gənclərin timsalında türk dünyası gənclərinə səslənirəm və “gənclər, tarixinizi dərindən öyrənin, dost kim, düşmən kim yaxşı bilin. Çünki türk dünyasının gələcəyinin necə olması sizlərdən aslıdır” deyirəm”.

Konfransda həmçinin Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçın və Türkiyənin Milli Savunma Universiteti Kara Harp Okulunun dekanı Doç. Dr İbrahim Etem Atnurun videoçıxşları dinlənilib.

Qaliblər mükafatlandırılıb

Sonda layihə çərçivəsində Naxçıvan məktəbliləri arasında mövzu ilə bağlı keçirilən fərdi inşa yazı müsabiqəsinin 10 finalçısı və üç qalibi mükafatlandırılıb.

Həmçinin konfransa dəstək verən şəxslərə plaket və təşəkkürnamə təqdim edilib.

Sonda xatirə fotosu çəkilib.

Number of View: 9383