Nadir Azəri: Bu seçkilərdən sonra formalaşacaq parlamentin üzərinə tarixi missiya düşür

“Azərbaycan daha bir tarixi gün yaşadı. Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirildi. Bu seçkiləri tarix edən o idi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə bütün ölkə ərazisində, o cümlədən azad Qarabağda və Şərqi Zəngəzurda da xalq səsvermədə iştirak etdi. Yəni bu seçkilərdə ilk dəfə olaraq bütöv Azərbaycanda keçirilən səsvermə nəticəsində parlament formalaşacaq”.
Bunu SİA-ya açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri deyib.

Onun sözlərinə görə, xalq da bu seçkilərdə öz tarixi missiyasını uğurla və mütəşəkkil şəkildə yerinə yetirdi: “Biz “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasının müşahidəçisi kimi seçkilərin gedişini azad Şuşada, Xankəndidə və Xocalıda izlədik. Xalqın necə mütəşəkkil şəkildə seçki məntəqələrinə gəldiyini və öz səsvermə hüququndan istifadə etdiyini görmək hər kəsdə qürur yaradırdı. Onu da deyim ki, seçki məntəqlərində də istər səsvermənin demokratik və şəffa keçirilməsi, istərsə də xarici və yerli müşahidəçilərin prosesi izləməsi üçün bütün lazımi şərait yaradılmışdı”.

Nadir Azəri onu da bildirib ki, bu seçkilər Azərbaycanın demokratik seçki ənənəsində növbəti uğurlu addım oldu: “Hesab edirəm ki, bu seçkilərdən sonra formalaşacaq parlamentin üzərinə də tarixi missiya düşür. Yeni parlament yeni, qalib Azərbaycanın yeni qanunvericilik bazasını formalaşdırmalıdır”.

Number of View: 597