Uşaq vaxtı atasının çəkdiyi rəsmlərdən ilhamlanan Əminə Camal xaricdə təhsil aldıqdan sonra Azərbaycana xidmət etməyi hədəfləyib
Məlum olduğu kimi 2023-cü ildə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi çərçivəsində eyniadlı rəsm müsabiqəsi keçirdi. Məktəbli və gənclər arasında keçirilən bu müsabiqəyə maraqlı və tarixi önəm kəsb etməsi ilə yaddaqalan əsərlər təqdim edildi. Onu da xatırladaq ki, həmin vaxt çəkilən əsərlərlə yanaşı, iştirakçıların da öz yaşlarına görə fitri istedada malik olduqlarını gördük və qərara gəldik ki, ilk üç yeri tutanlar haqqında müxtəlif media orqanlarında yazılar, ümumilikdə bütün iştirakçılar barədə isə təşkilatın saytında tanıtım yazıları verək.
Beləliklə, finalçılardan biri Əminə Camalın (Əminə Amil qızı Camaləddinova) rəsm dünyası ilə oxucuları da tanış edirik.
Məlumat üçün bildirək ki, Əminə Camal 2004-cü ildə Sumqayıt şəhərində anadan olub. 2010-cu ildə 4 nömrəli tam orta məktəbə daxil olub və 2019-cu ildə həmin məktəbi bitirib. Həmin il ADNSU nəzdində olan kollecə daxil olub. Rəssamlığa hələ uşaq yaşlarından meyli olan Əminə 2023-cü ildə Rəssamlıq Akademiyasının rəngkarlıq ixtisasına qəbul olub.
Beləliklə, onun özünü dinlyək: “Rəsm çəkməyə uşaq yaşlarımdan həvəsim olub. Bu həvəsin oyanmasına səbəb isə atam Amil Camaləddinov olub. Qeyd edim ki, atam da həvəskar şəkildə rəssamlıqla məşğul olub”.
Atası Amil Camaləddinov: Gördük ki, Əminə rəssam olmaq niyyətindədir
Bu yerdə söhbətə atası Amil bəy qoşulur: “Düzü heç ağlıma da gəlməzdi ki, Əminə nə vaxtsa rəssam olacaq. Düzdür mədəniyyət sahəsinə getməsinə arzu edirdi. Hətta pianino müəlliminin yanında hazırlığa qoymuşduq. Amma görünür qismət belə imiş ki, Əminə də rəssam olacaq”.
Amil bəy deyir ki, uşaq yaşlarından atasna baxıb cızma-qara edən Əminə zaman keçdikcə bu sənətə daha çox bağlanıb və 2018-ci ildə ailə bu qərara gəlir ki, onu rəsm müəllimin yanında hazırlığa qoysunlar: “2018-ci ildə artıq tam mənada hiss etdik ki, Əminənin rəssamlığa meyli daha çoxdur. Eyni zamanda onun çəkdiyi rəsmləri görən dostlar, qohumlar da bizə Əminənin gözəl rəssam ola biləcəyini deyirdilər. Biz də bir valideyn olaraq ona dəstək verdik. Tanınmış rəssamlarımızdan Bayram Qasımxanlının yanında hazırlaşdı, onun dəsti-xəttini götürdü və bu gün artıq müəyyən uğurlar qazanıb”.
Arzuların reallaşması üçün özünə inanmalısan
Yeri gəlmişkən, Əminə deyir ki, həyatda heç bir sahə, heç bir peşə asanlıqla öyrənilmir: “Bunun üçün əvvəla, həmin sahəyə sevgin, o sahə ilə bağlı azacıq da olsa bacarığın və təbii ki, özünı inamın olmalıdır. Belə deyim ki, arzularının reallaşması üçün özünə inanmalısan. Sonra isə bu inamın gerçəkliyə çevrilməsi üçün əzmlə çalışmalısan. Mən rəssamlıqla məşğul olmaq istəyənlərə məhz bunu tövsiyə edərdim. Çünki mən özümə inandım və ailəmin də dəstəyi arxamda oldu. Bu gün artıq Rəssamlıq Akademiyasının rəngkarlıq ixtisasında təhsil alıram”.
Əminə Camal: İştirak etdiyi sərgi və müsabiqələrin ana xəttini vətənpərvərlik, vətənə bağlılıq təşkil edib
Bu günə kimi bir çox müsabiqələrdə iştirak edən Əmin deyir ki, iştirak etdiyi sərgi və müsabiqələrin ana xəttini vətənpərvərlik, torpağa, vətənə, millətə bağlılıq təşkil edib: “Təbii ki, bu müsabiqələrin hamsının sadalayıb dəyərli oxucularınızı yormaq istəmirəm. Sadəcə onlardan bir necəsini xatırlatmaq istəyirəm. 2021-ci və 2022-ci ildə Gürcüstanda vətənpərvərlik mövzusuna həsr edilmiş sərgilərdə uğurla iştirak etmişəm. Həmçinin 2021-ci ildə İzmirdə keçirilən və rəssam Ülkər Əbülfətin layihə rəhbəri olduğu “Yenilməz qardaşlıq” adlı rəsmi sərgisinə 4 əsərimlə qatılmışdım. Hər iki ölkənin yüksək rütbəli təmsilçiləri sərgimizə baxış keçirdilər. Sərgi çərçivəsində İzmirdə rəhbər qurumlarda görüşlərimiz oldu. Hesab edirəm ki, bu cür sərgilər iki qardaş ölkə arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edir. Ona görə də bu cür mədəni tədbirlər davamlı olaraq keçirilməlidir”.
Əminə, həmçinin “Bu günə kimi yaradıcılığımda yaddaqalan tədbirlərin içərisində 2023-cü ilin dekabrında hörmətli Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Ürəkdən ürəyə “adlı sərgi-tədbiri xüsusi qeyd etmək istəyirəm. Bu sərgiyə “Gözəl guşəmiz -Quba”əsərimlə qatılmışdım” dedi.
“Bu cür müsabiqələr bizim həm də bir vətəndaş kimi daha da yetişkin böyüməyimizə dəstək olur”
Sözlərinə davam edən Əminə daha sonra aşağıdakıları qeyd etdi: “Təbii ki, ötən il keçirilən “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi çərçivəsində eyniadlı rəsm müsabiqəsini də qeyd etməliyəm. Bu müsabiqə də həyatımızda dərin biz iz buraxacaq. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan müsabiqənin finalçıları arasında olmaq qürurvericidir. Həmin müsabiqədə “Xudafərin körpüsü” əsəri ilə iştirak etdim. Müsabiqədə kimin hansı yeri tutmasından asılı olmayaraq hesab edirəm ki dövlətə, türk dünyasına, Azərbaycana, ən əsası isə Ulu Öndərə həsr edilən bu cür müsabiqələr bizim həm də bir vətəndaş kimi daha da yetişkin böyüməyimizə dəstək olur. Ona görə də bu müsabiqənin keçirilməsinə görə təşkilatçılara minnətdarlıq edirəm”.
Bu sahədə ölkəmizdə peşəkar rəssamlara ehtiyac daha çoxdur
Nəhayət, gəlirik söhbətin sonuna və ənənəvi olaraq Əminədən də gələcək planları barədə soruşuruq. Məlum olur ki, onun hədəfləri böyükdür: “Teatr rəssamı olmaq istəyirəm. Düşünürəm ki bu sahədə ölkəmizdə peşəkar rəssamlara ehtiyac daha çoxdur və getdikcə bu ehtiyac bir qədər də artır. Çünki bu sahəyə gələnlərin sayı barmaqla sayılacaq qədərdir. Ona görə də xarici ölkələrdə təhsilimi davam etdirib, daha da peşəkar bir teatr rəssam kimi vətənimə dönmək və burada Azərbaycana xidmət etmək istəyirəm”.
“Hər bir valideyn övladının peşəkar cəhətdən inkişafı üçün, gələcəyi üçün fədakarlıqlar etməlidir”
Bu yerdə atası yenə müdaxilə edir: “Təbii ki hər bir valideyn övladının peşəkar cəhətdən inkişafı üçün, gələcəyi üçün fədakarlıqlar etməlidir. Bizim də fədakarlığımız budur ki, Əminə hansı ölkəni seçərsə, harda təhsil almaq istəyərsə, ona sonuna qədər dəstək olaq. Yetər ki dövlətinə, xalqına yararlı bir vətəndaş olsun. Hə, onu da istina etmirik ki, gələcəkdə ola bilər, təkliflər gəlsin və Əminə bir az da özünü gəlişdirmək üçün xarici ölkələrdə də fəaliyyət göstərə bilər. Bununla belə hesab edirəm ki, bu fəaliyyət müvəqqəti olacaq. Yəni bizim- Əminənin də, mənim də ümumi arzumuz, amalımız Azərbaycana xidmət etməkdir”.
Number of View: 680