Lalə Həşimova: Biz özümüzü, kimliyimizi həm də mədəniyyətimiz, müsiqimiz və xalçalarımızla tanımışıq
Məlum olduğu kimi 2023-cü ildə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi çərçivəsində eyniadlı rəsm müsabiqəsi keçirdi. Məktəbli və gənclər arasında keçirilən bu müsabiqəyə maraqlı və tarixi önəm kəsb etməsi ilə yaddaqalan əsərlər təqdim edildi. Həmin əsərlərdən birinin müəllifi də müsabiqədə 3 üçuncü yerdən birini tutan Lalə Həşimovadır. Lalənin çəkdiyi “Türk mədəniyyəti” əsəri münsiflər tərəfindən ən çox bəyənilən əsərlər sırasında oldu.
Onu da xatırladaq ki, həmin vaxt çəkilən əsərlərlə yanaşı, iştirakçıların da öz yaşlarına görə fitri istedada malik olduqlarını gördük və qərara gəldik ki, ilk üç yeri tutanlar haqqında müxtəlif media orqanlarında yazılar, ümumilikdə bütün iştirakçılar barədə isə təşkilatın saytında tanıtım yazıları verək.
Beləliklə, növbəti həmsöhbətimiz müsabiqədə üç üçüncü yerdən birini tutan və hələ kiçik yaşlarından rəsm çəkən Lalə Rəşad qızı Həşimovadır.
3 yaşından rəsm çəkməyə başlamışam
Məlumat üçün bildirək ki, Lalənin çəkdiyi “Türk mədəniyyəti” adlı əsər türk xalqlarının mədəni mirası barədə epizodları özündə cəm etməsi ilə xüsusi rəğbət qazanmışdı. Bu barədə bir qədər sonra ətraflı bilgi verəcəyik.
Hələlik isə qeyd edək ki, Lalə Rəşad qızı Həşimova 2010- cu il mayın 29-da Bakı şəhəri Biləcəri qəsəbəsində anadan olub. 2016 cı il Emin Əliyev adına 297 saylı tam orta məktəbin 1-ci sinifinə gedib. Hal-hazırda 8-ci sinifdə oxuyur.
Bizimlə söhbətində Lalə dedi ki, “ 3-4 yaşımdan rəsm çəkməyə başlamışam. 12 yaşımdan isə artıq rəsm kursuna gedirəm”.
Dünyanın harasında bir türk varsa…
Müsabiqəyə qatıldığı əsərə gəlincə, Lalə bu mövzunu seçməsinin heç də təsadüfi olmadığını bildirdi: “Müsabiqəyə türk dövlətlərinin bayraq və milli musiqi alətlərinin xalça üzərində əks olunduğu əsərlə qatıldım. Bu mövzunu seçmək öz ideyam idi. Sual etsəniz ki, niyə məhz bu əsər, cavabım budur ki, biz özümüzü, kimliyimizi həm də mədəniyyətimiz, müsiqimiz və xalçalarımızla tanımışıq. Yəni dünyanın harasında bir türk varsa siz onun evində ya qədim xalşa, yaxud musiqi alətinə aidə nəsə bir şey görərsiniz. Çünki bunlar bizim türklük ruhumuzu özündə yaşadır”.
Sözlərinə davam edən Lalə “Xalça və musiqi alətlərinin bayraqlar üzərində təqdim edilməsi də təsadüfi deyil. Mən düşündüm ki, gələcəkdə bu əsər haradasa nümayiş etdirilə bilər. O zaman tamaşaçı hansı musiqi alətinin hansı türk xalqına məxsus olduğunu bilməkdə çətinlik çəkməsin” dedi.
Bu uğur mənə əlavə stimul verdi
Lalə söhbət zamanı müsabiqənin onun gələcəkdə peşəkar bir rəssam kimi yetişməsində önəmli rol oynadığını da bildirdi: “Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu, mənim qatıldığım ilk müsabiqə idi. Nəticədə də qaliblərdən biri oldum. Əsərimin müsabiqədə üçüncü yeri tutması məni çox sevindirdi. Bu uğur həm də mənə əlavə stimul verdi. Qaliblərdən biri olduğum üçün çox xoşbəxtəm.
Təbii ki, bu uğura nail olmaqda mənə hər zaman dəstək verən valideynlərimə, xüsusilə də sənət müəllimim Təhminə Əliyə dərin minnətdarlıq edirəm. Heç şübhəsiz ki, bu cür gözəl tədbirlərin təşkilatçılarına, xüsusilə də QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinə xüsusi təşəkkür edirəm. Məhz bu müsabiqədə qalib gələndən sonra məktəbdə məhşur oldum. Bu da çox sevincverici hissdir”.
Babam mənim üçün ilham mənbəyidir
Yuxarıda qeyd etdik ki, Lalə təxminən 3-4 yaşında rəsm çəkməyə başlayıb. Bu zaman isə onun ilham mənbəyi ata babası Aslan Həşimov olub. Bunu da bizə Lalənin anası Şəhla xanım dedi.
Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət PedaqojiUniversitetinin Təsviri incəsənət kafedrasının baş müəllimi olan Aslan Həşimov Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvüdür. Bir neçə dərs vəsaitinin müəllifi, çoxlu sayda beynəlxalq və respublika səviyyəli sərgilərin iştirakçısı olan Aslan müəllim həm də Lalənin bu sənətə gəlməsinə belə deyək ki, vəsilə olub.
Anasının sözlərinə əlavə olaraq Lalə “Nəslimizdə rəsm çəkən insanlar çoxdur. Amma onlar, belə deyək ki, həvəskardırlar. Aslan babam isə peşakar rəssamdır. Elə mənə də rəsm çəkməkdə məhz babam nümunə olub. Babam mənim üçün ilham mənbəyidir. Uşaqlıdan ona baxa-baxa mən də cızma-qaralar etməyə başlamışam. Bu gün isə artıq hər dəfə müsabiqələrdə, sərgilərdə iştirk edəndən sonra sevincimi ilk olaraq babamla bölüşürəm” dedi.
Bu istəyin reallaşması üçün var gücümlə çalışıram
Sonda onu da vurğulayaq ki, Lalə peşəkar rəssam olmaq üçün daha da əzmlə çalışmaqda israrlıdır. Yenə də onun özünü dinləyək: “Elə uşaq yaşlarımdan bu sənətə marağım oldu və gələcəkdə də peşəkar rəssam kimi tanınmaq, bu sahədə məhşurlaşmaq istəyirəm. Özü də təkcə istəmirəm, bu istəyin reallaşması üçün var gücümlə çalışıram. Çünki öz doğma vətənimə xidmət etmək əsas amalımdır”.
Number of View: 951