QHT sədri: “Azərbaycan dövləti təhlükəsizlik adası kimi inkişaf edir”

“Müasir dünyamız daha çox qanlı münaqişələr və hərbi toqquşmalarla diqqət mərkəzindədir. Bu fikirlərin heç də əsassız olmadığını sübut etmək üçün dərin təhlilə ehtiyac yoxdur”.

Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri QHT.az-a bildirib. Onun sözlərinə görə, hazırda dünya düzəni əsasən Rusiya-Ukrayna müharibəsi, üçüncü dünya müharibəsinin başlanğıcı kimi xarakterizə edilən İran-İsrail müharibəsi, o cümlədən Afrikada cərəyan edən qlobal hərbi gərginliklər məngənəsindədir: “Təbii ki, bu proseslər Azərbaycan dövlətinə və xalqına da təsirsiz ötüşmür. Bununla belə məmuniyyətlə qeyd edə bilərik ki, baş verən məlum qarşıdurma və müharibələr fonunda Azərbaycan dövləti təhlükəsizlik adası kimi inkişaf edir. Bunun da kökündə Prezident İlham Əliyevin uğurlu siyasəti, uzaqgörənliliyi dayanır”.

İctimai Birlik sədri qeyd edib ki, məhz cənab İlham Əliyevin müdrikliklə və qətiyyətlə reallaşdırdığı siyasət nəticəsində Qarabağ probleminin həll edilməsi Azərbaycanın təhlükəsizliyini daha da möhkəmləndirib: “Onud a xüsusi olaraq vurğulayaq ki, bu gün Azərbaycan regionda sabitləşdirici faktor kimi çıxış edir. Ölkəmiz eyni zamanda Güney Qafqazın da döyüş arenasına, yenidən qanlı münaqişələr ocağına çevrilməsi planlarına qarşı qətiyyətli mübarizə aparır. Yəni bu gün bəlli xarici güclərin regionda reallaşdırmaq istədikləri məkrli planlarda vasitə rolunda çıxış edən Ermənistandan fərqli olaraq Azərbaycan Güney Qafqazın sabit, vahid və bölünməz qalması, Batının müstəmləkə zehniyyətli dairələrinin təsiri altına düşməməsi üçün çalışır ”.

Number of View: 1182