“Bu bir həqiqətdir ki, Azərbaycanda şəhid ailələri, müharibə əlilləri, qazilər, o cümlədən Vətən müharibəsi iştirakçıları daim ön sırada tutulur. O cümlədən Prezident İlham Əliyevin tapşırığı ilə şəhid olan qəhrəmanların ailələri, müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyata keçirilir”.
Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Əməkdar Jurnalist Nadir Azəri deyib.
Onun sözlərinə görə, Azərbaycan dövləti şəhid ailələri, qazilər, müharibə veteranları, ümumiyyətlə imtiyazlı təbəqə üçün mümkün olan hər şeyi edir: “Xatırladım ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün dövlət proqramı təsdiqlənib. Nəticədə postmüharibə dövründə bu kateqoriyadan olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. Şəhid ailələri və müharibə əlillərinə 3850 mənzil, o cümlədən, müharibə əlillərinə 264 avtomobil təqdim edilib. Ümumilikdə ötən dövrdə 12850 imtiyazlı şəxs mənzil və ya fərdi evlə, 7500 müharibə əlili avtomobillə təmin edilib”.
N.Azəri deyib ki, qazilərin sağlamlığının qorunması, onların müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi üçün də çox mühüm addımlar atılır: “Təbii ki, sosial-psixoloji xidmətlərin göstərilməsini də bu işlərə əlavə etmək olar. Statistik məlumatlara əsasən, bu tədbirlərin tərkib hissəsi kimi postmüharibə dövründə 11 min nəfərə 34 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti, o cümlədən 2554 nəfərə reabilitasiya müəssisələrində xidmətlər göstərilib. I və II Qarabağ müharibəsi əlillərindən ibarət 352 şəxsə 367 yüksək texnologiyalı müasir protezlər verilib. 1605 müharibə əlili 25 min reabilitasiya vasitəsi ilə təmin olunub, 3 minədək ailənin üzvlərinə psixoloji dəstək göstərilib”.
Bildirilib ki, eyni zamanda 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə veteranlarından ibarət 101 min şəxsə 113 min aylıq sosial ödəniş (pensiya, müavinət, təqaüd) təyinatı aparılıb, 2 minə yaxın şəxsə sığorta ödənişi edilib. 13400 şəhid ailəsi üzvü və müharibə veteranı aktiv məşğulluq proqramlarına, o cümlədən 8 minədək şəxs özünüməşğulluq proqramına cəlb olunub.
“Təbii ki, sadalananlar görülən işlərin yalnız bir qismidir. Lakin elə bunları xatırlatmaq da real mənzərini ortaya qoyur. Daha dəqiq desək, qazilərə və şəhid ailələrinə dövlət dəstəyi, onların Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olması, problemlərinin həll edilməsi bir daha dövlətimizin bu kateqoriyadan olan insanlara qayğısını əyani şəkildə nümayiş etdirir. Lakin mən bir məqamı da qeyd etmək istəyirəm. O məqam qeyri-hökumət təşkilatlarının sözügedən sahədəki fəaliyyəti ilə bağlıdır”, – deyə N.Azəri bildirib.
Onun sözlərinə görə, QHT-lər də dövlətin gördüyü işlərə dəstək olmalı, həmçinin, müvafiq təşəbbüslərlə çıxış etməlidirlər: “Təəssüflər olsun ki, bəzən cəmiyyətdə belə bir fikir hakim olur ki, hər şeyi dövlət etməlidir. Halbuki bu düzgün yanaşma deyil. İstənilən sahədə uğur qazanmağın yolu həm də ictimaiyyətin, o cümlədən QHT sektorunun dövlətə dəstəyindən keçir. Bu baxımdan, hesab edirəm ki, şəhid ailələrindən olan uşaqların, o cümlədən qazilərin övladlarının asudə vaxtlarının səmərəli keçirilməsi üçün QHT-lər tərəfindən müvafiq layihələr reallaşdırıla bilər. Yəni, biz QHT sektorunun təmsilçiləri gələcəkdə qrant layihələrinin hazırlanması zamanı bu sahələri xüsusi olaraq diqqətdə saxlamalıyıq. Bu gün dövlət şəhid ailələri və qazilərin problemlərinin həlli üçün davaml addımlar atırsa, biz də şəhid və qazi övladları üçün bir şeylər etməli, səmərəli fəaliyyət həyata keçirməliyik”.
“Mən həm də jurnalist olduğum üçün mövzu ilə bağlı bir yaralı məqama da toxunmaq istəyirəm. Söhbət bəzi həmkarlarımızın, o cümlədən KİV-lərin məsələyə yanaşmasından gedir. Heç şübhəsiz ki, nə qədər işlər görülsə də, şəhid ailələri və qazilərin müəyyın problemləri zaman-zaman ortaya çıxır. Təəssüflər olsun ki, bəzən biz KİV-də şəhid, qazi məsələsinə, onlarını probleminə yanaşmada “oxucu tutmaq”, “IP toplamaq”, “sensasiya yaratmaq” kimi meyillərin önə çıxdığının şahidi oluruq. Bu cür yanaşma isə şəhid ailələrinin və qazilərin problemlərinin həllinə dəstək olmaqdansa, onları daha da çıxılmaz duruma salmış olur. Mənim yanaşmam odur ki, məsələni ictimaiyyətləşdirməkdən daha çox, onun həllinə diqqət ayrımalıyıq. Bəlkə də hansısa bir problem barədə yazmaq yox, onun həlli üçün müvafiq qurumlara müraciət etmək probelmin daha operativ həllinə yardım ola bilər. Odur ki, mən yaradılan imkandan istifadə edərək bəzi KİV-lərə və KİV təmsilçilərinə müraciət edirəm ki, şəhid ailəsi və qazilərlə bağlı məsələdə həssas olmalı, onların məsələsinə yanaşmada hansısa sensasiya dalınca qaçmamalıyıq”, -deyə N.Azəri sonda əlavə edib.
Ə.Məhəmmədoğlu
Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihə çərçivəsində hazırlanmışdır.