QHT sədri: BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrasına görə Müzəffər Ali Baş Komandanımıza minnətdar olmalıdır

Ermənistan rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələrinin oktyabrın 27-28-də mülki əhalinin sıx yaşadığı Bərdə şəhərinə raketlər atılıb, nəticədə 25 nəfər həlak olub, 80-dən çox dinc sakin yaralanıb, çoxsaylı yaşayış evləri və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

1949-cu il Cenevrə Konvensiyasında və ona əlavə olunmuş ikinci Protokolda dinc əhalinin və ayrı-ayrı mülki şəxslərin hücuma məruz qalmasının yolverilməzliyi ilə bağlı norma və prinsiplər müəyyən edilib. Göründüyü kimi, Ermənistan mülki əhaliyə qarşı açıq-aşkar cinayət törədib.

Ermənistanın beynəlxalq cinayətlərin törətməsi ilə yanaşı, eyni zamanda, əxlaq normalarını da pozmasını qeyd etməliyik. Münaqişə zonasından uzaqda yerləşən şəhər və kəndlərdə mülki əhalini necə atəşə tutmaq olar axı?

Burada həm hüquqi, həm də mənəvi məsuliyyəti şəxsən Nikol Paşinyan başda olmaqla, Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Əminəm ki, işğal olunmuş ərazilərdəki qondarma rejimin rəhbəri Araik Arutyunyan kimi əlaltıları müharibə cinayətləri törətdikləri üçün məhkəmə qarşısında cavab verəcəklər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri, Humanitar hüquq üzrə eksperti Ramil İskəndərli bildirib.

QHT sədri deyib ki, ermənilər nəinki mülki əhaliyə, eyni zamanda, işğal etdikləri ərazilərin infrastrukturuna da ciddi ziyan vurublar. Həmin ərazilərdə mədəniyyət abidələri, məscidlər, inzibati binalar, evlər məhv edilib. Hətta binaların, evlərin daşları da sökülərək Ermənistanda və işğal altındakı ərazilərdə aparılan tikintilərdə istifadə edilir. Bu, təkcə cinayət yox, həm də vəhşilik və quldurluqdur.

Ermənistan ordusu, eyni zamanda, öz xalqına qarşı da müharibə cinayətləri törətməkdədir. Belə ki, silahlı münaqişəyə uşaqları cəlb etmək Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinin kobud şəkildə pozulmasıdır. Həm Cenevrə Konvensiyası və onun Protokolları, həm də Uşaq Konvensiyası döyüşlər zamanı uşaqlardan istifadəni qadağan edir. Lakin bəzi videolardan da görünür ki, uşaqlar Ermənistan ordusunun sıralarına cəlb edilir. Bundan başqa, uşaq təhsil müəssisələrindən və bağçalardan hərbi məqsədlər üçün istifadə olunur. Bu isə beynəlxalq sənədlərə ziddir.

“Törədilən əməllərə görə beynəlxalq qurumların mümkün sanksiyalarına gəlincə, BMT-nin Baş katibi Antonio Quterreşin mətbuat üzrə nümayəndəsi Stepan Dujarrik jurnalistlər üçün keçirdiyi ənənəvi brifinqdə qeyd edib: “Münaqişədən zərər görən Bərdə şəhərinə endirilən zərbələr də daxil olmaqla, bütün yaşayış məntəqələrinə edilən hücumları ən sərt şəkildə qınayırıq”. Təəssüf ki, Ermənistanın törətdiyi cinayətlərlə bağlı beynəlxalq təşkilatlar ən yaxşı halda bu cür bəyanatlarla kifayətlənir, çox vaxt isə ümumiyyətlə səssiz qalırlar. Bu isə təbii ki, Ermənistanı növbəti cinayətlər törətməyə sövq edir”, – deyən R.İskəndərli bildirib ki, Ermənistana qarşı sanksiya tətbiq edə biləcək ən mühüm qurum BMT-nin Təhlükəsizlik Şurasıdır. BMT-nin Nizamnaməsinə uyğun olaraq, Təhlükəsizlik Şurasının başlıca məsuliyyəti sülhü və təhlükəsizliyi təmin etməkdir. Təhlükəsizlik Şurasının qərarları üzv dövlətlər tərəfindən məcburi qaydada icra edilməlidir. Şura sülhün qorunub saxlanmasına yaranan təhlükə ilə bağlı məsələyə baxarkən, adətən ilk addım olaraq tərəflərdən dinc yolla razılıq əldə etməyi xahiş edir. Əgər döyüş əməliyyatları davam edərsə, Şura atəşkəsin əldə edilməsinə çalışır. Bu da baş tutmasa, Şura qarşıdurmanın baş verdiyi ərazilərə sülhməramlı missiyalarını göndərə və ya sülhü bərpa etmək üçün iqtisadi sanksiyalar, embarqolar tətbiqini tələb edə bilər.

Lakin BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiyədək yalnız iki dəfə qapalı müzakirələr keçirib və nəticədə nəinki Ermənistanı qınamayıb, məlum 4 qətnamənin yerinə yetirilməsinə çağırış etməyib, ən yaxşı halda, Azərbaycanı dəstəkləyən ölkələrin səyi nəticəsində ölkəmizin əleyhinə olan qərarların və ya bəyanatların qəbuluna nail ola bilməyib. BMT Təhlükəsizlik Şurası hər şeyi olduğu kimi saxlamağa üstünlük verib.

“Azərbaycan Prezidenti qeyd etdiyi kimi, hazırda Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı hərbi qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılması barədə 4 qətnaməsini əks-hücum əməliyyatı və Ermənistanı sülhə məcburetmə siyasəti ilə yerinə yetirməkdədir. Həmin qətnamələrdən ikisində nəzərdə tutulan Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrut və digər ərazilərin işğaldan azad edilməsi artıq həyata keçirilib. BMT Təhlükəsizlik Şurası buna görə Müzəffər Ali Baş Komandanımıza minnətdar olmalıdır”, – deyə QHT sədri vurğulayıb.

Number of View: 1728