Azərbaycanla Ermənistan arasında baş verən müharibə işğalçı ölkənin bütün dünya qarşısında vəhşiliyini, insanlıqdan kənar mübarizə apardığını bütün çılpaqlığı ilə ortaya qoydu. Diktatura sistemi hökm sürən və sivil dünyadan tamamilə ayrı düşmüş hərbi kriminal rejim olan Paşinyan hakimiyyəti Ermənistanı dünya ictimaiyyəti qarşısında terrorçu və faşist dövlət kimi təqdim etdi. Müharibə başlayarkən öz xalqını səhv yoldan çəkindirmək əvəzinə, Ermənistan hakimiyyəti bu hərbi əməliyyatlarda beynəlxalq konvensiyalara zidd olaraq uşaqları döyüşlərə cəlb etdi. Döyüş meydanında işğalçı ölkə beynəlxalq konvensiyalara məhəl qoymayaraq, cəsədlərinə sahib çıxmaq istəmir, Azərbaycan tərəfinin çoxtərəfli təkliflərinə baxmayaraq, onları götürməkdən imtina edir. Prezidentin İlham Əliyevin tapşırığına əsasən, cəsədlərin dövlət sərhədində dəyişdirilməsi isə Azərbaycanın bu məsələdə humanist addımı kimi dəyərləndirilməlidir. Təəssüf ki, Ermənistan dövləti hətta bu məsələdə də insanlıq və əxlaq normalarına zidd mövqe nümayiş etdirdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov bildirib.
QHT sədri diqqətə çatdırıb ki, əlbəttə, bunu edən hakimiyyətdən dinc insanlara, körpə və qadınlara qarşı terror aktı törədəcəyini gözləmək olardı. Lakin bu miqyasda vəhşiliyin və terror aktının törədilməsi, hərbi əməliyyatların getdiyi zonadan uzaqda yerləşən Bərdə şəhərindəki dinc əhalinin qadağan edilmiş raketlərdən iki dəfə bombalanması onu göstərdi ki, Ermənistanda hakimiyyəti zəbt etmiş qüvvələr nəinki bütün region, eləcə də sivil dünya üçün real təhlükədir. Bu terror aktları miqyasına və əhatə dairəsinə görə kifayət qədər genişmiqyaslı hücum idi və onlarca uşaq bu terrorun qurbanı oldu.
Vüqar Əhmədovun sözlərinə görə, Ermənistan dövləti tərəfindən uşaqlara qarşı bu qədər cinayətlərin törədilməsinə baxmayaraq, dünyada uşaqların müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlardan tutarlı bəyanatlara rast gəlinmədi. Baxmayaraq ki, Ermənistan uşaqların müdafiəsi ilə bağlı beynəlxalq konvensiyalara qoşulub və onları ratifikasiya edib. Bu ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar Ermənistan hökumətindən hesabat tələb etmək əvəzinə, susqunluq nümayiş etdirirlər.
“Düşünürəm ki, həmin təşkilatlar bu ölkədə fəaliyyətlərinə yenidən nəzər salmalıdırlar. Digər tərəfdən, hansısa ucqar bölgələrdə bir uşağa qarşı qayda pozuntusu olarkən bütün dünyaya car çəkən həmin qurumlar Azərbaycanda onlarca uşağın terrora məruz qalmasını sükutla qarşıladılar. Hətta Bərdədəki partlayışlarda Beynəlxalq Qızıl Xaç Komitəsinin 1 nəfər könüllüsü də həyatını itirib. Beynəlxalq konvensiyalara görə, hərbi əməliyyatlar zamanı dinc əhalinin, jurnalist və beynəlxalq təşkilatların nümayəndələrin hədəfə alınması müharibə cinayəti sayılır. Lakin Ermənistan buna məhəl qoymur, sonuncu dəfə Vaşinqtonda götürdüyü öhdəlikləri və humanitar atəşkəsi kobud şəkildə pozur”, – deyə QHT sədri qeyd edib.
Vüqar Əhmədovun sözlərinə görə, bu gün Azərbaycanın dinc əhalisinə qarşı aparılan müharibə cinayətləri miqyasına görə heç də Suriyada baş verənlərdən geri qalmır. Lakin Yaxın Şərq ölkələrində uşaqların müdafiəsi və humanitar təşkilatların iştirakını biz bölgələrimizdə müşahidə etmirik. Əgər UNICEF və digər beynəlxalq təşkilatlar həqiqətən də dinc insanların, uşaqların müdafiəsinə sadiqdirlərsə, Azərbaycanın bölgələrində erməni terroru nəticəsində faciə ilə üzləşmiş ailələrin və azyaşlıların taleyi ilə daha yaxından maraqlanmalıdırlar. Azərbaycan öz addımları ilə hər zaman humanitar prinsiplərə və beynəlxalq hüquqa sadiq qalıb, bu münaqişədə də hər zaman humanitar prinsiplərdən çıxış edir.
QHT sədri deyib: “İstər hərbi əməliyyatlar zamanı mülki əhalini hədəfə almamaqla, istərsə də humanitar atəşkəsə əməl etməklə Azərbaycan beynəlxalq humanitar qanunlara riayət etdiyini bir daha göstərdi. Hesab edirəm ki, nizamlanma prosesi ilə məşğul olan beynəlxalq təşkilatlar özləri tərəfindən qəbul edilən qərar və qətnamələrin icrası ilə məşğul olsaydılar, münaqişənin daha tez həllinə nail olmaq mümkün idi”.
Number of View: 1328