Azərbaycan QHT-ləri: Erməni lobbisinin azad sözə, ifadə azadlığına qarşı açıq müharibə elan etməsi bizdə böyük narahatlıq yaradıb

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları erməni lobbisinin Ermənistanın Azərbaycana hərbi təcavüzünü obyektiv işıqlandıran beynəlxalq media qurumlarına və jurnalistlərə təzyiq göstərməsi ilə bağlı Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinə, Beynəlxalq Mətbuat İnstitutuna, Jurnalistləri Müdafiə Komitəsinə, Sərhədsiz Reportyorlar Təşkilatına, Beynəlxalq Jurnalistlər Federasiyasına, Avropa Jurnalistlər Federasiyasına, Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutuna, Beynəlxalq Media Dəstəyi Təşkilatına və “Article 19” Təşkilatına müraciət ünvanlayıblar.

AZƏRTAC-ın məlumatına görə, müraciətdə deyilir ki, 27 sentyabr-31 oktyabr 2020-ci il tarixlərində Azərbaycanın döyüş zonasından uzaqda yerləşən şəhər və rayonlarına Ermənistanın etdiyi ballistik və qadağan olunmuş kasetli raket hücumları nəticəsində 91 mülki vətəndaş öldürülüb, 404 şəxs isə yaralanıb. Ermənistanın törətdiyi belə hərbi cinayətləri dünya mətbuatı geniş işıqlandırılıb.

Lakin erməni diasporu Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri işıqlandıran, obyektiv məlumat yayan, hətta neytral mövqe nümayiş etdirən, Ermənistanın və erməni diasporunun maraqlarına cavab verməyən media orqanlarını, jurnalistləri, ictimai fəalları hədəfə götürür, onlara ciddi təzyiqlər göstərirlər. Erməni lobbisi azad sözü basqı altında saxlamağa çalışaraq münaqişə ilə bağlı obyektiv və neytral mövqe göstərən jurnalistləri ölümlə hədələyir, təhdid və təhqir edir.

Belə nümunələrdən biri Fransanın TF1 kanalının əməkdaşı xanım Liseron Budulun hazırladığı reportajla bağlıdır. Belə ki, xanım Budul Azərbaycana səfər edərək Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrində Ermənistanın mülki əhalimizi artilleriya və raket atəşinə tutmasının şahidi olmuş və bu haqda obyektiv reportaj hazırlamışdır.

Reportaj yayımlandıqdan sonra Fransadakı erməni lobbisinin üzvləri xanım Liseron Budula və TF1 kanalına qarşı total hücum və təzyiqlər etmiş və jurnalisti ölümlə hədələmişlər. Nəticədə TF1 həmin reportajın yayımını dayandırmaq və onu sistemdən silmək məcburiyyətində qalmışdır.

“New York Times” qəzetinin İstanbuldakı müxbiri Karlotta Qallın də ermənilərin eyni şəkildə mənəvi və siyasi terroruna məruz qalmışdır. Belə ki, qəzetin redaksiyası və jurnalist Ermənistanın Azərbaycanın dinc əhalisini ballistik raketlə qətlə yetirməsini işıqlandırdığına görə ermənilərin ciddi təzyiqi və təhdidi ilə üzləşmişdir.

Fransanın “Şarl Ebdo” jurnalında dünyanın üç səmavi dinindən birinin peyğəmbərinin karikaturasına söz azadlığı kimi yanaşılması siyasəti fonunda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı balanslı reportaja erməni lobbisinin açıq təhdidlərinin artması və buna adekvat reaksiyanın verilməməsi bizdə dərin təəssüf və təəccüb hissi doğurur.

Erməni lobbisinin azad sözə, ifadə azadlığına, jurnalistikanın obyektivlik, tərəfsizlik və qərəzsizlik prinsiplərinə qarşı açıq müharibə elan etməsi bizdə böyük narahatlıq yaradıb.

“Hesab edirik ki, erməni lobbisinin bütün dünyada müstəqil medianı susdurmaq cəhdləri, ilk növbədə, beynəlxalq media institutları kimi sizi narahat etməli və bu qanunsuzluğa açıq etirazınızı bildirməlisiniz.

Azərbaycanın jurnalist və media hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərən QHT-lər olaraq sizdən baş verən bu kimi hadisələrə etiraz etməyə və erməni lobbisinin azad sözü susdurmaq cəhdinin qarşısını almağa çağırırıq”, – deyə müraciətdə qeyd edilir.

Number of View: 1057