Gəncləri bir araya gətirmək üçün davamlı addımlar atılır – Türkiyədə

“Türkiyədəki azərbaycanlı gənclərin I onlayn forumu”nun keçirilməsi də bu məqsədə xidmət edir”

Ötən yazılarımzda da qeyd etdiyimiz kimi hazırda öz inkişafına, əldə etdiyi uğurlara görə regionun lider dövləti olan Azərbaycan Respublikası eyni zamanda bir sıra regional və qlobal layihələrin icrasında da aparıcı aktor kimi önə çıxıb. Bu gün ölkəmizin iştirakı, yaxud da razılığı olmadan regionda hər hansı bir qlobal əhəmiyyətli layihənin uğur qazanması qeyri-mümkündür desək, heç də yanılmarıq. Əksər yerli və xarici ekspertlərin də vurğuladıqları kimi, heç şübhəsiz əldə edilən bu uğurlar Azərbaycan Respublikasına əlavə imkanlar, dividentlər verir. Eyni zamanda təbii ki, əldə edilən bu nailiyyətlər fonunda həm ümumilikdə ölkəmiz, həm də Ermənistanın işğalı nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya birliyinə çatdırılması daha böyük əhəmiyyət kəsb edir. Təbii ki, bu məsələdə də daim öndə olmağımız üçün dünya azərbaycanlılarının daha mütəşəkkil şəkildə təşkilatlanması, vahid bir ideya ətrafında birləşməsi olduqca vacib amillərdən biridir və bu istiqamətdə də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin üzərinə böyük iş düşür. Məlum olduğu kimi ölkəmizin diaspor siyasətinin həyata keçirilməsinə birbaşa məsul olan Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyində baş verən dəyişiklikdən sonra ölkəmizin diaspor quruculuğunda da yeni mərhələnin əsası qoyulub. Məhz bu mərhələdə həyata keçirilən məqsədyönlü siyasət, gənclərin önə çəkilməsi artıq diaspor təşkilatlarımızda xüsusi canlanmada, həmçinin müxtəlif ölkələrdəki soydaşlarımızın ictimai fəallığında özünü büruzə verir. Onu da qeyd edək ki, bu fəallıq Türkiyədəki azərbaycanlı gənclərin də fəalliyyətinə müsbət təsir edib. Çünki vurğulandığı kimi yenilənmə fonunda xarici ölkələrdəki, o cümlədən Türkiyədəki gənclərimizin fəaliyyətinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən onlara daimi maddi və mənəvi dəstək göstərilir. Elə layihə çərçivəsində müsahibə aldığımız Diasporla İş üzrə Dövlət Komitəsinin Üçüncü ərazi şöbəsinin türkdilli dövlətlərlə iş sektorunun böyük məsləhətçisi Kənan Məmmədovla söhbətimizdə də bu məqamlara toxunduq.

Azərbaycan diaspor quruculuğu siyasətində yeni mərhələnin əsası qoyulub. Bu mərhələni zəruri edən səbəblər hansılardır və ümumiyyətlə, diaspor quruculuğu tariximizlə bağlı nə deyə bilərsiz?

Düz buyurdunuz ki, Azərbaycan diaspor quruculuğu siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qeyd edim ki, ölkə başçısının tapşırığı əsasında son zamanlar Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən bu istiqamətdə mühüm addımlar atılır. Bu addımlar, o cümlədən hazırda diaspor sahəsində həyata keçirilən islahatlar və qarşıya qoyulan vəzifələrin icrası Azərbaycanın hüdudlarından kənarda yaşayan həmvətənlərimiz, həmçinin onların təsis etdikləri diaspor təşkilatları arasında birlik və həmrəyliyin daha da inkişaf etdirilməsi, birgə fəaliyyətin təmin olunması baxımından öz müsbət nəticəsini verir.

– Azərbaycan diaspor quruculuğu sahəsində yeni mərhələdə diaspor təşkilatlarında xüsusi canlanma müşahidə olunur. Ermənistanın bu ilin iyulundakı təxribatından sonra diaspor fəallarımızın xarici ölkələrdə önə keçməsi və müstəqillik tariximizdə ilk dəfə olaraq erməni diasporunu məğlub durumuna salması, o cümlədən sentyabrın 27-də düşmən ölkənin növbəti təxribatından sonra xarici ölkələrdəki soydaylarımızın keçirdikləri tədbirlər bunu bir daha sübut etdi. Bəs bütün bunların fonunda Türkiyədəki soydaşlarımız nə kimi aktivlik göstərdilər və göstərirlər?

– Öncə onu qeyd edim ki, iyul hadisələri ilə bağlı Türkiyənin bütün vilayətlərində yerləşən Azərbaycan icmasına məxsus qeyri-hökumət təşkilatları tərəfindən dinc aksiyalar, minitnqlər, yürüşlər keçirilmiş, eləcə də beynəlxlaq təşkilatlara, o cümlədən Türkiyənin bir sıra qurum və təşkilatlarına etiraz bəyanatları göndərilmişdir. Yerli KİV-lərdə erməni təxribatının əsl mahiyyəti ilə bağlı məlumatlar dərc olunmuşdur. Eyni zamanda sentyabrın 27-dən başlayaraq işğalçı ölkənin həyata keçirdiyi hərbi təxribatlar və mülki əhalinin hədəfə alınmasından sonra sentyabrın 28-də Türkiyədəki Azərbaycan diaspor təşkilatları birgə bəyanat yayıblar, həmçinin Türkyənin demək olar ki, bütün şəhərlərində dispor təşkilatlarımız müxtəlif aksiyalar, tədbirlər keçiriblər və bu işlər hazırda da davam etdirilir.

– Bəs, Türkiyədə yaşayan və işləyən azərbaycanlı gənclərin diaspor fəaliyyətində rolunu necə qiymətləndirirsiniz? Ümumiyyətlə, Türkiyədəki gənclərimiz yaşlı nəsil diaspor üzvlərinin potensialından necə yararlana bilərlər?

– Məlumat üçün bildirim ki, Türkiyənin rəsmi statistikasına (Yüksek Öğretim Kurumu –YÖK) əsasən hazırda qardaş ölkədə iyirmi mindən çox azərbaycanlı tələbə təhsil alır. Bu göstərici azərbaycanlı tələbələrin böyük potensialından xəbər verir. Onların bir qismi ölkəmizin müvafiq dövlət proqramı, bir qismi Türkiyənin təqaüd proqramları və böyük hissəsi isə şəxsi vəsait hesabına təhsillərini davam etdirir. Azərbaycanlı tələbələr əsasən universitetlərin nəzdindəki tələbə-gənclər təşkilatları ətrafında, bir hissə isə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin Təhsil Müşavirliyinin koordinasiya altındadır. Koordinasiya prosesi Türkiyənin regionları üzrə seçilmiş tələbə təmçilçiləri vasitəsi ilə həyata keçirilir. Sualınızın ikinci hissəsinə gəlincə deyim ki, Türkiyədəki azərbaycanlı gənclərin diaspor işinə cəlb olunması, həmçinin yaşlı nəsil diaspor üzvlərinin potensialından yararlana bilmələri üçün Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən müvafiq addımlar atılır.

(davamı növbəti sayımızda)

Fuad Hüseynzadə

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN)” Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması” layihəsi çərçivəsində dərc olunub

Number of View: 444