Gəncləri bir araya gətirmək üçün davamlı addımlar atılır – Türkiyədə

“Türkiyədəki azərbaycanlı gənclərin I onlayn forumu”nun keçirilməsi də bu məqsədə xidmət edir”

(əvvəli ötən sayımızda)

– Bəs gənc könüllülərin diaspor işinə cəlb olunması bizə nə verə bilər və bu baxımdan, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Türkiyədəki gənclərimizin aktvliyi üçün hər hansı dəstək göstərilirmi?

– Öncə onu bildirim ki, digər ölkələrlə yanaşı, Türkiyədə də diaspor sahəsində yeni çağırışlara uyğun işlər uğurla davam etdirilir. 15 dekabr 2018-ci il tarixində Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə Türkiyədə yaşayan soydaşlarımız arasında “Türkiyədə yaşayan azərbaycanlılarla görüş: planlar və perspektivlər” mövzusunda tədbir keçirilmişdir. Həmin tədbirdə müxtəlif təkliflərlə yanaşı, digər xarici ölkələrdə yaşayan Azərbaycan diaspor təşkilatları tərəfindən yaradılan Koordinasiya Şuralarının Türkiyədə də yaradılması ilə bağlı ümumi razılıq əldə olunmuşdur. Bununla əlaqədar olaraq, Dövlət Komitəsi müsbət təcrübəni Türkiyədə də tətbiq etməklə bütün hüquqi və digər zəruri dəstəyin göstərilməsini bəyan etmişdir. Belə ki, 2020-ci il ərzində “Türkiyədə yaşayan Azərbaycanlıların I Forumu”nun keçirilməsi və Forum çərçivəsində Türkiyədəki diaspor təşkilatları arasında əlaqələrin möhkəmləndirilməsi, birgə fəaliyyətin təmin edilməsi məqsədilə Türkiyədə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının yaradılması ilə bağlı işçi qrupu yaradılmışdır. Şuranın fəaliyyətini gələcəkdə tənzimləyəcək sənədləşmə işlərinin həyata keçirilməsi, iş planının, digər zəruri hüquqi işlərin görülməsi qrupa həvalə olunmuşdur.

Konkret olaraq gənclərə gəlincə cari ilin yanvar ayında Ankarada Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) mərkəzi qərargahında Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi İctimai Birliyi (AGAH) tərəfindən “Türkiyədəki azərbaycanlı gənclərin problemlərinin tədqiqi və diaspor fəaliyyətində iştirakının peşəkarlaşdırılmasına dair tədbirlər” çərçivəsində “Kitab Həmrəylik Mənbəyidir” adlı kitab müsabiqəsinin qaliblərini mükafatlandırma mərasimi keçirilmişdir.
Bununla yanaşı, cari ilin may ayında Türkiyədə təhsil alan və yaşayan azərbaycanlı gənclərlə Türkiyənin və Azərbaycanın müvafiq qurumlarının rəhbərliyini bir araya gətirmək, vahid əlaqələndirməyə dair strategiyanın icrası istiqamətində müzakirələr aparılması məqsədilə “Türkiyədəki azərbaycanlı gənclərin I onlayn forumu” keçirilmişdir.

Sözügedən Forumun yekununda vahid koordinasiyaya dair birlik modelinin bütün vilayətlərlə müvafiq memorandumun imzalanması ilə gerçəkləşdirilməsinə qərar verilmişdir. Pandemiyadan sonra sadalanan işlərin praktik icrasına başlanması nəzərdə tutulur. Heç şübhəsiz bütün bunlar Türkiyədəki azərbaycanlı gənclərin diqqət mərkəzində olmasını bir daha təsdiqləyir. Eyni zamanda bu işlərin fonunda gənc könüllülərin diaspor quruculuğu prosesində daha yaxından iştirakı istiqamətində də davamlı addımlar atılır.

– Məlum olduğu kimi hazırda dünya yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə aparır. Növbəti sualımız da məhz bu istiqamətdədir. Bildiyimiz kimi pandemiya dövründə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən müxtəlif ölkələrdəki soydaşlarımıza yardımlar olundu. Bəs Türkiyədəki soydaşlarımıza hansı dəstək göstərildi?

– Sizə də məlum olduğu kimi, qlobal xarakter daşıyan yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar bir çox ölkələrdə, o cümlədən Türkiyə Respublikası ilə digər ölkələr arasında bütün beynəlxalq uçuşların dayandırıldığı, sərhədlərin bağlandığı və fövqəladə vəziyyət rejiminə keçirildiyi üçün orada müvəqqəti səfərdə olan, təhsil alan və digər soydaşlarımız müvəqqəti çətinliklərlə üzləşmişdirlər. Amma Azərbaycan dövləti bütün ölkələrdə olduğu kimi, qardaş Türkiyədə də yaşayan soydaşlarımızı bu dövrdə də diqqətdən kənarda qoymadı. Bununla əlaqədar olaraq, Türkiyədə diaspor sahəsində fəaliyyət göstərən və Azərbaycan icmasına aid qeyri-hökumət təşkilatlarının müraciətləri əsasında həmin soydaşlarımıza maddi və ərzaq yardımları göstərildi.
Beləliklə, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İstanbul şəhərində 4, Antalya şəhərində 1 dəfə olmaqla ümumlikdə 5 iri miqyaslı xeyriyyə aksiyası keçirilib. Bu ilin 6 may tarixində İstanbuldakı “Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik” dərnəyinin nəzdində fəaliyyət göstərən Hüseyn Cavid adına orta məktəbdə təhsil alan 80 şagirdin ailəsinə, 22 may və 12 iyul tarixlərində isə İstanbuldakı “Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyi”nin təşkilatçılığı ilə şəhərin Qaziosmanpaşa, Bayrampaşa, Küçükçəkməcə rayonunun Halkalı məhəlləsində məskunlaşmış 700-ə yaxın ailəyə (ümumi sayı 2500 nəfərdən çox), avqustun 30-da İstanbulun Başakşəhər rayonunun Köyiçi səmtində yaşayan aztəminatlı 211 azərbaycanlı ailəsinə (ümumilikdə 844 nəfər) dəstək məqsədilə xeyriyyə aksiyası keçirilib. Bununla yanaşı, cari ilin iyulun 23-də Türkiyənin Antalya vilayətində koronavirus pandemiyası ilə əlaqədar müvəqqəti çətinliklə qarşılaşmış 42 soydaşımıza maddi və ərzaq yardımı göstərilib. Qeyd edim ki, sonuncu tədbir Antalyada fəaliyyət göstərən “Azərbaycan Xalqlar Dostluğu” Dərnəyinin təşkilatçılığı ilə baş tutub.

Diasporla İş üzrə Dövlət Komitəsinin beş xeyriyyə aksiyası İstanbul və Antalya şəhərlərində yaşayan ümumilikdə 1033 aztəminatlı ailəni və yaxud 3500 nəfərdən çox soydaşımızı əhatə edib. Müvafiq dəstək göstərilmiş soydaşlarımız arasında əsasən, 1990-cı illərdən İstanbulda qeyri-rəsmi məskunlaşan həmvətənlərimiz çoxluq təşkil edib.

Bundan başqa, Diasporla İş üzrə Dövlət Komitəsi pandemiya dönəmində İstanbuldakı Azərbaycan dərnəklərinin nəzdində fəaliyyət göstərən bir neçə məktəbin aylıq icarə haqqının ödənilməsi və 2020–2021-ci tədris ilində ehtiyac olan dərslik və dərs vəsaitləri ilə təmin olunması barədə müraciətinə də baxaraq, yaxın günlərdə dərs vəsaitlərinin sözügedən məktəblərə göndərilməsi barədə qərar qəbul edib.

Fuad Hüseynzadə

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN)” Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması” layihəsi çərçivəsində dərc olunub

Number of View: 463