“Məqsəd azərbaycanlı gəncləri Vətənimizin təbliğ olunmasına mütəşəkkil şəkildə səfərbər etməkdir”

Hazırda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi özünün növbəti, belə demək mümkünsə həlledici mərhələsinə qədəm qoyub. Bu günlər vətənpərvər gənclərimiz ön və arxa cəbhədə Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın yağı düşmən tapdağından azad olunması naminə fədakarlıq göstərirlər. Bu mənada, Azərbaycan diaspor könüllüləri də öz fəallıqları ilə seçilirlər. Belə ki, diaspor könüllüləri ölkə daxilində və xaricində yaşayan vətənpərvər gənclərimizlə birlikdə sosial media və internet resursları vasitəsilə informasiya müharibəsində fəallıq göstərirlər. Gənclərimiz Dağlıq Qarabağ həqiqətləri, ermənilərin işğal olunmuş ərazilərimizdə törətdikləri vəhşiliklər, hazırda cəbhədə baş verən erməni təxribatları haqqında #KarabakhisAzerbaijan!, #Karabakh, #StopArmenianAggression həştəqləri ilə çoxsaylı məlumat paylaşmaqla dünya trendinə düşüblər. Bu baxımdan Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi müxtəlif layihələrdə də diaspor gəncləri və könüllüləri yaxından iştirak edir.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, “Azərbaycan Diaspor Könüllüləri” proqramının koordinatoru Bəxtiyar Rəhimov da bizimlə söhbətində deyib ki, son zamanlar Dövlət Komitəsi gənclərin diaspor işində fəallığının artırılması istiqamətində işlər görür: “Diasporla İş üzrə Dövlət Komitəsi, xüsusilə xaricdə yaşayan azərbaycanlı gənclərlə daim əlaqədədir. Azərbaycanlı gənclər yaşadıqları ölkəyə daha yaxşı inteqrasiya olur, bu ölkələrin ictimai həyatında daha fəal iştirak edirlər. Onlar həm də xarici ölkələrdə Azərbaycan dəyərlərini, ölkəmiz haqqında həqiqətləri yayırlar.

Gənclərin diaspor fəaliyyəti sahəsində düzgün təşkilatlanması məqsədi ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin yanında “Azərbaycan Diaspor Gəncləri” təşkilatı yaradılıb. Dünya azərbaycanlılarının mənəvi birliyinə və həmrəyliyinə xidmət edən ümummilli ideyaları, milli-mənəvi dəyərləri sistemləşdirmək, onların Azərbaycan Respublikasının vətəndaşları və xarici ölkələrdə yaşayan soydaşlarımız arasında yayılmasını təmin etmək, xaricdə yaşayan azərbaycanlılara, onların yaratdıqları qurumlara, kütləvi informasiya vasitələrinə beynəlxalq hüquq normaları çərçivəsində öz tarixi Vətəni ilə əlaqə yaratmaq, ana dilini, milli-mənəvi dəyərləri mənimsəmək, yaşatmaq və inkişaf etdirmək, eləcə də Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələr qurmaq, onların təcrübəsini öyrənmək üçün diaspor gənclər hərəkatının formalaşdırılması məqsədi ilə yaradılan Azərbaycan Diaspor Gəncləri təşkilatı uğurla fəaliyyət göstərir. ADG-nin müxtəlif fəaliyyət istiqamətləri var: dünyanın müxtəlif ölkələrində yaşayan və dövlət gənclər siyasətinin parçası olan azərbaycanlı gənclərlə əlaqələrin qurulması və inkişaf etdirilməsini təmin edilməsi, xaricdə yaşayan azərbaycanlı gənclərin diaspor işinə və bu istiqamətdə fəaliyyətə təşviq edilməsi, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin bir-biri ilə əlaqə yaratmasına, təşkilatlanması işinə dəstək vermək, yaradılan ictimai, mədəni və digər birliklərin, habelə onların əməkdaşlıq etdiyi digər diaspor təşkilatlarının Azərbaycan Respublikası ilə əlaqələrinin qurulmasına və inkişafına kömək göstərilməsi”.

“1250-dən çox gənc Azərbaycan Diaspor Könüllülüsü olmaq üçün müraciət edib”

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı təmsil etdiyi qurumun “Azərbaycan Diaspor Könüllüləri” proqramının həyata keçirilməsi haqqında da ətraflı məlumat verib: “Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il fevralın 1-i Azərbaycan Gənclər Gününə həsr olunmuş Respublika toplantısında söylədiyi “Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər” fikirlərinə əsaslanaraq 2019-cu ilin mart ayında “Azərbaycan Diaspor Könüllüləri” adlı yeni proqrama başlayıb”.

Onun sözlərinə görə, bu günə qədər 1250-dən çox gənc Azərbaycan Diaspor Könüllülüsü olmaq üçün müraciət edib: “Komitədə onlarla mərhələli şəkildə görüşlər təşkil edilib, qruplara bölünərək könüllülük fəaliyyətinə cəlb olunublar. Buna görə Diaspor Könüllüsü olmaq istəyən gəncləri bu fəaliyyətə cəlb etmək düşünürəm ki, çətin olmadı. Çünki, bizim məqsədimiz, onların isə marağı var”.

“Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması istiqamətində layihələrin davamlı olması vacibdir”

Müsahibimiz hazırda gənc diaspor könüllülərinin fəal iştirak etdiyi layihələr haqqında da danışıb: “Azərbaycan Diaspor könüllüləri və xaricdə yaşayan gənc diaspor fəallarının birgə təşəbbüsü ilə “Karabakh is Azerbaijan!” milli platforması yaradılıb. Platformanın tərkibində “Karabakh is Azerbaijan!” “Youtube” kanalı, “Facebook” səhifəsi və qrupları, “Twitter” profili, “İnstagram” səhifəsi, “Telegram” və “Whatsapp” qrupları və s. yaradılıb. Yaxın zamanlarda bir neçə dildə fəaliyyət göstərən saytların təqdimatı keçiriləcək.
Məqsəd Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, “Qarabağ Azərbaycandır!” ifadəsinin bütün dünyada qəbul etdirilməsi, ölkəmizdə və xaricdə yaşayan azərbaycanlı gəncləri Vətənimizin təbliğ olunmasına mütəşəkkil şəkildə səfərbər etməkdir. Ümumilikdə isə, düşünürəm ki, bu ad bütün sülhsevər, Azərbaycansevər insanları öz ətrafına toplaya biləcəkdir”.
Bəxtiyar Rəhimov “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi”İctimai Birliyinin reallaşdırdığı “Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması” layihəsinin gedişini və görülən işləri də müsbət qiymətləndirib. O, gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması istiqamətində layihələrin gələcəkdə davamlı olması vacibliyini vurğulayıb. Həmçinin, vətəndaş cəmiyyəti tərəfindən bu istiqamətdə həyata keçirilən layihələrə Dövlət Komitəsi olaraq bundan sonra da lazımi dəstək verəcəklərini qeyd edib.

Fuad Hüseynzadə
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN)” Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması” layihəsi çərçivəsində dərc olunub

Number of View: 688