Şəmil SADİQ – HƏDƏF Qrupun qurucu direktoru, ANAİB idarə heyətinin sədri
Sinqapur təhsili son dövrlər dünya təhsil sistemində tez-tez adıçəkilən uğurlu modellərdəndir. Həm mətbuat, həm də təhsil adamları ağız dolusu bu sistemin uğurundan danışır, təriflər yağdırırlar. Bir müddət əvvəl Finlandiya modeli dəbdə idi. Bu təkcə bizim ölkədə deyildi. Bütün dünyada təhsilə yanaşma eyni idi. Sanki süni bir əl yaxşıca reklam aparırdı.
Sözsüz ki, haqlı səbəblər vardı. Çünki beynəlxalq PISA qiymətləndirməsinin nəticələrinə əsasən fin təhsili ard-arda uğurlar əldə edirdi. Eləcə də Sinqapur modelində (Sinqapurlu uşaqlar İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yetmiş beş ölkədə həyata keçirdiyi riyaziyyat, elm və oxuyub-anlama sahələrindəki fəaliyyəti ölçən PISA imtahanlarında son illər üst sıralarda yer alırlar) bunu görürük. Həmçinin Sinqapur məktəbliləri riyaziyyat, kimya, fizika fənləri ilə bağlı beynəlxalq olimpiadalarda da çoxlu uğurlar qazanırlar. İstənilən halda cəlbedici görünür və inkişafda olan ölkələr buna xüsusi maraq göstərir. Yəqin ki, çoxları düşünür ki, İngiltərə, Fransa, Almaniya kimi dövlətlərin təhsili uğursuz modeldir bəyəm? O dövlətləri elm, texnologiya, iqtisadiyyat, siyasət, xalqların güzəranı və demokratiyada uğursuz hesab etmək olarmı? Sözsüz ki, yox. Bəs niyə onlar haqqında belə reklam getmir, əlli ilin dövlətinin təhsili belə diqqət çəkir? Bəlkə, onların reklama ehtiyacı yoxdur? Suala yazının sonunda cavab tapacaqsınız. Tapmasanız da, öz düşüncəmi deyəcəm.
Amma gəldiyimiz nəticələrə əsasən deyim ki, başgicəlləndirən uğurun əsas səbəbi Sinqapurun bunu məhz son əlli ildə əldə etməsidir. Əlli illik uğurun belə gözqamaşdıran olması məhz onun gənc olması, köklü təhsil sistemləri ilə rəqabətdə geri qalmamasıdır.
Bütün bu qeyd etdiklərimi bilmək, öyrənmək, araşdırmaq üçün Sinqapura yol aldım. Doğrudanda, heç bir təbii resursu olmayan bir ölkənin bu qədər zəngin olması adamı həm təəccübləndirir, həm də düşündürür. Qarışıq millətlərdən, dinlərdən ibarət insanları olan eqzotik ölkədir. Nəhəng göydələnlər və yerdələnlər göz qamaşdırır. Nəqliyyat sistemi problemsiz, qanunlarının işləkliyi mükəmməl, təmizliyi yüksək səviyyədə, turizmi zəngin, son texnoloji yeniliklərə açıq bir ölkə düşünün… Deməli, insanları yaxşı təhsil alır, maariflənir, dövlət isə birmənalı şəkildə xalqa xidmət edir. Biz Şərq ölkələrində bunu görəndə təəccüblənirik. Əslində, bu təbiidir. Çünki bir tərəfində İndoneziya, bir tərəfində Malaziya var. Amma bu uğura hələ də çata bilməyiblər. Belə bir şəhər-dövlətin avantajı nədir, görəsən?
Təhsili ilə yaxından tanış olmaq üçün məhz beş günümü buna ayırdım; məktəbləri gəzdim, tanınmış təhsil mütəxəssisləri ilə görüşdüm, müzakirələr apardım və gəldiyim müəyyən qənaətləri sizinlə bölüşmək istədim. Sözsüz ki, faktlara öz münasibətimi də əlavə etmək şərti ilə.
Səfər çərçivəsində Sinqapur Təhsil Şəbəkəsinin direktoru Michael Klimm, Astor Beynəlxalq Məktəbinin təsisçisi Elena Holloway, SIS və İlham Məktəblərinin təsisçisi və sədri Jaspal Sidhu, Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişi və Davamlı İnkişaf Məqsədləri qabaqcıllarından Veerappan Swaminathan, Cənub-Şərqi Asiyanın Birləşmiş Dünya Kollecinin rəhbəri Nick Alchin, Kanberra orta məktəbinin baş müəllimi Ghazali Abdul Wahab, keçmiş MOE Kurikulumun Planlaşdırılması və İnkişafı proqramının rəhbəri, indi HeyHi şirkətinin baş direktoru Yueh Mei Liu ilə məktəblər üçün qiymətləndirmə və öyrənmə platforması ilə silsilə görüşlər keçirib müzakirələr apardım və bu yazı məhz o görüşlərdən çıxan ümumi nəticədir.
Sinqapur təhsilini araşdırmaq üçün yola çıxanda özüm üçün etdiyim qeydlər bunlar idi:
1. Məktəbin kurikulumun qarşısına qoyduğu hədəf əsasən nədir? Bəs ümumiyyətlə, Sinqapur təhsili orta məktəbi bitirən şagirddən nə gözləyir?
2.Müəllimlərin performans dəyərləndirilməsi, akkreditasiyası necə aparılır. Bir müəllim Sinqapurda necə işə düzəlir və onun illik performansı hansı sistemlə tənzimlənir.
3. Sinqapur təhsilində şagird qiymətləndirilməsi necə aparılır? Daha çox hansı məqamlara üstünlük verilir? İmtahanlar neçənci sinifdən, ildə neçə dəfə aparılır? Bunu məktəb özümü edir, yoxsa təhsil nazirliyi?
4. Şagirdlərin həftəlik dərs yükü siniflər üzrə neçə saatdır?
5. Bir müəllimin dərs yükü maksimum neçə saat olur, maaşlar dərs yükünə görəmi hesablanır, yoxsa sabit ştat maaşı var?
6. Ev tapşırığı məsələsi Sinqapurda necədir? Dərsi məktəbdə öyrədə bilirlərmi?
7. Universitetlərə hazırlıq prosesi necədir? Bunu məktəb özü həll edə bilirmi? Yoxsa hazırlıq kursu və ya xüsusi repetitorluq var?
8. Sinqapur təhsilində istedadmı, çalışqanlıqmı əsas amildir?
Bir təhsilin uğurlu olması üçün ilk olaraq onun kurikulumu mükəmməl olmalıdır. Məlum olur ki, Sinqapur kurikulumu İngiltərə kurikulumu əsasında hazırlanıb. Demək olar ki, Kembric kurikulumu əsasında tədris edilir. İmtahanlar da elə məhz Kembric formatında və ya elə Kembric imtahanları ilə həyata keçirilir. Riyaziyyat kurikulumlarında yapon və çin kurikulumları əsas baza kimi götürülüb.
Yueh Mei Liunun fikirlərinə görə, bir təhsilin uğurlu olması üçün üçəsas faktor var:
1. Pedaqogika;
2. Kurikulum;
3. Qiymətləndirmə.
Üçü də eyni anda dəyişir, eyni anda hərəkət edir deyə qabağa gedə bilirlər. Təhsil Nazirliyinin gözləntisi odur ki, sadəcə bir hissə dəyişməsin. Məsələn, tək kurikulumu dəyişsələr, digərləri qalsa, olmaz. Digər ölkələrdə bu üç faktor bir-birindən ayrı şəkildə hərəkət etdiyi üçün onlar çox əziyyət çəkirlər. Əgər ikisi yerində qalıb, biri inkişaf edirsə, çox qabağa gedə bilmirlər.
Təhsil on iki ildir; altı il ibtidai, dörd – beş il orta, iki il yuxarı siniflərdir. İbtidai sinifdən sonra şagirdlər istedadlarına, öyrənmə bacarıqlarına görə üç yerə bölünərək tədris aparılır: yəni normal siniflər, expres siniflər, xüsusi istedadlı siniflər. Bizim başa düşdüyümüz kimi, təmayüllərə görə yox, dərketmə bacarıqlarına görə qruplaşdırılırlar. Bu, çox ağır olan PSLE adlanan sistemlə tənzimlənir. Məncə, bu cür qruplaşdırma gələcəkdə ciddi fəsadlar verəcək və insanlar təbəqələrə bölünəcək. Axı onlar cəmiyyətə atıldıqda da bu cür – istedada görə fərqli yaşam tərzlərinə sahib olmayacaqlar. Kastalara bölünən həyat standartları təsiri yaradır. Sözsüz ki, bu, birbaşa nəticəyönümlü təhsildir və sanki reytinqlərə fokuslanıb. Seçilmişlərlə xüsusi iş kimi…
Yuxarı siniflər isə iki yerə bölünür – politexnik dedikləri birinci normal qrup, A səviyyə dedikləri istedadlılar qrupu. Belə ki, politexnik siniflərində oxuyan şagirdlər peşə öyrənirlər (Bununla bərabər universitetlərə də hazırlaşa bilərlər). Onunla yanaşı istəsə, universitetə hazırlaşırlar. Amma A səviyyə sinifləri birbaşa universitetlərə qəbula hazırlaşırlar.
Təhsil, əsasən, STEAM əsaslıdır, riyaziyyat, fizika, kimya, biologiya kimi fənlərə xüsusi yer verilir və bacarıq əsasında öyrənmə üsulundan istifadə edilir.
Son zamanlar tədrisə tətbiq etmək istədikləri sistem İB təhsilidir. Ona görə də müəyyən pilot sinifləri var, yuxarıda qeyd etdiyimiz xüsusi istedadlı siniflər buna istiqamətlənmiş addımdır. Təqribən dövlət məktəblərində təhsil alan şagirdlərin hardasa 10 %-i İB imtahanlarına girir. Bir sözlə,yuxarıda qeyd etdiyim, əsaslı və köklü təhsili olan İngiltərə modeli üzərində aparırlar və öz dəyərlərini də buna qata bilirlər.
Dövlət əzbərçiliyi yox, öyrənməyi, yəni “Düşünən məktəblər, öyrənən millət” adlı siyasəti qəbul edib. Şüarı da “Daha çox öyrət, daha çox öyrən”dir. Sosial sahibkarlıq bacarıqlarının formalaşmasına daha çox üstünlük verilir. Etiraf edirlər ki, hər iki bacarıq hələ də problem olaraq qalır. Nə qədər elmi, texniki sahədə inkişaf etsələr də, bu sahədə geridə qalırlar və Sinqapurlu gənclər öz komfort zonalarından çıxanda çətinliklərlə üzləşirlər.
İbtidai və orta məktəb siniflərində təhsil ödənişsizdir. Amma bağça və ali məktəblər ödənişlidir. İzahı da budur ki, o ödəniş məhz ona görə qoyulub ki, insanlar dəyərini anlasınlar. Axı “Ucuz ətin şorbası olmaz” atalar sözü məhz şərqə məxsusdur.
“Uşaqların yükü, təbii ki, getdikcə daha da çətinləşir. Əsas üç imtahan var: on iki, on altı və on səkkiz yaşlarda verilən imtahanlar. O imtahanlar uşaqlar üçün daha çətin olur. Biz, əslində, kurikulumda olan yükləmələri 1999-cu ildən azaltmağa başlamışıq. 2001-ci ildə kurikulumda öyrədilənlərin 20 %-də dəyişiklik edərək azaltmışıq vəbeş – altı il sonra yenə 10 % azaltma etmişik. Əslində, bu, çoxdan başlayan bir prosesdir, amma buna baxmayaraq materiallar hələ də çətindir. Azaltmanın işə yaramamasının səbəbi ondadır ki, bir tərəfdən azaldılırsa, bir tərəfdən də başqa dəyərlər, bacarıqlar əlavə olunur. Ona görə də materialların yükü, demək olar ki, dəyişmir”. (Yueh Mei Liu)
Sinqapurda özəl və ya dövlət məktəbi anlayışı yoxdur. Sadəcə publik – dövlət məktəbi və beynəlxalq məktəb var. Dövlət sinqapurluların beynəlxalq məktəblərə getməsinə maraqlı deyil və bunu heç bir halda təşviq etmir. Müəyyən yollarla qarşısını alır. Çünki Sinqapur dövləti təhsili ödənişsiz etdiyi üçün istəyir ki, şagirdlər beynəlxalq dəyərlərlə yox, sırf milli dəyərlərlə böyüsün. Həmçinin xalq təhsildən narazı deyil. Siniflər otuz – qırx nəfər şagirddən ibarət olsa da, tədris normaldır, valideynləri qaneə edir.
Davamı olacaq…
Number of View: 935