“Xocalıya qayıdış” sərgisi keçiriləcək

Artıq bir neçə gündən sonra Xocalı soyqırımının 32-ci ildönümüdür. Bununla bağlı Azərbaycanda və ölkə xaricində müxtəlif tədbirlər keçirilir.

Belə tədbirlərdən biri də fevralın 22-də Xətai Sənət Mərkəzində keçiriləcək. Həmin gün “Xocalıya qayıdış” adlı sərgi təşkil ediləcək.

Bu barədə  sərginin təşkilatçısı, rəssam Əli Rəşad məlumat verib.

Onun sözlərinə görə, tədbirdə sərgilənəcək əsərlərdə iki məqam əsas götürülüb: “Bu sərgi 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirlərindən sonra keçirilir. Bu məqamı ona görə qeyd edirəm ki, məhz həmin antiterror tədbirləri nəticəsində bütün ölkə ərazisində dövlət suverenliyimiz bərpa olunub. Eyni zamanda, artıq Xocalıda da üçrəngli bayrağımız dalğalanır. Bu sərgidə nümayiş olunacaq əsərlərdə də həm faciə, həm də qələbə ruhu, Xocalıya qayıdış sevinci əks olunacaq”.

Əli Rəşad, həmçinin “Xətai Rayon İcra Hakimiyyətinin, Xətai Sənət Mərkəzinin və İSBAM İctimai Birliyinin təşkilati dəstək verdikləri sərgidə hər kəsi görməkdən məmnun olarıq” deyib.

Number of View: 877