“Bu gün dünyada Türkiyə-Azərbaycan qardaşlığına, Türkiyə-Azərbaycan əməkdaşlığına bərabər hər hansı ikinci bir birlik nümunəsi yoxdur. Ona görə də biz tərəddüd etmədən deyirik ki, Türkiyə-Azərbaycan qardaşlığı, dostluğu və əməkdaşlığı dünya üçün bir nümunə təşkil edir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
O, qeyd edib ki, iki qardaş ölkə arasında əməkdaşlıq ordu quruculuğu və müdafiə sənayesini də əhatə edir: “Bəlli olduğu kimi, Azərbaycanda yüksək səviyyədə ordu quruculuğu prosesi gedib. 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra isə bu istiqamətdə islahatlar davam etdirilib. Mən bu istiqamətdə Azərbaycan ordusunun Türkiyə modelinə keçirilməsi məsələsini xüsusilə qeyd etmək istəyirəm. Çünki bu, həm hüquqi, həm maddi-texniki baza, həm hərbçilərin peşəkarlığının artırılması baxımından çox faydalıdır”.
Emin Həsənli qeyd edib ki, Prezident İlham Əliyev fevralın 19-da qardaş ölkəyə rəsmi səfəri çərçivəsindəki çıxışında sözügedən məsələnin üzərində xüsusilə dayanıb: “Bəlli olduğu kimi fevralın 19-da Ankarada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan mətbuata bəyanatlarla çıxış etdilər. Həmin çıxışında cənab Prezident bir daha bəyan etdi ki, əməkdaşlığımızın önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir. Dövlət başçısının da qeyd etdiyi kimi bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır. İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub. Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqləmişdir, artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq”.
Müsahibimiz vurğulayıb ki, iki qardaş ölkə arasında müdafiə sənayesi sahəsində də nümunəvi əməkdaşlıq mövcuddur: “Cənab Prezident Ankaradakı çıxışında bu məqama da toxunaraq “Bu gün təbii ki, müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Bu barədə də geniş müzakirələr aparıldı. Birgə istehsalla əlaqədar konkret planlarımız var. Yəqin ki, bu planlar gerçəkləşdikdə ictimaiyyət də bundan xəbərdar olacaqdır” dedi. Bütün bunlardan yola çıxaraq qeyd edə bilərik ki, Müdafiə Sənayesi Nazirliyi tərəfindən qardaş Türkiyə ilə bərabər müasir standartlara cavab verən və dünyanın ən qabaqcıl ölkələrini geridə qoyan silahların istehsal edilməsi çox önəmlidir. Qardaş Türkiyənin bu istiqamətdə çox böyük təcrübəsi var. Sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğanın komandanlığı ilə Türkiyə Ordusu böyük uğurlar əldə etməkdədir. Türkiyə ordusu əvvəllər özünü 20 faiz silahla təmin edirdisə, artıq bu rəqəm 80 faizdir ki, gələcəkdə daha da artırılması hədəflənib. Bu mənada, təyyarələr, gəmilər, helikopterlər, tanklar, pilotsuz uçuş aparatlarının istehsalını misal gətirə bilərik. Gələcəkdə bu istehsalın bir qismini Azərbaycanla həyata keçirmək, sözsüz, böyük bir təcrübə olacaqdır”.
Number of View: 919