QHT rəsmilərinin Qoşulmama Hərəkatına BAXIŞI – SORĞU

Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edib. Prezident İlham Əliyev Zirvə görüşündə iştirak edən Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Ayman Benabderrahmanı, Keniyanın Baş naziri Uakylif Musalia Mudavadini, Tanzaniyanın Vitse-prezidenti Filip İsdor Mpanqonu, Kuba Respublikasının Vitse-prezidenti Salvador Antonio Valdes Mesanı, Birləşmiş Ərəb Əmirliklərinin Ali Şurasının üzvü, Ras əl-Xeymə Əmirliyinin hakimi Əlahəzrət Şeyx Saud Bin Saqr Al Qasimini, Qabonun Vitse-prezidenti xanım Rouz Kristian Ossuka Rapondanı, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösini, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçi, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidi, Liviyanın Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfini, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevi qarşılayıb. SİA mövzu ilə bağlı QHT rəsmiləri arasında sorğu keçirib.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı: “Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və ona ev sahibliyi edir. Bu Qoşulmama Hərəkatı müstəqil təşkilatların, dövlətlərin bir araya gəlməyidir. Azərbaycan pandemiya dövründə də Qoşulmama Hərəkatının üzvləri vasitəsilə bu məsələni müzakirəyə çıxardı. Onlar həm də BMT-nin üzvləri olduğuna görə Qarabağ savaşında Azərbaycanın əleyhinə ciddi bir qərar verilmədi. Qoşulmama Hərəkatı həmin dövrdə də Azərbaycanı müdafiə etdilər. Ona görə də düşünürəm ki, bu hərəkatın üzvü olmaq və ona ev sahibliyi etmək bəzi məsələlərdə Azərbaycana xeyir verər, nəinki zərər. Avropa Şurasında Azərbaycan əleyhinə nə qədər qərarlar çıxarırlar. Qoşulmama Hərəkatına ev sahibliyi etməyimiz böyük əhəmiyyət kəsb edir”.

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri: “Prezident İlham Əliyevin rəhbərliyi ilə düşünülmüş və məqsədyönlü siyasət həyata keçirən Azərbaycan həm daxildə, həm də xaricdə davamlı uğurlar qazanır. Bu uğurlar özünü ölkəmizin beynəlxalq aləmdəki nüfuzunda da göstərir. Məhz bunun nəticəsidir ki, nüfuzlu beynəlxalq qurumlara sədrlik Azərbaycana həvalə edilir. Azərbaycan bu sahədə də ona göstərilən etimadı yüksək səviyyədə doğruldur. Biz bununla bağlı olaraq çox misal çəkə bilərik. Lakin Azərbaycanın elə Qoşulmama Hərəkatına sədrliyi dövründə əldə edilən uğurlara ötəri nəzər salmaq da, deyilənləri təsdiqləyir. Ümumilikdə qeyd edə bilərəm ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi bu quruma yeni nəfəs gətirib. Cənab Prezident İlham Əliyevin martın 2-də Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündəki çıxışında bəyan etdiyi kimi bu Hərəkat son bir neçə ildə beynəlxalq münasibətlərdə mühüm faktorlardan biri olub. Bu nüfuzun artmasında Azərbaycanın sədrliyi müddətində Hərəkatın dünyadakı proseslərə çevik və zamanında reaksiyası mühüm rol oynayıb.

Azərbaycanın beynəlxalq qurumlara uğurla sədrlik etmək, həmin qurumun fəaliyyətini daha da canlandırmaq potensialına malik olmasını artıq bütün dünya bilir. Digər tərəfdən hazırda Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsini verir. Öz növbəsində bu təşkilat da öz ənənəsinə sadiq qalaraq Vətən müharibəsi dövründə Azərbaycana dəstəyini davam etdirdi. Qoşulmama Hərəkatına üzv ölkələr Azərbaycanın ədalətli mövqeyini dəstəklədi, həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə birtərəfli və qərəzli bəyanatların qəbuluna imkan vermədilər”.

“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal: “Azərbaycan artıq xeyli müddətdir ki, Qoşulmama Hərəkatına uğurlu rəhbərlik edir. Azərbaycanın bu təşkilata effektiv rəhbərliyi qurum üzvü olan bir çox dövlətlər tərəfindən qeyd olunub. Hazırda keçirilən toplantılardakı çıxışlarda da bu fikirlər səsləndirilir. Bu baxımdan Azərbaycanın Qoşulmama Hərəkatını dünyada ənənəvi mövcud olan başqa beynəlxalq formatlardan fərqli bir şəkildə dünyaya təqdim etməsi özü üçün də mühüm əhəmiyyət kəsb edir. Qoşulmama Hərəkatını fərqləndirən cəhətlərdən biri də onun üzvlərinin sayının həddindən artıq çox olmasıdır. Bildiyiniz kimi, 44 günlük müharibədən sonra Azərbaycan diplomatik müstəvidə öz haqlarını qorumaq üçün mübarizəsini davam etdirir. Eyni zamanda, Azərbaycana qarşı dünyanın bir sıra beynəlxalq dairələrində ədalətsiz mövqe sərgilənir. Bu baxımdan Qoşulmama Hərəkatına üzvlük Azərbaycana bir çox hallarda imkan verir ki, bir sıra beynəlxalq platformalarda dövlətimiz əleyhinə irəli sürülən hansısa qətnamələrin, qərarların rədd edilməsində bu təşkilata üzv olan ölkələrlə birgə hərəkət edilsin. Bununla bağlı artıq bir sıra müsbət nümunələr də var. Hesab edirəm ki, Qoşulmama Hərəkatı yeni dövrdə önəmli rol oynaya bilər”.

“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli: “Qoşulmama Hərəkatı 1955-ci ildə yaranıb. Dünyanın həm nüfuz, həm də üzvlərinin sayı baxımından ikinci ən böyük beynəlxalq təşkilatıdır. Bu Hərəkata 120 dövlət üzvdür. Qoşulmama Hərəkatı adından da göründüyü kimi, digər hərbi və siyasi bloklara qoşulmayan dövlətlərin birləşdiyi qurumdur.

Azərbaycan bu Hərəkatın 2011-ci ildən etibarən üzvüdür. Həmin dövrdən bu yana Hərəkatın bütün fəaliyyətində çox aktiv iştirak edir. Azərbaycanla bağlı məsələlərin burada müzakirə olunması və müəyyən sənədlərin qəbul olunmasına nail olunmuşdu.

2012-ci ildən başlayaraq Qoşulmama Hərəkatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yekun sənədi qəbul etmiş və bu sənədə bir neçə bənd daxil edilmişdi ki, Azərbaycan və Ermənistan arasında münaqişənin dövlətlərin ərazi bütövlüyünə qarşı hörmət prinsiplərinə dəstək ifadə etmişdir.

2018-ci ildə Bakıda keçirilmiş və eyni zamanda BMT TŞ-nın qəbul etdiyi sənədləri yerinə yetirməməsi ilə bağlı təəssüf və bu münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dəstək ifadə edən bir sənəd də qəbul edilib.

Müxtəlif dövrlərdə beynəlxalq hüquq çərçivəsində həll edilməsi ilə bağlı bu cür sənədlər qəbul edilmiş və Azərbaycan da bu proseslərdə daim öz fəallığı ilə seçilmişdir.

44 günlük müharibədə qazandığımız qələbədən sonra Qoşulmama Hərəkatının nümayəndələri Azərbaycanın mövqeyini birmənalı olaraq müdafiə edir. Qoşulmama Hərəkatı Azərbaycan üçün siyasi müzakirə müstəvisidir. Eyni zamanda, öz mövqeyini ifadə etmək üçün siyasi bir meydandır. Azərbaycan da bu siyasi meydandan çox uğurla istifadə edir”.

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli: “Qoşulmama Hərəkatı BMT-dən sonra dünyanın ikinci ən nüfuzlu təsisatı hesab olunur. Burada 120 ölkə birləşir. Bu Hərəkatda həm böyük, həm də kiçik ölkələr təmsil olunur. Azərbaycan Qoşulmama Hərəkatı vasitəsilə beynəlxalq münasibətlər sistemində sıradan iştirakçı dövlət kimi deyil, həmçinin beynəlxalq proseslərdə qərarverici ölkələrdən birinə çevrilir. Bunun bariz nümunəsi pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək, vaksinlərin qeyri-bərabər paylanmasının qınanılması təşəbbüsü ilə çıxış edən, Qoşulmama Hərəkatı vasitəsilə, Azərbaycan olmuşdur.

Azərbaycan Qoşulmama Hərəkatının institusionallaşmasında əsas lider rolunu oynayır. Belə ki, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradıldığı faktının çox əhəmiyyətlı addım olduğunu vurğulamaq lazımdır.

Azərbaycanın eyni zamanda özünün milli maraqlarının müdafiə olunmasında, Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda tanıdılmasında Qoşulmama Hərəkatının rolu çox vacibdir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı çərçivəsində hər dəfə olduğu kimi, bu dəfə də Azərbaycanı narahat edən məsələləri beynəlxalq gündəmə çıxardı. Konkret olaraq, üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Prezidentin bu məsələnin qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifinin də yaxınlarda reallaşacağı ilə Azərbaycanın mina probleminin beynəlxalq gündəmdə olacağı ehtimalı realdır.

Milli maraqlarımızın bu beynəlxalq paltforma vasitəsilə müdafiəsinın effektivliyi eyni zamanda Qoşulmama Hərəkatının üzv ölkələrinin Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi ilə, eləcə də 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə birtərəfli və qərəzli bəyanatların qəbuluna imkan verməməsi ilə özünü bariz şəkildə göstərdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu dəstəyə görə Qoşulmama Hərəkatı üzvlərinə öz təşəkkürünü bildirdi.

Həmsöhbətimiz vurğulayıb ki, “ümumiyyətlə, Azərbaycan hal-hazırda zəngin dövlətçilik tarixinin ən güclü dövrünü yaşamaqdadır. Qarşıda duran perspektivlər imkan verir söyləyək ki, Azərbaycan regional və beynəlxalq əməkdaşlıq sayəsində daha da qüdrətli dövlətə çevriləcək”.

“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin icraçı direktoru Elşad Məmmədli: “Azərbaycan Qoşulmama Hərəkatının əsas simalarından biridir və hazırda bu quruma sədrlik edir. Hər kəs qəbul edir və dünya gücləri də bunun fərqindədir ki, Qoşulmama Hərəkatı yetərincə nüfuz qazanıb, hazırda dünyada gedən proseslərə mühüm təsiri olan bir təşkilata çevrilib. Azərbaycan bu təşkilatda təmsil olunmaqla dünya proseslərində nə qədər ədalətli, tərəfsizliyini ortaya qoymuş oldu.

QH faktiki olaraq BMT-dən sonra dünyada ən vacib, mühüm təşkilatdır.

O da sirr deyil ki, artıq bu Hərəkatın çərçivəsinin, imkanlarının, təsir mexanizmlərinin daha da genişləndirilməsi zərurətə çevrilib.

Biz bilirik ki, Azərbaycan Hərəkatın önəmli siması, üzvü olaraq, həm quruma sədrlik etdiyi dövrdə, həm də ondan əvvəlki vaxtlarda xeyli sayda mühüm, dünyəvi əhəmiyyət kəsb edən ciddi təşəbbüslərlə, təkliflərlə çıxış edib. Azərbaycan Prezidenti İlham Əliyev bir müddət öncə hərəkatın sədri olan dövlətin BMT Təhlükəsizlik Şurasında rotasiya qaydasında daimi üzvü olması barədə təşəbbüslə də çıxış edib.

Qoşulmama Hərəkatında mühüm sima olmaqla, Azərbaycan dünyanın diqqətini özünə bu istiqamətdən də artırmış olub. Eyni zamanda onu da vurğulamalıyam ki, QH də Azərbaycanının oradakı rolundan çox qazanıb. Azərbaycan hazırda dünyada mühüm rola, çəkiyə malik olan ölkələrdən biridir və bundan üzvü, hazırda sədri olduğumuz təşkilat da qazanır.

Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının həyatında tam yeni bir mərhələ yarandığını əminliklə söyləyə bilərik. Əlbəttə, Qoşulmama Hərəkatında bizim ən böyük qazancımız Qarabağın azadlığında bu qurumun verdiyi dəstək oldu. Qoşulmama Hərəkatı birmənalı olaraq Vətən Müharibəsində Azərbaycanın yanında oldu. Dünyanın böyük bir parçası faktiki olaraq bu xətlə bizim haqlı mövqeyimizi dəstəklədi. Təbii ki, bu, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsində baş vermişdi.

Bakıda 1-3 mart tarixlərində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü də çox yüksək əhəmiyyətə malikdir və burada mühüm qərarlar, anlaşmalar verilir, sənədlər, memorandumlar imzalanır. Hazırda dünyanın diqqəti bu tədbirdən dolayı həm də Bakıdadır”.

Number of View: 666