“Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə edərək, yeni tarix yazdı. Həmin vaxt işğalçı Ermənistan ordusunu darmadağın edən, düşməni diz çökdürən Azərbaycan eyni zamanda sülhpərvər siyasətinə sadiq qaldığını da nümayiş etdirdi və bu gün də etdirir. Azərbaycan regionda əbədi sülh və sabitliyin olması, həmçinin regionun inkişafı üçün cəhdlərini davam etdirir. Lakin təəssüflər olsun ki, Ermənistan yenə də öz ampluasındadır”.
Bu sözləri SİA-ya açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Əməkdar Jurnalist Nadir Azəri deyib.
Onun sözlərinə görə, Azərbaycandan fərqli olaraq Ermənistan regionda yeni gərginliklər yaratmaq üçün davamlı təxribatlar törədir: “Təsadüfi deyil ki, bu ölkə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın bir neçə şərtini pozmaqda davam edir. Bunun təsdiqi üçün heç də uzağa getmək lazım deyil. Məlum olduğu kimi Ermənistan Laçın-Xankəndi yolundan sui-istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan torpaqlarının təbii sərvətlərini talan edir, həmçinin, ekologiyaya ciddi şəkildə ziyan vururdu. Məhz buna etiraz olaraq Azərbaycanın ekofəalları və QHT təmsilçiləri ötən il dekabrın 12-də ərazidə dinc etiraz aksiyasına başladılar. Aksiyanın ilk günündən də bəyan edildiyi kimi Ermənistan bu yoldan həm də qanunsuz silah-srsat daşınması üçün də istifadə edirmiş. Məlumdur ki, bu silah-sursat bölgədə erməni separatçılarına, minalar isə ərazilərə döşənmək üçün aparılırdı. Lakin aksiyadan sonra Ermənistan artıq bu cinayət əməlini həmin nöqtədən reallaşdıra bilmir”.
N.Azərinin sözlərinə belə davam edib: “Bununla belə, Ermənistanın martın 5-dəki növbəti təxribatı başqa bir məqamı ortaya çıxardı. Bəlli oldu ki, Ermənistan bölgədəki separatçılara silah daşımaq üçün indi də nəzarətsiz alternativ yollardan istifadə edirmiş. Martın 5-də Ermənstan tərəfindən təxribatın törədildiyi Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu da həmin yollardan biridir. Əslində, bu cinayətkar əmələ görə təkcə Ermənistan deyil, eyni zamanda, Ermənistanı yenidən qarşıdumaya sövq edən bəzi xarici güclər də məsuliyyət daşıyırlar. Həmçinin, hesab edirəm ki, bu təxribata görə bölgədəki Rusiya sülhməramlıları da məsuliyyət daşıyır. Onlar öz öhdəliklərini və vəzifələrini dəqiqliklə yerinə yetirsəydilər, bu gün artıq ərazidə bir dənə də olsun separatçı, qanunsuz erməni silahlısı qalmaz, yaxud da Ermənistan əraziyə gizli yollarla silah-sursat, mina daşımağa cürət etməzdi”.
N.Azəri sonda “bizlər Laçın-Xankəndi yolunda aksiyaya başlayanda az qala bütün dünyanı üstümüzə qaldırmaq istəyən xarici güclər, o cümlədən uzaq-yaxın qonşular indi buyursunlar Ermənistanı bu cinayətkar əməlinə görə cəzalandırsınlar. Eyni zamanda, BMT, AB, NATO kimi beynəlxalq qurumlar da hərəkətə keçməli, Ermənsitanın cinayətkar əməllərinə qiymət verməli və ona “dur” deməlidirlər. Təbii ki, əgər onlar sülh çağırışında səmimidirlərsə. Bunu da hər kəs bilsin ki, Azərbaycanın güclü ordusu var və ordumuz hər an istənilən təxribatın qarşısını almağa qadirdir” deyib.
Number of View: 2902