DİNİB – in tələbə və gənclərlə görüşləri davam edir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) “Qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunması” adlı layihəsinin icrasını davam etdirərək, Azərbaycan İlahiyyat İnstitutunda növbəti konfransı keçirilib.
İctimai Birlikdən verilən məluamat görə, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbiri giriş sözü ilə DİNİB-in idarə heyətinin üzvü Günay Hacıyeva açaraq layihə haqqında geniş məlumat verib. O qeyd edib ki, hər bir cəmiyyətdə milli və mənəvi dəyərlərin qorunması həmin cəmiyyətin inkişafı ilə mütləq şəkildə əlaqəlidir. Çünki hər bir xalq özünəməxsus dəyərlərin daşıyıcısıdır. Natiq çıxışına davam edərək, Azərbaycan tolerant bir ölkə olsa da, əsas dinimiz olan islam dininin insan məvəviyyatının formalaşmasındakı rolundan danışıb.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru; İlahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov qonaqları salamladıqdan sonra qeyd edib ki, dünyamızın qlobal bir “kənd”ə çevrildiyi və hakim mədəniyyətlərin öz təsirlərini gündən-günə artırdığı müasir dövrdə milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması böyük zərurət kəsb edir. Tarix onu göstərir ki, yalnız milli-mənəvi köklərinə bağlı olan xalqlar öz identikliklərini qoruyub-saxlayır və beləcə yad kimliklərin işğalından xilas ola bilirlər. Milli-mənəvi dəyərlərimiz xalqımızın formalaşmasında xüsusi rola malik olmaqla yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də müstəsna yerə malikdir. Rektor çıxışına davam edərək bildirib ki, təqdirəlayiq haldır ki, bu gün dəyərlərimiz dövlətimizin himayəsi altında qorunur. Tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, ədəbiyyat və incəsənətimiz milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir. Cəmiyyətimizi formalaşdıran bu dəyərlərimiz bizi intibaha yönəldir. Onları qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin mənəvi borcudur.

“Dialoq və İnkişaf Naminə” İctimai Birliyin sədri Çingiz Bayramov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, milli-mənəvi dəyərlərimizin inkişafı, qorunması üçün dövətimiz çox böyük işlər görüb. Məsələn, İlahiyyat İnstitutunun yaradılmasını xüsusiylə qeyd etmək yerinə düşərdi. İctimai Birliyin sədri qeyd edib ki, İlahiyyat İnstitutunda təhsil alan tələbələr milli idologiyamızı dərindən öyrənməli, güclü ideoloji bilik və bacarıqlara sahiblənməlidir. Çünki, milli-mənəvi dəyərlər dövlətimizin güclü olmasına xidmət edən əsas amillərdən biridir.

“İqtisadi Araşdırmalar və Təhlil Mərkəzi”nin rəhbəri, Xəzər Universitetinin müəllimi Radil Fətullayev öz çıxışında milli mənəvi dəyərlərin iqtisadi aspektləri barədə söhbət açaraq dünyada baş verən proseslərin fonunda bəşəri dəyərlərin pozulması hərəkatlarını və onların nəticələrini təhlil edib. Həmçinin Azərbaycanda fəaliyyət göstərən müəssislərdə mənəvi və iqtisadi dəyərlərin qorunması ilə bağlı təhlillər apararaq gənclərin və alimlərin üzərinə düşən vəzifələrdən söhbət açıb. “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) İdarə Heyətinin üzvü, Vidadi Məmmədov çıxış edərək bildirib ki, mənəvi dəyərlər dedikdə, yalnız dini dəyərlər başa düşülməməlidir. Xüsusilə milli-mənəvi dəyərimiz olan Azərbaycan dilinin daima öyrənilərək ədəbi dil səviyyəsində saxlanmasına çalışmalıyıq. Azərbaycan xalqının ədəbiyyatı güclü olduğundan, mənfi təsir və cərəyanlara baxmayaraq, dilimiz dünya dilləri arasında daima mövcudluğunu saxlaya bilmişdir. Əsasən texniki sahələri əhatə edən ədəbiyyatlarımızın azlığı narahat edicidir. Natiq çıxışında vurğulayıb ki, İlahiyyat İnstitutunun gəncləri cəmiyyətimizdə öz xüsusi yerlərini tutaraq milli-mənəvi dəyərlərimizin qorunub saxlanması istiqamətində mühüm işlər görəcəklər.

Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməsi fikirlərini konfrans iştirakçılarının diqqətinə çatdırırdı.

Tədbir tələbələrin sualları və maraqlı çıxışları ilə yekunlaşıb.

Number of View: 722