Elməddin BEHBUD
Düşmənin 9 noyabr tarixli rəsmi anlaşmanı bu və ya digər səbəbdən pozması, əlbəttə ki, arzuolunmaz haldır və mövcud narahatçılığın və gərginliyin daha da artırılmasına xidmət edir. Erməni sözünün riyakarlıq və yalan sözləri ilə sinonim olduğunu nəzərə alaraq baş verənlərdən doğrusu o qədər də təəccüblənmirəm. Biz eyni zamanda Rusiyanın Cənubi Qafqaz regionuna necə gəldiyini və həmişə burada oynadığı rolu 4 avqust 1783-cü ildə Şərqi Gürcüstanın (Kartli və Kaxetiya çarlığı) çar Rusiyasının himayəsinə keçməsi barədə bağlanmış məşhur Georgiyevsk traktatından 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrinə və elə bugünkü hafisələrə qədər müfəssəl şəkildə bilirik…
Bu cəhətdən postsovet məkanındakı dondurulduğu iddia olunan münaqişələrin tarixində ilk dəfə olaraq Qarabağ məsələsinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük döyüş əməliyyatlarında göstərilən müstəsna qəhrəmanlıqla Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin regionda və dünyada yaratdığı presidentin nə qədər mühüm əhəmiyyət daşıdığını soyuq başla analtik təhlil edərək dəqiq və doğru qiymətləndirməyimiz lazımdır. Ermənilərin həyasızcasına və xüsusi vəhşiliklə qarət etdikləri Kəlbəcərdəki əmlakımızı daşıyıb aparmaq üçün 10 gün yenə möhlət istəmələri qəbulolunmaz olsa da cəmi 50 gün öncə ilə müqayisədə dözülməz deyil. Doğrudur, Ermənistan hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması ilə bağlı qrafikə əməl olunmasına nəzarət etməli olanlar rəsmi İrəvanın meşə massivlərinin məhv edilməsi, arxeoloji eksponatların oğurlanıb aparılması və torpaqlarımızın minalanması cinayətlərinə susqunluqla yanaşmamalıdırlar.
Bu da həqiqətdir ki, biz o 3 rayonu (eləcə də digərlərini) 1993-cü ildə yüzlərlə şəhid verdikdən sonra itirmişdik. Ona görə qəbul etməliyik ki, ermənilərin indi ekosistemə vurduqları zərbə, maddi və mənəvi obyektləri qarət etməsi formasında əsəblərimizi sınağa çəkməsi ilə 9 noyabr razılaşmasından bir qədər gec də olsa şəhid vermədən Ağdam, Kəlbəcər və Laçını işğaldan azad edəcəyimizin strateji üstünlüyü qətiyyən müqayisə oluna bilməz.
15 noyabr tarixinin 25 noyabrla əvəzlənməsi üçün Putinin xahişinin nəzərə alınması Ankarada davam edən Türkiyə-Rusiya heyətlərinin atəşkəsə və üçtərəfli razılaşmanın digər bütün bəndlərinə əməl olunmasına praktik nəzarətin təmin olunması ilə bağlı müzakirələrin gərgin və hələ ki, nəticəsiz qaldığı vəziyyətdə baş verdiyini də unutmamalıyıq.
Ali Baş Komandanın torpaqlarımızı işğaldan azad edəcəyi ilə verdiyi vədi böyük cəsarət və uzunmüddətli hazırlıq tələb edən möhtəşəm bir savaşla gerçəkləşdirməsi bütün xalqımızı dövlət maraqlarımızın ətrafında daha da sıx surətdə birləşməyimizi və Cənab Prezidentin qəbul etdiyi qərarlara bundan sonra dq böyük inamla yanaşmağı zəruri edir. Əminəm ki, Prezident İlham Əliyevin polad iradəsi, dərin siyasi zəkası və qardaş Türkiyənin əvəzolunmaz dəstəyi ilə qəbul olunan strateji qərarlar özünü bölgənin 200 ildir sahibi sayan böyük gücün milli maraqlarımız çərçivəsində və qarşılıqlı hörmət əsasında neytrallaşdırılmasını təmin edəcək. Bu, çox çətindir, ancaq mümkündür.
Tanrı üzərimizdəki müqəddəs vəzifəni sonadək və şərəflə başa çatdırmaqda yardımçımız olsun!
Number of View: 1936