Prezident Rusiya ictimaiyyətinə strateji mesajlar verdi – Azay Quliyev yazır

Azərbaycan Prezidenti İlham Əliyevin Rossiya 24 televiziya kanalının aparıcısı Kisilyova verdiyi tarixi müsahibə informasiya savaşında ölkəmizin növbəti və möhtəşəm qələbəsi idi. Dövlət başçısının çox dəqiq, sərrast, arqumentli və inandırıcı formada verdiyi cavablar, ölkəmizin haqlı mövqeyini peşəkar və əsaslandırılmış şəkildə Rusiya və dünya ictimaiyyətinə çatdırması indiki zamanda çox vacib idi.
Cənab Prezident Azərbaycanın bir tərəfdən münaqişənin həllində konstruktiv mövqe tutan, beynəlxalq norma və prinsiplərə tam əməl edən ölkə olduğunu, digər tərəfdən isə milli maraqlarından, ərazi bütövlüyünün bərpası uğrunda apardığı müqəddəs savaşdan vaz keçməyəcəyini qətiyyətlə bəyan etdi. Ən vacibi isə cənab Prezident bu çıxışında Rusiyanı Azərbaycana qarşı yönəltmək istəyən Ermənistanın və digər maraqlı qüvvələrin bütün planlarını və bəhanələrini darmadağın etdi. Rusiya ilə ikitərəfli münasibətlərin ən yüksək səviyyədə olduğunu və bunun gələcəkdə də qorunub saxlanacağını qeyd etməklə həm də Rusiya rəhbərliyinə və ictimaiyyətinə açıq mesaj vermiş oldu ki, Azərbaycan öz yaxın qonşuluq və stateji tərəfdaşlıq siyasətinə sadiqdir.
Bütün bunların fonunda rəzil durumda olan Paşinyanın hər sözü isə Azərbaycanın xeyrinə işləyirdi, işğalçı ölkənin faciəvi durumunu bir daha təsdiq edirdi. Müsahibədən sonra Rusiya politiloqları və ekspertlərinin verdiyi şərhlərdə də Azərbaycan Prezidentinin işğalçı ölkənin baş nazirindən müqayisə olunmaz dərəcədə həm intellekt, həm peşəkarlıq, həm də haqlılıq baxımından nə qədər üstün olduğu qeyd olunurdu. Azərbaycan Prezidenti, Ali Baş Komandan döyüş meydanında apardığı uğurlu stategiya və taktikanı eyni cəsarətlə və iradə ilə informasiya və diplomatiya sahəsində də aparır. Azərbaycan lideri regionda yeni düzəni formaşdırır, növbəti qələbələr üçün hər gün yeni imkanlar yaradır və bütün maneləri bir-bir aradan qaldırır.
Mən əminəm ki, bu mesaj tam vaxtında, çox peşəkar və müdrikcəsinə verilmiş stateji əhəmiyyətə malik tarixi mesaj idi və bu müsahıbə ilə Rusiya ictimai rəyində ölkəmizə qarşı süni şəkildə yaradılmağa çalışılan mənfi rəy əhəmiyyətli dərəcədə aradan qaldırıldı, Azərbaycanın nə qədər haqlı və konstruktiv olduğu bir daha Rusiya ictimaiyyətinə çatdırıldı.
Bu gün Azərbaycan Prezidenti yeni geosiyasi reallıqlar yaradır, regiona yeni düzən verir və ənənəvi qüvvələr balansını xeyrimizə dəyişir. Belə tarix yazmaq çox çətin və mürəkkəb vəzifədir. Bunun üçün təkcə dərin zəka, sərkərdərlik qabiliyəti, mahir siyasətçi olmaq tələb olunmur, bunun üçün həm də böyük ürək, qorxmazlıq və cəsarət tələb olunur.
Əminəm ki, Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin Zəfər Sərkərdəsi və müdrik siyasətçisi kimi, Azərbaycan Ordusu ən peşəkar və döyüşkən Ordu kimi, Azərbaycan Xalqı isə ən qəhrəman Xalq kimi tarixə düşəcək.
Qarabağ Azərbaycandır!

Number of View: 1523