Sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana növbəti hərbi təcavüzü və Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı ilə bağlı ölkəmizin qeyri-hökumət təşkilatları dərhal səfərbər olaraq fəaliyyətini Vətən müharibəsinin tələblərinə uyğun təşkil etməyə başlayıb. Döyüş əməliyyatlarının ilk günündən etibarən QHT-lər Ordumuzun Ermənistanı sülhə məcburetmə əməliyyatlarına çevik və adekvat ictimai dəstək verir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərin bununla bağlı bütün təşəbbüslərinə təşkilati, texniki və digər zəruri dəstəyi təmin edir.
Şuradan AZƏRTAC-a bildiriblər ki, sentyabrın 27-də 1128 qeyri-hökumət təşkilatı xalqa müraciətində Ali Baş Komandana və Ordumuza tam dəstəyini ifadə edib. QHT rəhbərləri bir nəfər kimi Vətən müharibəsinə töhfə vermək üçün əlindən gələni edəcəyini, həmçinin əmr veriləcəyi təqdirdə qəhrəman Ordumuzun sıralarında düşmənə qarşı vuruşmağa hazır olduğunu bildirdi. QHT-lər ötən 16 gündəki fəaliyyətləri ilə bir daha sübut etdi ki, onlar ictimai rəyin formalaşmasında, milli həmrəyliyin gücləndirilməsində və informasiya müharibəsində əhəmiyyətli rol oynayan ictimai aktorlardır.
QHT-lər fəaliyyətini əsasən informasiya müharibəsində üstünlüyümüzü təmin etmək, düşmən və onun havadarlarının ölkəmizə qarşı apardığı yalan və böhtan kampaniyasını zərərsizləşdirmək və ən vacibi isə Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə və soyqırımı cinayətləri barədə dünya ictimaiyyətini dərhal və geniş şəkildə məlumatlandırmaq istiqamətində qurub. Bu iş davam etdirilir.
Son iki həftə ərzində yüzlərlə QHT 26 beynəlxalq təşkilata, 7 ölkənin prezidentinə və Xarici İşlər nazirlərinə, beynəlxalq ictimai qurumlara 15 müraciət və bəyanat göndərib. QHT-lərin fərdi və kollektiv formada imzaladığı bu bəyanat və müraciətlər müxtəlif dillərdə müvafiq qurumların elektron ünvanları ilə yanaşı, onların sosial media hesablarına da göndərilib. Ancaq təəssüflər olsun ki, kiçik istisnaları çıxmaq şərtilə beynəlxalq təşkilatlar Ermənistanın həyata keçirdiyi dövlət terroruna, mülki vətəndaşları və infrastrukturu hədəfə alaraq beynəlxalq hüququn norma və prinsiplərini tapdamasına açıq və birmənalı reaksiya verməkdən çəkinir.
İndiyədək müraciət göndərilən beynəlxalq təşkilatların siyahısı ilə bir daha tanış ola bilərsiniz:
1) BMT-nin Baş katibinə
2) BMT Təhlükəsizlik Şurasına
3) ATƏT-in fəaliyyətdə olan sədrinə
4) ATƏT PA-nın prezidentinə
5) AŞPA prezidentinə
6) NATO-nun Baş katibinə
7) NATO PA-nın prezidentinə
8) MDB PA-nın rəhbərinə
9) Avropa Şurasının prezidentinə
10) Avropa Komissiyasının prezidentinə
11) Avropa Parlamentinin prezidentinə
12) TÜRKPA-nın prezidentinə
13) QDİƏT PA-nın prezidentinə
14) Avronest Parlament Assambleyasına
15) Parlamentlərarası İttifaqın prezidentinə
16) İslam Əməkdaşlıq Təşkilatının prezidentinə
17) İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının prezidentinə
18) ABŞ Konqresinin nümayəndələr palatasına
19) “Amnesty İnternational” təşkilatına
20) UNICEF-in icraçı direktoruna
21) Uşaqları Xilasetmə Beynəlxalq Təşkilatının İdarə Heyətinin sədrinə
22) Beynəlxalq Uşaq Hüquqları Bürosunun prezidentinə
23) SOS Beynəlxalq Uşaq Kəndlərinin prezidentinə
24) Uşaq Müdafiə Fondunun icraçı direktoruna
25) Uşaqlar üçün Qlobal Fondunun prezidentinə
26) Rusiya mediasına və jurnalist təşkilatlarına
QHT-lər, həmçinin aşağıdakı ölkələrin prezidentlərinə və Xarici İşlər nazirlərinə müraciətlər ünvanlayıb:
1) ABŞ Prezidenti Donald Trampa
2) Fransa Prezidenti Emmanuel Makrona
3) Rusiya Prezidenti Vladimir Putinə
4) Almaniya Xarici İşlər naziri Hayko Maasa
5) ABŞ Dövlət katibi Mayk Pompeoya
6) Rusiya Xarici İşlər naziri Sergey Lavrova
7) Fransa Xarici İşlər naziri Jan-İv Lö Driana
QHT-lər bu müraciətlərdə beynəlxalq ictimaiyyəti, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə beynəlxalq mandata malik olan vasitəçi dövlətləri – Minsk qrupunun həmsədrlərini Ermənistanın ön cəbhədən xeyli uzaqlıqda yerləşən Azərbaycanın yaşayış məntəqələrini, xüsusilə Gəncəni raket atəşinə tutaraq uşaq və qadınlar da daxil olmaqla mülki vətəndaşları qətlə yetirməsinə və mülki infrastrukturu dağıtmasına laqeyd qalmamağa, işğalçı ölkəyə qarşı cəza tədbirləri görməyə çağırıblar.
Təəssüflər olsun ki, bu müraciətlərin heç birinə müvafiq ünvanlardan hələ də adekvat reaksiya gəlməyib.
Number of View: 382