Dövlətin diaspor quruculuğu siyasətində yeni mərhələ: perspektivlər və gözləntilər

İstər bu mərhələdə həyata keçirilən genişmiqyaslı işlər, istərsə də xaricdəki diaspor təşkilatlarında baş verən yenilənmələrin fonunda gənclərin önə çəkilməsi gənc könüllülərin diaspor fəaliyyətində iştirakı üçün daha münbit zəmin yaradıb

IV yazı

Yay Düşərgələri yeni sima və ideyaların ortaya çıxmasında əhəmiyyətli rol oynayıb. Gənclərin aktivliyi yeni nəsil diasporun formalaşması, həm də diaspordakı təbii yenilənmə prosesi deməkdir. Bugünkü ictimai fəal gənclər gələcəyin diaspor liderləridir. Xaricdəki aktiv gənclər çox böyük potensial gücə malikdirlər. Bu baxımdan, xaricdəki gənclər informasiya müharibəsinə öz töhfələrini verə bilərlər. Fikrimizcə, xaricdəki gənclərdən ibarət ölkə və ya regionlar üzrə könüllü qrupların yaradılması ilə informasiya müharibəsində daha effektli nəticələrə nail olmaq mümkündür.

Gənc könüllülər diaspor sahəsində dövlət siyasətinə ictimai dəstəyin təşkilində və uyğun maarifləndirici aksiyalarda iştirak edirlər

Hazırda diaspor sahəsində aparılan islahatlar və qarşıya qoyulan vəzifələrin icrası üçün atılan addımlar öz müsbət nəticəsini verir. Ən vacib məqam kimi isə xaricdəki soydaşlarımızın təşkilatlanması və həmrəyliyinin güclənməsi xüsusi qeyd olunmalıdır. Belə ki, son zamanlar Almaniya, Fransa, İsveçrə, İsveç, Hollandiya, ABŞ və s. ölkələrdə Koordinasiya Şuralarının yaradılması birlik və həmrəyliyin nümunəsidir. Belə şuralar perspektiv layihələri həyata keçirərkən xaricdəki soydaşlarımızın həmrəylik və fəallıq nümayiş etdirməsində kömək olacaq. Çünki bütün hallarda həmrəylik sonda diasporun güc mərkəzinə çevrilməsinə xidmət edir.

DİDK tərəfindən son iki ildə gənc könüllülərin diaspor işinə cəlb edilməsinə də xüsusi həssaslıqla yanaşılıb. Bu baxımdan DİDK-nin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 fevral tarixli Azərbaycan Gənclər Gününə həsr olunmuş Respublika toplantısında söylədiyi “Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər” fikirlərə əsaslanan “Azərbaycan Diaspor Könüllüləri” adlı proqramı diqqət çəkir. 2019-cu ilin martında start verilən proqram çərçivəsində diaspor könüllüsü olmaq istəyən 18-29 yaş arası gənclər seçilir.

Müraciət edənlər içərisindən seçilmiş “Azərbaycan Diaspor Könüllüləri” 2 ay müddətində DİDK-də müvafiq Könüllülük proqramı keçirlər. Proqramın ilk iki həftəsi gənclərə könüllülük fəaliyyəti, diaspor, Azərbaycan diaspor hərəkatı haqqında ümumi məlumatlar verilir. Növbəti həftələrdə isə proqram ayrı-ayrı qruplar şəklində müvafiq struktur şöbələrində davam etdirilir. Proqramda tam iştirak etmiş gənclərə DİDK tərəfindən sertifikatlar verilir.

“Azərbaycan Diaspor Könüllüləri” layihəsinin təqdimatında DİDK sədri Fuad Muradov, Komitənin ilk dəfədir belə bir layihəyə start verdiyini deyərək, bildirib ki, bu proqram Azərbaycan dövlətinin diaspor siyasətinin tərkib hissəsidir. Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyev hər zaman Azərbaycanda könüllülər hərəkatının genişləndirilməsi məsələsinə xüsusi önəm verib. “Bu gün könüllülər Azərbaycanda həyata keçirilən əksər beynəlxalq layihələrdə yaxından iştirak edirlər. Müxtəlif dövlət qurumlarında könüllülərlə bağlı layihələr təşkil edilir. Bizim bu layihədə əsas məqsəd odur ki, gənclər beynəlxalq hüquq, beynəlxalq əlaqələr sahəsində biliklər əldə etsinlər, müxtəlif tədbirlərin həyata keçirilməsində töhfələrini versinlər”, – deyə F.Muradov vurğulayıb.

Yeni gənc kadrların hazırlanmasına DİDK-nin verdiyi töhfə

Artıq gənc könüllülər diaspor sahəsində dövlət siyasətinə ictimai dəstəyin təşkilində, müxtəlif yerli və beynəlxalq layihələrdə və uyğun maarifləndirici aksiyalarda iştirak edirlər. Qeyd edək ki, diaspor könüllüləri və xaricdə yaşayan gənc diaspor fəallarının birgə təşəbbüsü ilə “Karabakh is Azerbaijan!” milli platformasının yaradılması haqqında qərar qəbul edilib, bu istiqamətdə işlərə başlanılıb. Eyni zamanda, “Azərbaycan Diaspor Könüllüləri”nin təşəbbüsü ilə formalaşmış “Karabakh is Azerbaijan!” milli platformasının beynəlxalq bölməsi yaradılıb və xarici ölkələrin gəncləri arasında “Qarabağ Azərbaycandır!” şüarının təbliğ olunması ilə bağlı kampaniyaya start verilib. Bu qrupun məqsədi ölkəmizdə və xaricdə yaşayan azərbaycanlı gənclərin vasitəsilə Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və “Qarabağ Azərbaycandır!” ifadəsinin bütün dünyaya davamlı olaraq bəyan edilməsidir.

Bu kimi könüllülük layihələri diaspor gəncləri arasında böyük marağa səbəb olub. Bu, eyni zamanda, yeni gənc kadrların hazırlanmasına DİDK-nin verdiyi töhfədir.

Beləliklə, ümumi qənaət budur ki, dövlətin diaspor quruculuğu siyasətində yeni mərhələ başlayıb. Və istər bu mərhələdə həyata keçirilən genişmiqyaslı işlər, istərsə də xaricdəki diaspor təşkilatlarında baş verən yenilənmələrin fonunda gənclərin önə çəkilməsi gənc könüllülərin diaspor fəaliyyətində iştirakı üçün daha münbit zəmin yaradıb.

Fuad Hüseynzadə

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) “Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması” layihəsi çərçivəsində dərc olunub

Number of View: 1184