Ermənistanın 27 sentyabr təxribatı və Azərbaycan Ordusunun bütün cəbhəboyu əks-hücuma keçməsi ilə əlaqədar Almaniya Azərbaycanlıları Alyansı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda Ermənistanın işğalçılıq məqsədilə təxribatçı hərəkətlərini davam etdirməklə regionda daha da təhlükəli vəziyyət yaratmasının beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən kəskin şəkildə pislənilməli olduğu bildirilib.
Almaniyada yaşayan azərbaycanlılar və Azərbaycan diaspor təşkilatları təəssüf hissi ilə bəyan edib ki, 27 sentyabr 2020-ci il saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Bu, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanların və obyektlərin atəşə tutmasının qəsdən və hədəflənmiş növbəti təxribatıdır. Ermənistan işğalçı qüvvələrinin təxribatı nəticəsində mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar var, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib. Almaniya Azərbaycanlıları Alyansının üzvləri bildiriblər ki Ali Baş Komandan İlham Əliyevin hər zaman olduğu kimi yüksək qətiyyət göstərərək ordumuza düşmən üzərinə əks-hücum əmri verməsi, bununla əlaqədar xalqımıza müraciət etməsi hər bir azərbaycanlıda olduğu kimi onlarda da qələbə əhval-ruhiyyəsi yaradıb.
Almaniya Azərbaycanlıları Alyansının icraçı direktoru Qurban Məmmədov jurnalistlərə bildirib ki, Alyans dünya dövlətlərini, beynəlxalq təşkilatları Ermənistanın işğalçı siyasətini dayandırması və işğal edilmiş Azərbaycan ərazilərini dərhal azad etməsi üçün təsir göstərməyə, Ermənistan hökumətinin beynəlxalq hüquq və normalara riayət etməsini təmin etməyə çağırıb.
Number of View: 1852