Ermənistanın Gəncəyə qarşı törətdiyi hərbi cinayətlə bağlı Azərbaycan QHT-lərinin beynəlxalq ictimaiyyətə
MÜRACİƏTİ
4 oktyabr 2020-ci il
Bakı, Azərbaycan
Bu ilin sentyabrın 27-dən etibarən Ermənistanın silahlı qüvvələri Azərbaycanın mülki əhalisini və mülki obyektlərini artilleriya və raket atəşinə tutmaqda davam edir.
Bu gün, yəni 4 oktyabr 2020-ci ildə Ermənistan beynəlxalq humanitar hüququn və hərbin bütün qaydalarını növbəti dəfə kobud şəkildə pozaraq, bir daha öz acizliyini nümayiş etdirərək münaqişə zonasından uzaqda yerləşən 500 minlik əhalisi olan tarixi Gəncə şəhərini raket atəşinə tutmuş və nəticədə 1 nəfər həlak olmuş, 4 nəfər yaralanmış və tarixi abidələr dağıdılmışdı. Ermənistan silahlı qüvvələri Gəncə şəhərinə raket zərbəsi endirən zaman beynəlxalq konvensiyalarla qəti qadağan edilən kasetli bombalardan istifadə etmişdi.
Bu günə olan statistik məlumatlara görə Ermənistanın Azərbaycanın 10-dan çox rayon və şəhərlərinə endirdiyi raket zərbələri nəticəsində 23 mülki şəxs qətlə yetirilib və 76 nəfər yaralanıb, dövlət və özəl mülkiyyətə ciddi ziyan vurulub.
Ermənistanın mülki əhalini bilərəkdən hədəfə almaqda məqsədi müharibənin coğrafiyasını genişləndirmək, diqqəti işğal etdiyi Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayondan yayındırmaq və 3-cü ölkəni münaqişəyə cəlb etməkdən ibarətdir.
Biz, Azərbaycan QHT-ləri, dərin narahatlıq hissi ilə beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın siyasi və hərbi rəhbərliyinin insanlıq əleyhinə törətdiyi cinayətlərə cəlb edir və beynəlxalq humanitar qanunun, xüsusilə 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasının Ermənistan tərəfindən kobud şəkildə pozdulduğunu bildiririk.
Biz bu müraciətə imza atan Azərbaycanda fəaliyyət göstərən yüzlərlə QHT adından dünyada fəaliyyət göstərən hüquq müdafiə təşkilatlarına, QHT-lərə, media təmsilçilərinə, parlament üzvlərinə və hökumətlərə müraciət edir, Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törədiyi hərbi cinayətlərə etiraz etməyə və bu cinayət əməllərini qəti şəkildə pisləməyə çağırırıq.
Sonda onu da bildirmək istəyirik ki, Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərə, işğala və təcavüz aktına, xüsusilə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmədiyinə görə Ermənistanın indiyə kimi cəzasız qalması, bu gün onun daha təhlükəli və qəddar cinayət törətməsinə səbəb olur.
İmza 292 QHT
Number of View: 1551