Milli QHT Forumu Gəncənin Ermənistan tərəfindən atəşə tutulması ilə bağlı bəyanat yaydı

Bu gün Azərbaycanın ikinci böyük şəhəri, qədim tarixə malik Gəncə Ermənistan ərazisindən atəşə tutulub. Nəticədə dinc əhali arasında ölən və xəsarət alanlar var, çoxlu sayda mülki obyektə ziyan dəyib. Ermənistanın yeni təxribatı ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb.

Bəyanatda deyilir:

Sentyabrın 27-dən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarında dinc əhaliyə və mülki obyektlərə qarşı növbəti silahlı münaqişəyə başlayan Ermənistan öz təcavüzkar siyasətinin arealını genişləndirməyə başlamışdır.

Bu bir həftə ərzində 20 nəfər mülki vətəndaşımızı, o cümlədən uşaq və qadınları qətlə yetirən Ermənistan silahlı qüvvələri oktyabrı 4-ü səhər saatlarında daha bir geniş təcavüzkar addıma əl ataraq, Azərbaycanın ikinci böyük şəhəri, 500 000-ə yaxın əhalisi olan Gəncə şəhərini, onun dinc sakinlərini və mülki obyektlərini ağır artilleriya və raket hücumuna tutmuşdur.

Nəticədə bu qədim şəhərin 1 dinc sakini həlak olmuş, 5 nəfəri yaralanmış və xeyli sayda mülki obyekt və yaşayış binası zərər görmüşdür.

İnsanlıq əleyhinə cinayətləri dövlət siyasətinə çevirən işğalçı Ermənistan bu təcavüzkar hərəkəti ilə bir daha beynəlxalq konvensiyaları, humanitar hüququ ayaqlar altına atdığını nümayiş etdirdi.

Münaqişə zonasından xeyli kənarda yerləşən Gəncə şəhərinin dinc sakinlərinin ağır artilleriyadan atəşə tutulması beynəlxalq hüquq norma və prinsiplərinin, o cümlədən 1949-cu il tarixli Cenevra konvensiyaları və onların əlavə protokollarının, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin kobud surətdə pozulmasıdır.

Şüurlu və düşünülmüş şəkildə cəbhə arealını Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən uzaqlaşdıraraq üçüncü tərəfləri də münaqişəyə cəlb etmək cəhdi ilə ölkəmizin qərb bölgələrini güclü atəşə məruz qoyur ki, Azərbaycanın başlatdığı əks-həmlə və sülhə məcbur etmə əməliyyatı hansısa formada ləngisin və ölkəmiz dövlət sərhədini pozmağa təhrik edilsin.

Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət bu bir həftə ərzində Ermənistanın təcavüzkar addımlarını, mülki vətəndaşlara qarşı silahlı hücumunu dayandırması ilə bağlı heç bir ciddi tədbir görməmişdir. Azərbaycan ictimaiyyəti və vətəndaş cəmiyyəti qurumları aqressiv Ermənistanın bu növbəti insanlığa qarşı vəhşi addımını pisləyir və beynəlxalq gücləri Ermənistanı dayandırmağa səsləyir.

Number of View: 833