İsveçin KİV nümayəndələri Ermənistanın son təxribatları barədə məlumatlandırılıb

İsveç Azərbaycanlıları Koordinasiya Şurası (İAKŞ) Ermənistanın son hərbi təxribatları ilə əlaqədar Stokholmda mətbuat konfransı təşkil edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Ermənistan ordusunun cəbhəboyu ərazidə törətdiyi növbəti təxribatlar barədə ətraflı məlumat verilib, İsveçin media nümayəndələrinin sualları cavablandırılıb. İsveç Jurnalistlər Birliyinin üzvlərinin, bloggerlərin, eləcə də konfransda iştirak edən təşkilat və dərnək nümayəndələrinin suallarına İsveç Azərbaycanlıları Koordinasiya Şurasının rəhbəri və İsveçdəki Azərbaycan diasporunun fəalları cavab veriblər.

Bildirilib ki, Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan ərazilərindən yaşayış məntəqələrini, mülki əhalini atəşə tutur, dünyanın müxtəlif ölkələrindən terrorçu qruplaşmaların üzvlərini diaspor nümayəndəsi adı ilə Dağlıq Qarabağa gətirirlər.

Sonra İsveç cəmiyyətinə və müxtəlif dövlət orqanlarına Azərbaycanın rəsmi mövqeyinin çatdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

İsveç Azərbaycanlıları Koordinasiya Şurasını və bu ölkədəki müxtəlif Azərbaycan diaspor təşkilatlarını təmsil edən İradə Əliyeva, Abdulla Amir Həşimi Cavanşir, Nadir Hollenbrand, Teymur Eminbəyli, Gülüş Nemətova, Emin Eminbəyli, Rauf Səfərli, Səbinə İskəndərli, Türkan Cəfərzadə, Eluca Atalı jurnalistlərin Qarabağ problemi, bu mövzuda Avropada aparılan təbliğat, Dağlıq Qarabağ və ətraf rayonların işğalı, həmin ərazilərdəki təbii sərvətlərin talanması ilə bağlı suallara cavab verib, bəyanatlar səsləndiriblər.

Bəyanatlar həm mətbuat orqanlarına, həm də rəsmi qurumlara yönəldilib.

Mətbuat konfransında İsveçdə fəaliyyət göstərən 21 Azərbaycan təşkilatı və dərnəyi təmsil olunub.

Number of View: 1000