Sevdamız türklük sevdası

Yaxud Türkiyə QHT-ləri ilə özülü qoyulan dostluq körpüsü Özbəkistan QHT-ləri ilə daha da möhkəmləndirildi

Nadir İSMAYILOV – Əməkdar jurnalist, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri

“Sovet dönəmində Heydər Əliyevin rəhbərliyi ilə atılan addımlar Özbəkistanla münasibətlərin yüksək səviyyəyə çatdırılması, daha sonra strateji tərəfdaşlığın əsasının qoyulmasına, ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə geniş yol açdı. Cənab Heydər Əliyev həmişə özbək xalqının böyük dostu olaraq bizimlə qardaşlıq münasibətlərinin inkişaf etdirilməsinə çox ciddi əhəmiyyət verirdi. Düzdür, xalqlarımız arasında qarşılıqlı əlaqələrin tarixi minilliklərin dərinliyinə dayansa da, bu münasibətlərin dinamik inkişafı XX əsrin 70-ci illərinə – Özbəkistan və Azərbaycanın ovaxtkı rəhbərləri – Şərəf Rəşidovla Heydər Əliyevin dostluğunun gücləndiyi dövrə təsadüf edir”.

Bu fikirlər Özbəkistanın İstanbuldakı keçmiş baş konsulu Abror Gulyamova məxsusdur. Xatırladaq ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) olaraq biz bu il “Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı layihəni reallaşdırdıq. Həmin layihə çərçivəsində türk dünyasının ictimai-siyasi xadimlərinin, müxtəlif peşə sahiblərinin Heydər Əliyevin türk dünyasındakı xidmətlərinə dair fikirlərindən ibarət məqalələr də hazırladıq. Belə məqalələrdən biri də məhz A.Gulyamovun fikirləri əsasında hazırlanmışdı. Vurğuladığımız kimi girişdəki fikirlər də həmin məqalədə öz əksini tapmışdı.

Özbəkistan-Azərbaycan əlaqələri müstəqillik dövründə daha da möhkəmlənib

Elə noyabrın 27-də Füzuli şəhərində keçirilən Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumundakı çıxışlarda da bu məqam xüsusi olaraq vurğulandı. Qeyd edildi ki, sovet dövründə Şərəf Rəşidovla Heydər Əliyevin dostluğundan güc alan Özbəkistan-Azərbaycan əlaqələri müstəqillik dövründə daha da möhkəmlənib. Bu münasibətlər hazırda da inkişaf edir.

Yeri gəlmişkən, Forumun açılış hissəsi və panel müzakirələri barədə ətraflı məlumat verildiyi üçün bu yazımızda əsasən təəssüratlarımızı bölüşmək niyyətindəyik.

Beləliklə, müstəqil Azərbaycan öz kökünü, tarixi keçmişini, müstəqilliyini, zəngin mədəniyyətini əzmlə qoruyaraq dünya ölkələri arasında inamla irəliləyir. Türk dövlətləri, o cümlədən qardaş Azərbaycan və Özbəkistan arasında dostluq münasibətləri hər keçən gün daha da inkişaf edir. Daha dəqiq desək, Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dostluğundan, qətiyyətindən və əzmindən güc alaraq ən yüksək səviyyəyə çatıb.

Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun iştirkaçılarının hər iki dövlət başçısına müraciətində də vurğulandığı kimi “Bu gün bütün dünya Özbəkistan və Azərbaycanın dostluğuna, birliyinə, bütün beynəlxalq platformalarda bir-birini necə müdafiə etməsinə şahiddir. Tarixdə heç vaxt Azərbaycan-Özbəkistan münasibətləri bu cür yüksək səviyyədə olmayıb”.

Goreşən xislətli düşmən işğal dövründə bütün iyrəncliklərə əl atıb

Forumun əhəmiyyətinə gəlincə, qeyd edildiyi kimi son illər türk dünyasının inteqrasiyasının daha da dərinləşməsi, türk dövlətləri arasında əlaqlərin daha da genişləndirilməsi üçün mühüm addımlar atılır. Dövlət başçıları tərəfindən atılan bu addımlar, həyata keçirilən siyasət özlüyündə xalqlar tərəfindən də rəğbətlə və qürur hissi ilə qarşılanır. Öz növbəsində ayrı-ayrı qurumlar da dövlətlər tərəfindən həyata keçirilən siyasətə dəstək məqsədilə çeşidli işlər görürlər. Məhz noyabrın 27-də Füzuli şəhərində keçirilən Forum da bu istiqamətdə atılan mühüm addımlardan biri kimi tarixə düşəcək.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstək Agentliyinin İcraçı direktoru Aygün Əliyevanın da bəyan etdiyi kimi bu forum Azərbaycanın və Özbəkistanın qeyri-hökumət təşkilatlarının həyatında ilk təşəbbüsdür. Bu təşəbbüsün məhz Füzuli şəhərində Özbəkistanın Azərbaycan hökumətinə hədiyyə etdiyi məktəbdə həyata keçirilməsi isə təsadüfi deyil.

Məktəb barədə məlumata keçməzdən öncə, qeyd edək ki, QHT təmsilçilərinin olduğu avtobus işğaldan azad edilmiş ərazilərə daxil olan andan qarşılaşdığımız mənzərə Ermənistanın işğalçılıq, barbarlıq xislətini bir daha bütün çılpaqlığı ilə ortaya qoyurdu. Bu ərazilərdə bütün yaşayış məskənlərini darmadağın edən, hətta qəbiristanlıqları belə dağıdan goreşən xislətli düşmən, işğal dövründə insanlıq adına utanc gətirən bütün iyrəncliklərə əl atıb.

Qısa müddətdə görülmüş genişmiqyaslı işlər bütün türk dünyasını fərəhləndirir

Ancaq onların bu vəhşiliyinin, işğalçılığının vurduğu yaralar tədricən sağaldılır, dağıntılar Azərbaycan dövləti tərəfindən qısa zaman ərzində aradan qaldırılır. 30 ilə yaxın xarabalığa çevrilmiş, tamamilə dağıdılmış Qarabağ torpaqları indi cənnətə çevrilir.

Bu gün Şuşada, Ağdamda, Cəbrayılda, Füzulidə, bir sözlə işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə görülmüş genişmiqyaslı, nəhəng işlər bütün türk dünyasını fərəhləndirir. Nə mutlu bizlərə ki, türk dünyası təkcə fərəhlənmir, həm də öz qardaş dəstəyini də göstərir. Türkiyə kimi, Özbəkistan kimi qardaş ölkələr işğaldan azad edilmiş ərazilərdəki quruculuq işlərinə öz dəstəklərini göstərirlər.

Bu məktəb vətəndaş cəmiyyətinin dostluq mərkəzi kimi tarixə düşəcək

Elə Forumun keçirildiyi Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb də Özbəkistan dövlətinin və özbək xalqının Azərbaycana misilsiz hədiyyəsidir. 2023-cü il avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir.

Elə bu məqamda yenə də Aygün Əliyevaya istinad edərək qeyd edə bilərik ki, bu məktəb həm də vətəndaş cəmiyyətinin dostluq mərkəzi kimi tarixə düşəcək.

Salom aziz do’stlar – Özbək dilində salamlamanın yaratdığı xoş ovqat

Bu məqamda qeyd edək ki, yüksək əhval-ruhiyyədə öz işinə başlayan Forumun açılış nitqində Aygün Əliyevanın qardaş ölkə təmsilçilərini özbək dilində salamlaması hər iki ölkədən olan QHT nümayəndələri tərəfindən alqışlarla qarşılandı. Bu salamlama özlüyündə tədbirin daha da səmimi şəkildə keçməsi, müsbət atmosferdə davam etməsi üçün bir təkan rolunu oynadı.

Ümumiyyətlə, istər əsas çıxışçıları, istər panel müzakirəsinin çıxışçıları, istərsə də sual-cavab hissəsində öz fikir və təkliflərini dilə gətirənləri dinlədikcə bizdə “bu cür səmimiyyət yalnız iki qardaş xalq, iki qardaş ölkənin vətəndaşları arasında ola bilər” qənaəti formalaşdı. Elə özbək tərəfinə QHT sektoruna dair suallarla yanaşı, latın əlifbasına keçidlə, həmçinin türk dünyasının birliyinin möhkəmlənməsi istiqamətində atılan siyasi addımlara dair verilən suallar da bu səmimiyyətdən irəli gəlirdi.

Özbək, türkmən, uyğur tatar, azər bir boydu

Bu səmimiyyət özünü bədii hissə zamanı da göstərdi. Özbəkistandan olan bacı-qardaşlarımızın bizlərlə birgə rəqs etməsi, mahnı oxuması, ən əsası Zəfər sevincimizə şərik olması bu səmimiyyəti ifadə edən ən gözəl məqamlardan idi.

Həmin vaxt qonaqların əksəriyyətinin gözlərində bir parıltı vardı – sevinc və qürur parıltısı. Mən bu parıltını 44 günlük Vətən müharibəsi başa çatan günü meydanlara çıxan Azərbaycan xalqının hər bir fərdinin gözündə sezmişdim. İndi biz həmin parıltını Özbəkstandan olan bacı-qardaşlarımızın gözlərində görürdük. Görürdük ki, onlar Ermənistan işğalından azad edilmiş Füzulidə bizimlə birgə əl-ələ tutmağa, bizimlə birgə yallı rəqsi etməyə görə çox sevincli və qürurludurlar.

Yallıdan söz düşmüşkən, bu zaman da uzun illər yaddaşlarımızdan silinməyəcək bir hadisə yaşandı. Belə ki, bədii hissənin ən yaddaqalan məqamlarından birində, səhnədə Anayurt Marşı (buna Turan Marşı da deyirlər- N.A) səslənərkən bizlər hər iki qardaş ölkənin bayrağını götürüb, yallı rəqs etməyə başladıq. Bu zaman isə Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanovun, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin nümayəndəsi Tural Əliyevin və Aygün Əliyevanın da bizlərə qoşulması səmimi dostluğun, qardaşlığın növbəti bariz nümayişi idi. Bu anları yaşamaq bir ayrı xoşbəxtlik idi.

Bu sevdadan usanmarıq

Bu sevincimizin, qürurumuzun alt qatında həm də bir türklük sevdamız yatır. Elə bir sevda ki, heç zaman o sevdadan bezmirik, şair demiş usanmarıq. Dövlət rəhbərlərimizin qətiyyətinə əsaslanan və türk dünyasının birliyinin siyasi möhürü olan Türk Dövlətləri Təşkilatının (TDT) yaranması ideyası da öz gücünü bu sevdadan alıb.

Bu gün türk dövlətləri, o cümlədən Azərbaycan ilə Özbəkistan arasında əlaqələr həm ikitərəfli, həm də çoxtərəfli platformada, eyni zamanda, TDT çərçivəsində uğurla inkişaf edir. Bu kontekstdə Azərbaycanı Özbəkistanla bir sıra bağlılıqlar, o cümlədən dövlətlərin siyasi iradəsi və vətəndaş cəmiyyəti birləşdirir.

Azərbaycan türk dünyasının QHT sektorunun bir araya gəlməsi üçün etibarlı körpü rolunu oynayır

Birlikdən danışarkən, bir məsələnin üzərində də ayrıca dayanmaq istəyirik. Azərbaycanın QHT sektoru son illər vahid bir institut kimi həlledici məqamlarda, dövlət və xalq üçün vacib olan proseslərdə öz sözünü deyir, səmərəli fəaliyyəti ilə ona olan ümidləri doğruldur. Təbii ki, bunda da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövcud rəhbərliyinin, xüsusilə də İcraçı direktoru Aygün Əliyevanın, o cümlədən bu qurumun çevik və məhsuldar komandasının rolu danılmazdır.

Dövlətin QHT sektoruna göstərdiyi diqqət və qayğıdan güc alaraq bu sektorun daha səmərəli fəaliyyət göstərməsi üçün davamlı addımlar atan komanda, türk dünyasının birliyinin daha da gücləndirilməsi üçün həyata keçirilən siyasətə dəstək istiqamətində də öz sözün deyir, imzasını atır. Bundan öncə Azərbaycan və Türkiyə QHT-ləri arasında, noyabrın sonlarında isə Azərbaycan və Özbəkistan QHT-lər arasında görüşlərin keçirlməsi, sənədlərin imzalanması da deyilənləri bir daha təsdiqləyir.

Görünən odur ki, Azərbaycan türk dünyasının QHT sektorunun bir araya gəlməsi, vahid bir komada kimi addım atması üçün bir mərkəz, etibarlı körpü rolunu oynamaqdadır.

Hələ varıq, olacayıq, qalacayıq, artacayıq

Yazımın sonunda noyabrın 27-də tədbirin keçirildiyi Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin üzərinə bir daha xüsusi vurğu etmək istəyirik. Çünki vurğulandığı kimi bu 906 şagird yerlik məktəb Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilib. Özü adi bir dövrdə deyil, məhz 44 günlük Vətən savaşından sonra.

Yuxarıda qeyd etdiyimiz kimi vəhşi haylar, insanlıq adına ləkə olan işğalçılar 30 illik işğal dövründə digər yerlərdə olduğu kimi Füzulidə də daşı-daş üstündə qoymayıblar. Lakin artıq bu ərazilər düşmən tapdağından, yağı yağmalamasından xilas olub. Azərbaycan dövləti necə ki, bu torpaqların işğaldan azad edilməsi üçün qətiyyət göstərdi, bu yerlərin yenidən quruması üçün də eyni qətiyyəti nümayiş etdirir. Təbii ki, ölkəmiz bu əraziləri gülüstana çevirmək üçün öz gücündən istifadə edir və hər hansı xarici maliyyə qurumundan borc almır. Bununla belə dost-qardaş dəstəyinə də “yox” demir.

Bu məqamda “Dədə Qorqud” filmində bir fraqmenti xatırlatmağı vacib sayırıq. Həmin fraqmentdə düşmən işğalından azad olan torpaqları göstərən Dədə Qorqud deyir: “Torpağın yurd, vətən olması üçün iki şərt lazımdır. Biri odur ki, bu toprağı gərək əkib-becərəsən. O birisi odur ki, torpağı yağılardan qoruyasan”.

İndi Azərbaycanın mərd oğullarının qanı-canı bahasına azad edilən torpaqların Dədə Qorqud misalı yenidən vətən olması üçün bu ərazilərin əkilib-becərilıməsi, yəni ki, yenidən qurulması lazımdır. Bu yenidən qurulma fonunda isə Dədə Qorqudun “Bir tonqal qalayanda elimiz şənliyə toplaşır, iki tonqal qalayanda basqınlardan qorunmağa toplaşır, qoy indi üç tonqal görəndə hamı cütlə, xışla gəlsin” misalı yada düşür.

Bunu günümüzə şamil etsək deyə bilərik ki, bizim azad Qarabağda, uca dağ başında qaladığımız üç tonqalı görüb gələn qardaşlarımız öz dəstəklərini göstərirlər. Bu dəstək bizə inanılmaz güc verir və türk millətinin bir parçası olaraq bütün dünyaya bəyan edirik – Hələ varıq, olacayıq, qalacayıq, artacayıq!

Number of View: 430