Heydər Əliyevin türk dünyasının inteqrasiyasında böyük rolu

Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri Ümummilli lider Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin güclənməsi, o cümlədən, türk dövlətləri arasında inteqrasiyanın dərinləşdirilməsinə yönəlik xidmətlərindən bəhs ediblər

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı layihənin icrasına başlayıb. 1 iyul-1 noyabr tarixləri arasında reallaşdırılacaq layihə gələcək nəsillərə Ulu öndər Heydər Əliyevin Türk dünyası qarşısındakı tarixi xidmətləri barədə daha dolğun məlumatların çatdırılmasına dəstək xarakteri daşıyır. Layihə çərçivəsində bir sıra işlərin görülməsi, həmçinin, mövzu ilə bağlı Türkiyə, Azərbaycan və digər türk ölkələrindən olan mütəxəssislərin fikirləri əsasında 5 məqalənin hazırlanması nəzərdə tutulub. Həm QHT təmsilçilərinin, həm də türk dövlətlərindən olan aparıcı şəxslərin, media təmsilçilərinin fikirləri əsasında hazırlananacaq ümumilikdə 5 məqalənin birincisi oxuculara təqdim edilir.

Bu gün sürətlə dəyişən və inkişaf edən dünya düzənində aparıcı söz sahibi olmaq üçün önəmli addımların atılması vacibdir. Bu baxımdan Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən atılan addımların xüsusi önəmi var. Bəlli olduğu kimi, 2021-ci il 12 noyabr tarixində İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə dünyanın siyasi sistemində önəmli bir platformaya çevrilməkdə olan Türk Şurasının artıq Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyətini davam etdirməsi haqqında qərar qəbul edilmişdir. Məhz bundan sonra Türk dünyasının daha dərin inteqrasiyası istiqamətində mühüm addımlar atılmaqdadır.

Bütün bunları təqdir etməklə yanaşı, bu birliyə aparan yolda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən reallaşdırılan siyasətin gələcək nəsillərə çatdırılması xüsusi önəm kəsb edir. Çünki bir çox ekspertlərin, ictimai-siyasi xadimlərin də qeyd etdikləri kimi, Ümummilli lider Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti yalnız Azərbaycanla məhdudlaşmamışdır. Bu fəaliyyət Azərbaycanın hüdudlarından kənarda, bütövlükdə Türk dünyasında dərin izlər buraxmışdır. Təsadüfi deyildir ki, məhz bu fəaliyyət, dahi şəxsiyyətin sözügedən istiqamətdə gördüyü işlər az bir zamanda onu Türk dünyasının danılmaz liderinə çevirmişdir.

Nizami Cəfərov: “Türk dünyasının siyasi baxımdan da inteqrativ bütövlüyünün təminatında Heydər Əliyevin danılmaz xidmətləri var”

Öz növbəsində Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov bildirib ki, Heydər Əliyev sadəcə, Azərbaycan-Türkiyə münasibətlərinin deyil, eyni zamanda, Azərbaycanın digər türk dövlətləri ilə əlaqələrinin də möhkəmlənməsinə həssaslıqla yanaşırdı. Ümummilli lider Heydər Əliyevin keçmiş SSRİ-nin bütün türk respublikalarının ağsaqqalı sayıldığını xatırladan akademik deyib ki, Heydər Əliyev 1993-cü ilin iyununda hakimiyyətə gələnə qədər Türkiyə ilə münasibətlər normal olsa da, Azərbaycanla bir sıra türk dövlətləri, xüsusilə də, Özbəkistan və Türkmənistan arasında müəyyən problemlər vardı: “Hələ Sovet dövründə SSRİ-nin türk respublikalarının ağsaqqalı hesab olunan Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışından sonra da Türk dünyasının ağsaqqalı kimi qəbul edilirdi. Ulu öndər Azərbaycanın türk dövlətləri ilə münasibətlərinin normallaşdırılması ilə yanaşı, həmin ölkələrin öz aralarındakı problemləri həll etmələri üçün də böyük əmək sərf etdi. Heydər Əliyev türk dövlət başçılarının Zirvə toplantılarına, TÜRKSOY-un yığıncaqlarına, yəni Türk dünyasının bir araya gətirilməsinə yönəlik bütün tədbirlərə qatılaraq, qeyd olunan məsələlərin müsbət həllinə böyük təkan verirdi”.

N.Cəfərov bildirib ki, Ulu öndərin bu çərçivədə ən çox diqqət yetirdiyi məqam Türkiyə ilə münasibətlərin daha da dərinləşdirilməsi idi: “Bu əlaqələrin təməli Heydər Əliyev hələ Naxçıvanda olanda onun o vaxt Türkiyənin baş naziri olan Süleyman Dəmirəllə qurduğu yaxın münasibətlərlə qoyulmuşdu. “Ümid” körpüsünün salınması, daha sonra müəyyən iqtisadi əlaqələrin yaradılması bu münasibətlərin mühüm tərkib hissəsi idi. Növbəti dönəmlərdə bü münasibətlər sabit qaydada davam etdirildi”.

Qeyd olunub ki, iki qardaş ölkə arasında möhkəmlənən münasibətlər Türk dünyasında inteqrasiyanın davamlılığını təmin etdi: “Heydər Əliyevin bu prosesdə ən böyük xidmətlərindən birini onun öz sözləri ilə demək istəyirəm. Ulu öndər deyirdi ki, o vaxta qədər türk dövlətləri daha çox mədəni əlaqələr əsasında birləşirdi. Türk dövlətlərinin, xalqlarının eyni kökdən olması əsas verirdi ki, türk xalqlarının inteqrasiyasında mədəni amil öndə olsun. Ancaq Heydər Əliyev eyni zamanda, onu da söyləyirdi ki, Türk dünyasının mədəni əlaqələrini onun siyasi əlaqələri tamamlamalıdır. Yəni Türk dünyasının siyasi baxımdan da inteqrativ bütövlüyünün təminatında Heydər Əliyevin danılmaz xidmətləri var”.

Ramil Həsən: “Heydər Əliyev siyasətinin önəmli tərkib hissələrindən biri də türk dövlətləri və Türk dünyası gəncləri arasında münasibətlərin inkişafı, əlaqələrin genişləndirilərək yeni mərhələyə qədəm qoyması olub”

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Ramil Həsən Ulu öndər Heydər Əliyevin fəaliyyətinin çoxşaxəli olduğunu xatırladıb.

Türkdilli Dövlətlərin Parlament Assambleyasının sabiq baş katibi (29 sentyabr 2009- 1 oktyabr 2013), həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sabiq baş katibi (16 iyul 2014-3iyul 2018) olmuş R.Həsən bildirib ki, Heydər Əliyevin gənclərə verdiyi dəstək sayəsində Türk dünyası gənclər təşkilatları arasında əlaqələr yüksək səviyyəyə çatdırılıb və biz hazırda bunun bəhrəsini görürük:“Heydər Əliyev Azərbaycan gəncliyi üçün möhtəşəm üfiqlər açan, onu gələcəyə ümidlə baxmağa ruhlandıran, inamla irəliyə aparan və bu gəncliyin sağlam təməllər üzərində əsasını qoyan dahi bir liderdir. Heydər Əliyev siyasətinin önəmli tərkib hissələrindən biri də türk dövlətləri və Türk dünyası gəncləri arasında münasibətlərin inkişafı, əlaqələrin genişləndirilərək yeni mərhələyə qədəm qoyması olub. Belə ki, Dünya Türk Gəncləri Birliyi, bir çox ədəbi, mədəni və gənclər təşkilatları arasında əlaqələrin inkişafı yönündə həyata keçirilən layihələr məhz Heydər Əliyev kimi dahi şəxsiyyətin Türk dünyasına vermiş olduğu xüsusi önəm və diqqətin nəticəsində uğurla həyata keçirilib”.

R.Həsən deyib ki, əslində, bu fəaliyyət türk dövlətləri arasında inteqrasiyanın sürətlənməsinə də çox böyük töhfə verib: “Ulu öndərin həyata keçirdiyi siyasətdəki prioritet istiqamətlərdən biri də gələcəyimizin qarantı və ən mükəmməl sərmayəsi olan gənclərə göstərilən diqqət və qayğı idi. Azərbaycanın Gənclər və İdman Nazirliyi, həmçinin digər dövlət qurumları məhz Heydər Əliyevin xüsusi tapşırıqları əsasında vurğulanan layihələrə hərtərəfli dəstək göstəriblər. Əlbəttə ki bu dəstək sayəsində Türk dünyası gənclər təşkilatları arasında əlaqələr yüksək səviyyəyə çatdırılıb və biz hazırda bunun bəhrəsini, nəticələrini görməkdəyik. O baxımdan, bu məsələlər barəsində danışarkən, Heydər Əliyev kimi dahi şəxsiyyəti şərəflə anır, onun xatirəsini böyük hörmətlə qeyd edir və ruhu qarşısında baş əyirik”.

Şahlar Əsgərov: “Heydər Əliyev Türkiyədə müxtəlif sahələrdə özünü doğrultmuş modellərin Azərbaycanda da tətbiq olunmasını məqbul sayırdı”

Professor Şahlar Əsgərov isə qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev Türkiyədə müxtəlif sahələrdə özünü doğrultmuş təcrübədən ölkəmizdə də istifadə olunmasını məqbul sayırdı:“Heydər Əliyev kimi dahi şəxsiyyətlə ünsiyyətdə olduğum və onun fəaliyyətini birbaşa izləyə bildiyim üçün özümü xoşbəxt sayıram. Onun necə mürəkkəb, ölkənin varlığının böyük təhlükə altında olduğu dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan üçün həyati əhəmiyyət daşıyan dönüş anı idi. Həmin dövrdə vəziyyət elə kritik şəkil almışdı ki, böhrandan çıxış üçün itiriləcək bir saniyə belə yox idi. Ancaq Heydər Əliyevin misilsiz təcrübəsi, siyasi ustalığı istənilən böhranı aradan qaldırmağa imkan verirdi”.

Ş.Əsgərov vurğulayıb ki, o, Ulu öndərin təhsil sahəsinin yeni dövrə uyğunlaşdırılması və tədrisin səmərəliliyinin artırılmasına yönəlik tədbirlərə necə həssaslıqla yanaşdığının şəxsən şahidi olub: “Əlbəttə ki Heydər Əliyev Türkiyə ilə münasibətlərə böyük önəm verirdi və orada müxtəlif sahələrdə özünü doğrultmuş modellərin Azərbaycanda da tətbiq olunmasını məqbul sayırdı. Bunun nəticəsi olaraq, Ulu öndərin göstərişi ilə o vaxt mərhum akademik Fərəməz Maqsudovun rəhbərliyi ilə mənim də daxil olduğum bir komissiya Türkiyənin təhsil mödelini öyrənmək üçün qardaş ölkəyə göndərildi. Uzun müddət SSRİ-nin tərkibində olan və təhsil sistemi Sovet ideoloji reallığına uyğunlaşdırılmış Azərbaycanın nümayəndələri kimi Türkiyə təhsilində gördüyümüz tərəqqi bizi sözün müsbət mənasında xeyli təəccübləndirdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Türkiyə bir elm ölkəsi kimi tanınmasa da, oradakı təhsil sisteminin son dərəcə mükəmməl olduğunu qeyd etməliyəm. Biz Türkiyədə bir müddət araşdırma apardıqdan sonra geri döndük və əhatəli hesabat hazırlayaraq Ulu öndərə təqdim etdik. O da hesabatla tanış olduqdan sonra müvafiq göstərişlər verdi”.

Professor həmçinin, “Bir daha deyirəm, Heydər Əliyevin Türkiyəyə münasibəti çox səmimi idi, ölkələrimizin daha da yaxınlaşması üçün istifadə edilə biləcək bütün imkanlardan yararlanmağı lazım bilirdi. Onun Türkiyəyə münasibətini ifadə edən “Bir millət, iki dövlət” prinsipi bu gün də bizim söykəndiyimiz ən əsas istinadlardan biridir. Allah Ulu öndərə rəhmət eləsin” deyə əlavə edib.

Tənzilə Rüstəmxanlı: “Heydər Əliyev həm də qardaş ölkələrin xalqları, o cümlədən, ictimai qurumları arasında da yaxınlaşmanın olması, bunun davamlı prosesə çevrilməsi yönündə böyük işlər görüb”

Azərbaycan-Türkiyə Evinin (ATEV) rəhbəri Tənzilə Rüstəmxanlı da Ulu öndərin fəaliyyətində Türkiyə və Türk dünyası ilə münasibətlərin mühüm yer tutduğunu önə çəkib.

Onun sözlərinə əsasən, Heydər Əliyev həm də qardaş ölkələrin xalqları, o cümlədən, ictimai qurumları arasında da yaxınlaşmanın olması, bunun davamlı prosesə çevrilməsi yönündə böyük işlər görüb:“Həqiqətən də, Heydər Əliyevin Türkiyə Cümhuriyyəti ilə xüsusi münasibətləri vardı. Əlbəttə, bu barədə danışarkən vurğulamaq lazım gəlir ki, adətən, dövlətlər arasında ciddi siyasi münasibətlər ön plana çıxır. Azərbaycanla Türkiyənin nümunəsində isə qardaşlıq, dostluq, tarixi birgəlik, milli gen və şüura əsaslanan dövlət rəhbərləri eyni millətin mənsubları olduqlarını daim diqqətdə saxlayırlar. Heydər Əliyev də hər zaman bu prinsiplərdən çıxış etməyə üstünlük verirdi. O, tək dövlətlərimiz deyil, xalqlarımız arasında da yaxınlaşmanın davamlı olması üçün ardıcıl işlər görürdü. Çox gözəl xatırlayıram ki, Türkiyənin iki böyük bayramında – avqustda qeyd olunan Zəfər və oktyabrda keçirilən Cümhuriyyətin quruluş günü bayramlarında Ulu öndər Bakıdakı Türkiyə səfirliyində təşkil olunan mərasimlərə şəxsən qatılırdı. Bu faktlar da özlüyündə onun Türkiyəyə özəl münasibətinin bir göstəricisi idi”.

Fikirlərini davam edən T.Rüstəmxanlı daha sonra deyib: “Mən Ulu öndərin qardaş ölkəyə münasibətindən danışarkən, onun Türkiyə Böyük Millət Məclisindəki tarixi çıxışını xatırlamaya bilmirəm. O çıxışda milli və tarixi şüur yetərincə aydın formada ifadə edilib, Atatürkünn qurduğu demokratik Cümhuriyyətin bir çox dövlətə necə örnək olduğu vurğulanıb və Azərbaycanın da dövlət quruculuğunda qardaş ölkəni özünə nümunə seçdiyi bildirilib”.

Onun sözlərinə görə, Ulu öndər həm də qardaş ölkələrimizin xalqları, o cümlədən, ictimai qurumlar arasında da yaxınlaşmayönündə böyük işlər görüb: “Biz bunu hər zaman xatırlayır, Heydər Əliyevi böyük sayğı ilə anırıq”.

Araz Zeynalov

Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi çərçivəsində hazırlanmışdır və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Number of View: 631