“Ailə hüququ mövzusunda qanunda olan boşluqların araşdırılması”

Hər bir ölkənin milli qanunvericiliyində insan və vətəndaş hüquqlarına dair məsələlər öz əksini tapmışdır. İnkişaf etmiş ölkələrdə bu sahədə məsələlərin həlli qanunvericilik aktlarında əksini tapmaqla yanaşı, həmin ölkələrin cəmiyyətində də bu mövzuya çox həssas yanaşılır. Praktik olaraq da həmin ölkələrin cəmiyyətlərində insan və vətəndaş hüquqlarının qorunması təmin olunur. Azərbaycan da insan və vətəndaş hüquqlarının qorunması sahəsində ön sırada olan ölkələrdəndir. Ölkəmizdə insan və vətəndaş hüquqlarının təminatı həm hüquqi müstəvisində, həm də cəmiyyət və dövlət olaraq yüksək səviyyədə təmin olunur.

Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktlarında insan və vətəndaş hüquqlarının qorunması və təminatına dair müddəalar var. Milli qanunvericiliyimizdə həmçinin ailə hüququna dair normativ-hüquqi aktlar var.

Azərbaycanda ailə münasibətlərinin tənzimlənməsi sahəsində “Ailə Məcəlləsi”, kişi və qadınların hüquq və bərabərliyinin təminatını tənzimləyən “Gender haqqında” Qanun, “Məişət zorakılığına qarşı mübarizə haqqında” Qanun qəbul olunub. Ölkədə boşanmaların sayının azaldılması, eləcə də ailə münaqişələrinin məhkəmə predmetinə çevrilməməsi üçün “Mediasiya haqqında” Qanun qəbul edilib. Həmin Qanuna əsasən ailə münasibətləri, əsasən də boşanmalarla bağlı işlərdə məhkəmədən əvvəl tərəflər mediasiya təşkilatlarına yönəldilir. Mediasiya təşkilatları həmçinin ailə ilə bağlı məsələlərin həlli, xüsusi ilə boşanma prosesi ilə bağlı məhkəməyə qədər tərəflər arasında barışıq əldə olunması və müvafiq qərarların qəbuluna dəstək məqsədi ilə yaradılıb. Hazırda ölkəmizdə Meditasiya Şurası və müvafiq ərazilər üzrə Mediasiya təşkilatları fəaliyyət göstərirlər.

Ailə hüququ milli hüququn bir sahəsi olub, Azərbaycan Respublikasında ailə münasibətlərinin qorunması və möhkəmləndirilməsini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarının tənzimləyən normaları müəyyən edir. Şəxsi münasibətlərin nizamlanması ailə hüququnun əsas məqsədi, ailə qurulduqdan sonra ailədə olan birgə əmlak bu məsələlərdə ikinci dərəcəli əhəmiyyət daşıyır.

Bununla belə ailə münasibətləri pozularkən, boşanma proseslərində ortaya çıxan ən böyük problemlər də elə əmlakın bölünməsi müstəvisində yaranır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən ailə üzvləri arasındakı münasibətlər ailə qanunvericiliyi və tərəflər arasında sazişlə təsdiqlənmədikdə, həmin məsələlər mülki hüquqa uyğun tənzimlənir. Həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda isə, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və mülki hüquq normaları tətbiq edilir.

Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah tərəflər arasında könüllü razılıq əsasında bağlanır. Heç kim zorla ərə verilə və ya evləndirilə bilməz.
Ailə qanunvericiliyində ailə münasibətlərini kişi və qadının vəzifələri, uşaqların hüquqları və münasibətlərin tənzimlənməsinə dair bir sıra məsələlər ətraflı şəkildə öz əksini tapsa da, boşanmış tərəflərin əmlak bölgüsü zamanı əmlakla bağlı mübahisələrin ortaya çıxması qanunda olan boşluqları da gündəmə gətirir. Bu gün Azərbaycan reallığında istər rəsmi nikahla qurulmuş ailələrdə, istərsə də qeyri-rəsmi ailələrdə yaşanmış problemlər məhkəmə predmetinə çevrilərkən bu boşluqlar daha çox nəzərə çarpır.

Buna nümunə olaraq tərəflərin nikah dövründə əldə etdikləri daşınar və ya daşınmaz əmlakın qeydiyyatı ilə bağlı məsələlər göstərmək olar. Ailə Məcəlləsinə əsasən nikaha qədər tərəflərdən hər hansı birinin əldə etdiyi daşınar və ya daşınmaz əmlakın mülkiyyət hüququnun sahibliyini kimi həmin şəxs heç kimin pay olmadan tam olaraq öz üzərində saxlayır.

Qanunvericiliyə əsasən birgə nikah dövründə əldə edilmiş daşınar və daşınmaz əmlakda tərəflər – kişi və qadının eyni dərəcəli hüquqları olur və boşanma zamanı birgə nikah dövründə əldə olunmuş daşınar və daşınmaz əmlak tərəflər arasında bərabər şəkildə bölünür. Son illər praktikada ən çox rast gəlinən hal isə bundan ibarətdir ki, məhkəmə əmlakın bölüşdürülməsinə baxarkən kişinin və ya qadının iddia olunan əmlakın rəsmi sahibi olmadığı və ya kişinin real qazancının sənəd üzərində göstərilən məbləğdə eyni olmadığı ortaya çıxır. Bunun nəticəsində isə əksər hallarda boşanmış tərəf (əsasən də qadınlar) yaşayış yeri və heç bir maddi təminatı olmayan şəxs kimi daha böyük iqtisadi problemlərlə üz-üzə qalır.

Bu problemlər isə getdikcə tərəflər arasında münasibətlərin kəskinləşməsi, aqressiya və bəzən də zorakılıqlara və uzun müddət davam edən münaqişələrə gətirib çıxarır. Odur ki, qanunvericilikdə olan boşluqların nəzərə alınması və müasir dövrdə gedən dəyişikliklər və inkişafa uyğun olan müvafiq dəyişikliklərin nəzərə alınması da vacib amillərdəndir.

Fuad Huseynzadə

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Məişət zorakılığına qarşı ictimai maarifləndirməyə dəstək” layihəsi çərçivəsində hazırlanıb.

Number of View: 1347