Bir məsələyə dörd baxış
I I məqalə
“QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində növbəti həmsöhbətimiz olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, media eksperti Müşfiq Ələsgərli də mövzu ilə bağlı mövqeyini bildirdi.
O qeyd etdi ki, özü də daxil olmaqla, təşkilatın rəhbər heyətində təmsil olunan şəxslər sosial media platformalarında aktiv fəaliyyət göstərirlər.
Ortada olan problem daha çox QHT-lərin özlərinə bağlıdır
Onun sözlərinə görə, JuHİ-nin sosial şəbəkələrdə hesabları var: “Fikirlərimizi, hesabatlarımızı, bəyanatlarımızı ənənəvi media ilə yanaşı sosial şəbəkə hesablarından da paylaşırıq. Həmçinin, sosial şəbəkələri monitorinq üçün istifadə edirik. İşimizə, təyinatımıza uyğun olan informasiyaları həm də buradan izləyirik. Bu baxımdan, sosial şəbəkələr çox faydalıdır. Əlbəttə, sosial şəbəkə platformalarının sayı çoxdur. Biz daha çox ciddi platformalardan, xüsusən Facebook və Tvitter-dən istifadə edirik”.
M.Ələsgərli bildirdi ki, bəzən yazılı və elekton media orqanlarının QHT sahəsinə lazımi diqqət yetirməməsi, informasiyalarını yetərincə yayımlanmaması ilə bağlı iradlar səslənir: “Yəni, bir çox QHT-lər medianın münasibətindən narazıdırlar. Amma mənim şəxsi fikrim budur ki, ortada olan problem daha çox QHT-lərin özlərinə bağlıdır. Yəni, onların media orqanlarına göndərdikləri informasiyalar adətən növbətçi informasiyalar olur, daha çox təşkilatların fəaliyyətinin reklamını əks etdirir. Məsələn, QHT-lər çox zaman “filan tədbiri keçirdik” formatında məlumatlar ötürürlər ki, bu da adətən diqqətdən kənarda qalır. Fikrimcə, bu yanaşmanı dəyişmək lazımdır. KİV-lərə göndərilən informasiyalar ictimai maraq doğuran, mediaya da oxucu qazandıran mövzularda olmalıdır. Əslində QHT-lər media ilə eyni sektorda təmsil olunurlar. Hər ikisi 3-cü sektorun üzvləridir. Onları ictimai nəzarət institutu olmaq missiyası birləşdirir”.
Media və QHT əməkdaşlığının bir tərəfi də peşəkarlığa bağlıdır
JuHİ sədri vurğuladı ki, QHT-lər ictimai nəzarət predimeti olan mövzular, problemlər və bu problemlərə onların öz yanaşmaları barədə informasiyalar hazırlayıb göndərsələr, daha maraqlı qarşılanarlar, media da bu mövzulara yer ayırar, həmin QHT ilə əməkdaşlıq edərlər. Bu cür davransalar, onlar yazılı və elektron media üçün araşdırma mövzusu vermiş olarlar. Oxucu, dinləyici də diqqət ayırmış olar.
Onun sözlərinə görə, QHT-lər fəaliyyət təyinatları üzrə informasiya bankına sahibdirlər: “Daha doğrusu, fəaliyyət təyinatları üzrə informasiya bankına sahib olmalıdırlar. Təmsil olunduqları sahə üzrə ən müfəssəl bilgiyə malik olmalıdırlar. Əgər peşəkar, institutlaşmış QHT-dirlərsə, belə informasiya bankına malikdirlər. Həmin informasiyaları media üçün açanda KİV-lər də diqqət ayırırlar. Deməli, media və QHT əməkdaşlığının bir tərəfi də peşəkarlığa bağlıdır. QHT-lər çalışmalıdırlar ki, təmsil olunduqları sahə üzrə peşəkarlaşsınlar, institutlaşsınlar və diqqət çəksinlər”.
M.Ələsgərli onu da bildirdi ki, rəhbərlik etdiyi təşkilat beynəlxalq təşkilatların üzvü və ya tərəfdaşıdır. Bu baxımdan, beynəlxlq trendləri daha tez öyrənir və fəaliyyətlərində tətbiq edirlər. Onlar informasiya işini də bu prinsiplə qurublar. Təşkilatın nəzdində “Kommunikasiya məmuru” bölməsi var. Bütün platfomalarda, eyni zamanda sosial şəbəkələrdə informasiya işi onların öhdəliyindədir.
Növbəti həmsöhbətimiz Əlil Qadınlar Cəmiyyətinin (ƏQC) sədri Məhluqə Rəhimova isə öncə onu qeyd etdi ki, QHT-lərin fəaliyyətinin istər mediada, istərsə də sosial şəbəkələrdə işıqlandırılması onların PR kampaniyasına xidmət edir. ƏQC-nın 1998-ci ildən fəaliyyət göstərdiyini deyən M.Rəhimova onların əsas iş istiqamətinin Azərbaycanda yaşayan yaşından, irqindən, dini mənsubiyyətindən asılı olmayaraq əlil insanların problemlərinin həllində, hüquqlarının müdafiəsində yaxından iştirak etmək, psixoloji sahələrdə xidmət göstərməklə həyat dəyərini yüksəltmək və cəmiyyətə inteqirasya etmək olduğunu qeyd etdi. Əsasən də Cəmiyyətin fəaliyyət istiqaməti əlil qiz və qadinlarin sosial və məişət problemlərini yaxşilaşdirmaq, onların ictimai həyatında yaxindan iştirak etmək, əlillərin səmərəli iş fəaliyyətini dünyaya çatdırmaq, həyat səviyyəsini yüksəltmək, dünyagörüşlərini zənginləşdirmək, beynəlxalq səmərəli ideya və təkliflərini, mütərəqqi iş formalarını Azərbaycana gətirmək olub.
M.Rəhimova ilə söhbətimizdə o da məlum oldu ki, ƏQC-nin 15 minə yaxın üzvü, 39 rayonda şöbəsi var: “Azərbaycanda hazırda 220 mindən çox əlilliyi olan qadın var, amma bu rəqəmlərdə hələ dəqiqləşdirilmə aparılır. Bundan başqa, biz beynəlxalq təşkilatlar qarşısında Ermənistan-Azərbaycan müharibəsi dövründə əlil olan qız və qadınların haqlarının müdafiəsi ilə də məşğuluq. Cəmiyyət şəhid ailələri, Qarabağ qazilərinin problemlərinə də çox diqqət ayırır. Cəmiyyət BMT-nin “Qadınlara qarşı zorakılığa son!” layihəsi çərçivəsində əlilliyi olan qadınlara qarşı, məişət zorakılığına məruz qalan, məcburi köçkün, imkansız ailələrlə iş aparır”.
Təbii ki, bütün bu işlərin mətbuatda və sosial mediada necə işıqlandırıldığı, ictimaiyyətə necə çatdırıldığı maraq doğrurur. Bununla bağlı sualı cavablandıran M.Rəhimova dedi ki, mətbuat və sosial media ilə əlaqələri olsa da, bu, arzu etdikləri səviyyədə deyil. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. Həmin səbəblərə keçməzdən öncə məlumat üçün bildirək ki, Cəmiyyətin böyük və zəngin saytı (dwsa.az) fəliayyət göstərir. Sosial şəbəkəkələrdən Facebook, Tvitter, İnstagram-da səhifələri var. Bundan başqa, Youtube kanalında (https://www.youtube.com/channel/UCHjwQKMtWlJ2qeJHYViXWkg) Cəmiyyətin kanalı fəaliyyət göstərir.
QHT sədrinin bildirdiyinə görə, mətbuatla və sosial şəbəkələrlər işləyən ayrıca ştatlı işçi var: “ƏQC tərəfindən keçirilən bütün tədbirlər, proqram və layihələr haqqında məlumatlar, press-relizlər media orqanlarına göndərilir. Həmçinin jurnalistlər tədbirlərimizi, fəaliyyətlərimizi işıqlandırmaq üçün tədbirlərə dəvət edilir. Bundan başqa, hazırlanan xəbərlər sosial şəbəkələrdə geniş yayımlanır”.
Lakin QHT rəhbəri bunu yetərli saymır. M.Rəhimova bununla bərabər, jurnalistlərin özlərinin onların təşkilatı ilə daha sıx maraqlanmalarını arzulayır: “Mən jurnalistləri əlil təşkilatları ilə daha sıx işləməyə dəvət edirəm. Çünki, əlil təşkilatlarında fəaliyyət dayanmır. Biz əlil təşkilatları ilə jurnalistlərin mobil işinin qurulmasını çox istəyirik. Arzu edirik ki, jurnalistlər mütəmadi olaraq tədbirləimizdə iştirak etsinlər”.
M.Rəhimova bununla bağlı başqa bir məqama da toxundu: “Bizim üçün ən böyük problem telekanalları tədbirlərimizə gətirməkdir. Məsələn, BMT-nin böyük bir layihəsini həyata keçirdik, BMT-nin rəsmiləri Azərbaycana gəldilər, yazılı məktubla telekanalları dəvət edirik, press-reliz göndəririk, tədbirin 1-ci günü gəlib 5-10 dəqiqə çəkiliş edib gedirlər, sonrakı günlərdə ümumiyyətlə tədbirimizə gəlmirlər”. Əlbəttə ki, QHT sədrinin bəzi iradlarını haqlı saysaq da, jurnalistlərlə iş sahəsində gələcək əməkdaşlıqla bağlı fikirlərimizi də bildirməyi özümüzə borc bilirik. Bu da onunla bağlıdır ki, QHT-lərin mətbuatla iş mexanizminin qurulmasında ən böyük təşəbüskarlıq məhz QHT-lərin özündən gəlməlidir. Yəni, QHT media ilə əlaqlərin dərinləşməsi üçün müəyyən təbdirlər təşkil edilə, birgə görüşlər keçirilə bilər.
Cavid Şahverdiyev
Məqalə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb