QHT rəhbərlərindən maraqlı təklif
Bayraqdar.info – Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT ziyarətləri” adlı yeni layihənin icrasına başlayıb.
Bu layihənin reallaşdırılmasında məqsəd qeyri-hökumət təşkilatlarını, onların imkanlarını daha yaxından öyrənmək, həmin qurumların işçi heyəti və fəalları ilə görüşmək, həyata keçirdikləri layihə və proqramları yerində nəzərdən keçirmək, habelə onları qayğılandıran məsələləri, o cümlədən vətəndaş cəmiyyətinin inkişaf prespektivlərini birgə müzakirə etməkdir.
Agentlikdən bayraqdar.info-ya verilən məlumata görə, Novruz bayramı ərəfəsində layihə çərçivəsində bir neçə QHT-nin ofislərinə baş çəkilib, həmin qurumların fəaliyyəti ilə yerində tanışlıq olub.
Təbii ki, bu, olduqca mütərəqqi və Azərbaycanda QHT-lərin fəaliyyətinə əlavə stimul verən bir addımdır.
Emin Həsənli: QHT-lər üçün vahid bir binadan yer ayrılması işin xeyrinə ola bilər
Öz növbəsində bayraqdar.info-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bu addımı yüksək dəyərləndirib: “Ümumiyyətlə QHT-lərə Dövlət Dəstəyi Agentliyi vətəndaş cəmiyyətinin daha da inkişafına və bu sektorda çalışanların fəaliyyətinə əlavə stimul verəcək addımlar atır. Biz bunu yüksək dəyərləndirir və lazımlı olduğunu bəyan edirik. Bu cür addımlar, reallaşdırılan layihələr bir tərəfdən ictimai təşkilatların ölkədəki proseslərdə daha yaxından və aktiv şəkildə iştirakına təkan verir, digər yandan da QHT sektoru üzərinə əlavə məsuliyyət qoyur”.
E.Həsənli deyib ki, “QHT ziyarətləri” adlı yeni layihənin icrasını da məhz bu kontekstdən dəyərləndirmək olar: “Bəlli olduğu kimi, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin Müşahidə Şurasının üzvü Günel Səfərova və Agentliyin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı bir sıra QHT-lərin fəaliyyət göstərdiyi ofislərə baş çəkib, bu qurumlaırn fəaliyyəti ilə yaxından tanış olublar. Təbii ki, bu, həm dövlətin, həm də QHT Agentliyi rəhbrəliyinin ictimai təşkilatlara diqqətinin növbəti bariz nümunəsidir. Düşünürəm ki, bu ziyarətlər QHT-lərin indiyə kimi nə etdikləri barədə yerində məlumat əldə edilməsi ilə yanaşı bəzi problemlərin həllinə də yardım edəcək. Eyni zamanda hesab edirəm ki, bu layihənin icrası fonunda bir vacib məsələnin də öz həllini tapmasında Agentliyin bizə dəstəyinin şahidi olacağıq. Söhbət xarici ölkələrdəki təcrübənin tətbiqindən gedir. Yəni bəzi xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da QHT-lər üçün vahid bir bina ayrıla, orada QHT-lər üçün otaqlar kirayə verilə bilər. Həmin binada ümumi konfrans zalı, yeməkxana, internetə vahid çıxış olar ki, bu da işin xeyrinə ola bilər. Çünki sirr deyil ki, bu gün ölkədəki QHT-lərin heç də hamısı ayrı-ayrılıqda, bahalı yerlərdə ofis kirayələmək imkanına malik deyillər. Digər tərəfdən, ölkəmizdə partiyaların ofislə təminatı ilə bağlı təcrübə var ki, bunu QHT sektoru üçün də etmək mümkündür ”.
Nadir İsmayılov: Əminəm ki, Agentlik “QHT evi” ideyasının reallaşmasına dəstək olacaq
“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Əməkdar Jurnalist Nadir İsmayılov da bayraqdar.info-ya açıqlamasında “QHT ziyarətləri” layihəsini yüksək dəyərləndirib. Onun sözlərinə görə, bu, dövlətin, həmçinin, QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının, o cümlədən icraçı direktor Aygün Əliyevanın ictimai təşkilatlara diqqətinin növbəti təsdiqidir: “Azərbaycan dövləti bütün sahələr kimi üçüncü sektorun inkişafı üçün də lazım olan dəstəyi göstərir. Hər il müvafiq istiqamətlər üzrə elan edilən qrant müsabiqələri bir tərəfdən dövlət siyasətinin reallaşmasında ictimai sektorun yaxından iştirakına şərait yaradırsa, digər tərəfdən də QHT-lərin normal fəaliyyəti üçün stimul rolunu oynayır. Son vaxtlar isə biz əlavə mütərəqqi addımların şahidi oluruq. Agentliyin Müşahidə Şurasının üzvləri, həmçinin icraçı direktoru ona çalışırlar ki, QHT-lər həm məsələlərə daha məsuliyytlə yanaşsınlar, həm də onların üzləşdikləri hansısa problemlər vaxtında aradan qaldırılsın”.
N.İsmayılov yuxarıda bəhs edilən layihənin də məhz bu məqsədə xidmət etdiyi qənaətindədir: “Layihə çərçivəsində ayrı-ayrı QHT-lərin fəaliyyəti ilə tanışlıqla yanaşı onların hansısa problem, yaxud çətinliklə üzləşdikləri barədə də yerində məlumat əldə ediləcək. Bu isə həmin problemlərin daha tez həllinə yardım edəcək”.
QHT rəhbəri həmçinin Agentliyin rəhbərliyinə bir müraciət də ünvanlayıb: “Ötən il Antalyada maraqlı bir şeyin şahidi oldum. Orada yerli rəhbərlik bir neçə mərtəbəli binanı sırf QHT-lər üçün ayırıb. Vahid internetə çıxışı, ümumi konfrans zalı olan bu binada ofis kirayələmək QHT-lər üçün həddindən artıq sərfəlidir. Çünki qiymətlər daha aşağıdır, QHT-lər gündəlik bir-biri ilə sıx təmasda ola bilirlər və bu sektorla bağlı hansısa bir tədbir keçiriləndə daha şəhərin bir başından digər başına getmək lazım gəlmir. Hesab edirəm ki, bizdə də buna bənzər mexanizm tətbiq edilə, konkret desək, “QHT evi” yaradıla bilər. Azərbaycanda QHT-lərə dövlət tərəfindən hərtərəfli diqqət və qayğı göstərildiyini, həmçinin həyata keçirilən islahatların bütün sahələrin inkişafına təkan verdiyini nəzərə alaraq Agentliyin “QHT evi” ideyasının reallaşmasına – onu da deyim ki, ilk dəfə bu təkliflə illər öncə təşkilatımızın qurucusu və ilk sədri, Əməkdar jurnalist Azər Həsrət çıxış edib – dəstək olacağına əminik. Nəzərə alsaq ki, Azərbaycanda partiyalara ofislərin ayrılması kimi dövlətin çox gözəl və mütərəqqi təcrübəsi də var, o zaman hazırda istifadə edilməyən dövlətə məxsus binaların birinin “QHT evi”nə ayrılacağına inanırıq”.
Number of View: 688