ÜÇ ƏSRİN QƏLƏBƏSİ

Zaur İbrahimli

Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsində Milli Ordumuzun qələbələri erməni qəsbkarları ilə mübarizə tariximizi, onların xəyanətlərini də yada salır. Bugünkü qələbələrimizi, böyük qürur hissi ilə, üç əsrin qələbəsi kimi qeyd edə bilərik. Müzəffər Azərbaycan Ordusu və onun Ali Baş Komandanı İlham Əliyev son 300 ildə ermənilərin işğalçı və qəsbkar siyasətinin nəticələrini aradan qaldırır. Həmçinin Azərbaycan xalqı ona qarşı bütün xəyanət və məkrli planların nəticəsində pozulmuş tarixi ədaləti bərpa edir.

Azərbaycan Ordusu, Almaniyanı birləşdirən məşhur kansler Bismarkın ifadə etdiyi kimi, “qan və dəmirlə” əsrlər boyu vətənimizin, ölkəmizin tapdanan haqqını özünə qaytarır. 19-21-ci əsrlərdə Azərbaycanın ərazi bütövlüyü, Qarabağ, suverenliyi, milli dövlətçiliyi ilə əlaqədar hüquqlarının təsbit olunduğu imzalanmış, amma icra olunmamış müqavilə, sazişləri, qərarları icra edir. 19-cu əsrdə imzalanmış müqavilələr (1805-ci il Kürəkçay müqaviləsi), Azərbaycan Xalq Cümhuriyyəti ilə Ararat (indiki Ermənistan) Respublikası arasındakı razılaşmalar, 20-ci əsrdəki sonrakı razılaşmalar, SSRİ rəhbərliyinin qərarları, nəhayət, BMT TŞ qətnamələri, 21-ci əsrdə Avropa İttifaqı, Avropa Şurası və digər mötəbər beynəlxalq təşkilatların qətnamə və qərarları icra olunur.

Qarabağ, Azərbaycan xanlığı olaraq 1805-ci il mayın 14-də İbrahim xanla Rusiya generalı Sisianov arasında bağlanan Kürəkçay müqaviləsi ilə Rusiyanın tərkibinə qatıldı. Kürəkçay müqaviləsinin ikinci maddəsində Qarabağ xanının və onun varislərinin ölkəsinin bütövlüyünün saxlanmasına imperator zəmanəti verilirdi. Azərbaycan Xalq Cümhuriyyəti ilə Qarabağ Erməni Milli Şurası arasında deklarasiya imzalanmışdı. Onlara Azərbaycan tərkibində mədəni-milli muxtariyyət hüququ verilmişdi. Onlar Ararat Respublikasının tapşırıqlarını həyata keçirərək 1920-ci il mart ayının 22-də, Novruz bayramı günü silahlı qiyam qaldırdılar, dinc azərbaycanlılara hücum edildi. Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində ermənilərin hücumu tezliklə dəf edildi. Qiyamçılar şəhəri tərk etməyə məcbur oldular. Bununla belə, Əsgəran qalasını işğal edə bildilər. 20-ci əsrin sonlarında Azərbaycan yenə erməni qiyamı, xəyanəti və təcavüzü ilə üz-üzə qaldı. 1988-ci ildən başalayaraq SSRİ, dah sonra Rusiya rəhbərliyinin açıq-gizli dəstəyi ilə 1994-cü ilədək Azərbaycanın 7 rayonu və Dağlıq Qarabağ işğal edildi. Bütün azərbaycanlılar Ermənistan ərazisindəki əsrlər boyu yaşadığı torpaqlardan sürgün edildi. Erminələrin Bakıdakı 1905-ci il mart qırğınının davamı kimi 87 il sonra tarixin ən qanlı soyqırımı – Xocalı faciəsini törətdilər. 28 ildən sonra artıq hesab vermək zamanı çatıb, Azərbaycan ərazi bütövlüyünə, suverenliyinə qarşı üç əsrin qiyamını beynəlxalq hüquq tələblərinə uyğun olaraq yatırdır və qiyamçıları məsuliyyətə cəlb edir.

Milli birliyi, fədakarlığı ilə Azərbaycan xalqı, rəşadəti, igidliyi ilə Azərbaycan Ordusu, qətiyyəti ilə Ali Baş Komandan İlham Əliyev artıq əsrlər boyu davam edən bu hücumu, məkrli planı puça çıxarıb. Obrazlı iafdə etsək, 40 gündür ki, Azərbaycan xalqı qanı və canı bahasına onun üç əsrdir pozulan huquqlarını bərpa edəcək yeni saziş bağlanması üçün mübarizə aparır.

Azərbaycanın bu haqq işini dost-qardaş Türkiyə, ən yaxın müttəfiqləri Pakistan, Ukrayana, İsrail, Gürcüstan, MDB üzrə tərəfdaşlar, Qoşulmama Hərakatı, Türk Şurası müdafiə edir. Beynəlxalq təşkilatlar bu haqqını tanıyır. Başlıcası isə Azərbaycan üç əsrin həmləsinə kifayət qədər hazırlıqlıdır və istər hərb, istərsə də diplomatik səngərdə qələbə üçün əzmli, qətiyyətlidir.

“Polis” qəzeti

Number of View: 1113