Diasporla İş üzrə Dövlət Komitəsi bu gün KİV-lə əlaqələrini daha geniş spektrdə reallaşdırır

Vəsilə Vahidqızı: “Hər gün yazılı və onlayn mediada xaricdə yaşayan azərbaycanlıların fəaliyyətilə bağlı müxtəlif xəbərlər dərc olunur”

(əvvəli ötən sayımızda)

Bundan başqa, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İordaniyanın KİV-lərində diplomatlarımızın müsahibələri yer alıb. Nüfuzlu “Əl-Ərəbiyə”, “Aljazeera”, “İ24 News Arabic” telekanalları Azərbaycanın haqlı mövqeyini işıqlandıran reportajlar, ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Mahir Əliyevin müsahibəsini yayıblar.

Diaspor təmsilçilərimiz müxtəlif xarici KİV-də çıxış edərək, Ermənistanın ölkəmizə qarşı təxribatları barədə ətraflı məlumatlar verirlər

Eyni zamanda, vurğulandığı kimi, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri müxtəlif kütləvi informasiya vasitələrində çıxış edərək, Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı təxribatları və Vətənimizdə baş verən son hadisələr barədə ətraflı məlumatlar verməyə çalışırlar: “Belə ki, Niderlanddakı “Life24” internet kanalının “Hollanda gündəmi” proqramına telefonla qoşulan Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov və Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyev bildiriblər ki, işğalçı Ermənistanın 27 sentyabr tarixli hücumu sülhsevər Azərbaycan dövlətinin və xalqının səbrini daşırdı.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə ermənilərə layiqli cavab verən Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməyə başlaması xəbərindən ruhlanan diasporumuz bu dönəmdə informasiya müharibəsində ermənilərin təxribatlarının qarşısını almağa, Azərbaycandakı hadisələrlə bağlı dürüst və səhih məlumatların dərc olunmasına, Niderlandda Vətənimizlə bağlı ədalətli ictimai rəyin yaranmasına çalışdığını qeyd ediblər”.
Vəsilə Vahidqızı bildirib ki, 27 sentyabr – 19 oktyabr tarixlərində 49 ölkədə fəaliyyət göstərən müxtəlif diaspor təşkilatları və fəalları tərəfindən 22 dildə 289 bəyanat (müraciət) verilib: “Eyni zamanda, 50 ölkədə 32 dildə 965 məqalə və xəbər çap edilib, televiziya və radio reportajları hazırlanıb. Ümumilikdə 24 xarici ölkədə 95 tədbir keçirilib ki, bunlardan 54-i yürüş-mitinq, 6-sı mətbuat konfransı, 10-u “dəyirmi masa”, 25-i toplantı, konfrans və digər xarakterli tədbirlər olub. Həmçinin 3920 yerli mənbədə 201 xəbər yayımlanıb”.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, cənab Prezident hər zaman diaspor nümayəndələri ilə görüşündə çağırış edir ki, mətbuatla əlaqələrin qurulmasında da fəal olsunlar. Bəs, bu fəallıq ölkə başçısının çağırışına adekvatdırmı? Eyni zamanda, Diasporla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə diaspora hansı dəstəyi göstərir? Ümumiyyətlə, bütün Avropada olmasa da, müəyyən bəlli mərkəzlərdə diasporumuzun özünün müstəqil mediasının yaradılması müsbət effekt verə bilərmi?

Həmin suallara cavab olaraq müsahibəmiz deyib ki, diasporun müstəqil media orqanının yaradılması olduqca vacib məsələdir: “Təbii ki, xaricdə yaşayan azərbaycanlılar müxtəlif səviyyələrdə mətbuat orqanı və internet TV-lər yaratmağa nail olublar. Amma, beynəlxalq səviyyəli media orqanlarının yaradılması ölkəmizin dünyada təbliğ olunmasında əvəzsiz rol oynaya bilər. Bu, Qarabağ həqiqətlərinin olduğu kimi çatdırılmasında da ən mühüm vasitəyə çevrilə bilər. Avropanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bəzi TV-lərə çıxış imkanları var və bu günə qədər hətta Kanadada belə ümumölkə TV-sində azərbaycanlıların TV proqramları yayımlanıb. Hazırda da bir neçə ölkədə bu təcrübə davam edir. Məsələn, Misirdə müxtəlif TV-lərdə davamlı olaraq ölkəmizin təbliğatı aparılır. Ayrıca müstəqil media orqanının, xüsusilə TV-nin yaradılması informasiya müharibəsi baxımından böyük əhəmiyyət daşıya bilər”.

Yeri gəlmişkən, bəlli olduğu kimi, hazırda dünyanın aktual mövzusu koronavirus pandemiyası ilə mübarizədir. Ölkəmizdə yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısını almaq üçün Azərbaycan dövləti tərəfindən genişmiqyaslı işlər görülüb. Eyni zamanda xaricdəki azərbaycanlılara pandemiya zamanı göstərilən dəstək istiqamətində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən müəyyən işlər görülüb. Bəs pandemiya ilə mübarizə sahəsində Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən görülən işlər mətbuatda yetərincə işıqlandırıldımı?

Həmin sualı cavablandıran müsahibimiz öncə onu deyib ki, xaricdə yaşayan azərbaycanlıların xarici mediada məqalələrinin dərc olunması sahəsində xeyli irəliləyiş var. Bundan başqa azərbaycanlıların yaşadıqları ölkələrdə ana dilimizdə fəaliyyət göstərən mətbu orqanları da artıq öz yerlərini tutublar: “Nümunə olaraq deyə bilərik ki, koronavirus pandemiyası başlayan gündən Diaspor TV və Diaspor FM-də xaricdə yaşayan və müvəqqəti olaraq xaricə səfər edən, ölkəyə qayıda bilməyən azərbaycanlılarla əlaqələr daha da intensivləşdirilib. Diaspor televiziyası və radiosunda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti, eləcə də koronovirus pandemiyası ilə əlaqədar yeni yaradılan elektron ünvanlarla bağlı Azərbaycan, ingilis və rus dillərində videomateriallar və məlumatlar yayımlanıb”.
Bildirilib ki, pandemiya dövründə Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramında 52 soydaşımızla tək-tək və qrup halında 20-dən çox videobağlantı edilib, onların və həmin ölkələrdə yaşayan azərbaycanlıların vəziyyətilə bağlı ölkə ictimaiyyəti məlumatlandırılıb. Bunlar Fransa, İtaliya, Litva, Rusiya, ABŞ, Belarus, Niderland, İspaniya, Böyük Britaniya, Avstriya, Macarıstan, Almaniya, Ukrayna, Türkiyə, eləcə də bir sıra Afrika ölkələrində yaşayan azərbaycanlılardır: “Həmin günlərdə xaricdə qalan soydaşlarımızın videomüraciətləri Diaspor TV vasitəsilə yayılaraq vəziyyətləri cəmiyyətə və müvafiq qurumlara çatdırılıb. Paris Azərbaycan Evinin rəhbəri Murvari Fətəliyeva koronavirusa yoluxması ilə bağlı ilk müsahibəsini Diaspor TV-yə verib və həmin videomüsahibə 22 yerli saytda yayımlanıb”.

Fuad Hüseynzadə

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) “Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması” layihəsi çərçivəsində dərc olunub

Number of View: 1108