Murtaza Qaraçanta: “İzmirdə də bu istiqamətdə davamlı addımlar atılır”
Xəbər verdiyimiz kimi ölkəmizdə diaspor quruculuğu siyasətinin yeni mərhələyə qədəm qoyması ilə gənclərin, o cümlədən gənc könüllülərin bu prosesdə iştirakı daha da aktiv hal alıb. Məhz bunun nəticəsidir ki, dünyanın müxtəlif ölkələrində, həmçinin qardaş Türkiyədə diaspor siyasətimizdə gənc könüllülərin daha yaxından iştirakı üçün mühüm addımlar atılır. Onu da qeyd edək ki, Türkiyənin İzmir şəhərindəki azərbaycanlı gənc diaspor könüllülərinin bir araya gəlməsində və aktivliyində bu şəhərdəki ictimai təşkilatların böyük rolu var. Bu baxımdan 2019-cu ildə İzmirdə yaradılan Çağdaş Azərbaycan Kültür Dərnəyinin (ÇAKD) də fəaliyyəti diqqət çəkir. Dərnəyin sədr müavini Murtaza Qaraçanta bizimlə söhbətində Azərbaycanla bağlı gördükləri işlər barədə məlumat verib. Öncə qeyd edək ki, Murtaza Qaraçanta 3 sentyabr 1961-ci ildə Qarsda, Azərbaycan əsilli ailədə doğulub. Əsli hazırda Ermənistan sərhədləri çərçivəsində qalan Ağbabadan, Amasiya rayonunun Karaçanta kəndindəndir. Ulu babaları oradan gəlib Qarsda məskən salıblar. Murtaza Qaraçanta Anadolu Universiteti İqtisadi və İdari Elmlər Fakültəsini Menecerlik ixtisası üzrə bitirib. Qarsda Sosial Sığorta İdarəsində məmur işləyib. Məmurluqdan baş mühasib vəzifəsinə kimi yüksəlib. 2008-ci ildə bu vəzifədən təqaüdə çıxıb. 2009-cu ildə bələdiyyə seçkilərində MHP-dən bələdiyyə məclisi üzvü seçilib. Və 5 illik üzvlük fəaliyyətindən sonra 2014-2019-cu illərdə Qarsın bələdiyyə sədri olub.
Beləliklə, bizimlə söhbətində “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın gündən-günə daha da inkişaf etməsi və güclənməsi dispor quruculuğu siyasətinə də öz müsbət təsirinin göstərir” deyən Murtaza Qaraçanta diaspor təşkilatlarının aktivliyini də yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu il 12 iyulda Ermənistanın növbəti hərbi təxribatından sonra diaspor təmsilçilərimiz daha fəal şəkildə Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırdılar: “Biz də ermənilərin bu təxribatlarına qarşı İzmirdə etiraz aksiyası keçirdik. Bir fakt məlumdur ki, gündən-günə çiçəklənən və inkişaf edən Azərbaycan artıq haqlı olduğunu ifadə etməkdə çətinlik çəkmir. Bu da eyni zamanda ölkəmizin həyata keçirdiyi diaspor siyasətinin nə qədər təsirli olduğunu göstərir”.
Murtaza Qaraçanta onu da əlavə edib ki, işğalçı Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından, o cümlədən Azərbaycanda mülki insanları və yaşayış binalarını ağır artılleriya hücumuna məruz qoymasından sonra da Türkiyənin hər şəhərində olduğu kimi İzmirdə də azərbaycanlılar tərəfindən etiraz aksiyası keçirilib. Belə ki, İzmirdə fəaliyyət göstərən “Can Azərbaycan” platforması adı altında birləşən 50-yə yaxın qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbir Fransa Respublikası konsulluğunun qarşısında baş tutub. Aksiyada “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan terrorçu dövlətdir!”, “Azərbaycan ədalət tələb edir!”, “Mülki insanlar toxunulmazdır!” “İşğal beynəlxalq sülhə təhlükədir!”, “Uşaq ölümünə son qoyun!” kimi şüarlar səsləndirərək ermənilərin ölkəmizə qarşı apardığı işğalçılıq siyasəti ilə bağlı faktları diqqətə çatdırıb, münaqişənin nizamlanmasında Minsk qrupunun həmsədri kimi Fransanı ədalətli mövqe nümayiş etdirməyə çağırıblar.
Son zamanlar Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin gənclərin diaspor işində fəallaşması istəqamətində gördüyü işləri də müsbət qiymətləndirən M.Qaraçanta qeyd edib ki, gənclər diasporun gələcəyinin qarantıdır: “Ulu öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin gənclər haqqında dəyərli fikirlərindən ilham alaraq, həmçinin Prezident İlham Əliyevin tapşırığı əsasında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin gənclərin aktivləşməsi ilə bağlı gördüyü işlərə dəstək olmaq üçün üzərimizə düşən vəzifələrin öhdəisndən layiqincə gəlməyə, İzmidə də azərbaycanlı gənclərin diaspor fəaliyyətində yaxından iştirak etməsinə dəstək olmağa çalışırıq”.
M.Qaraçanta deyib ki, ümumiyyətlə, gənc könüllülərin diaspor işinə cəlb olunması çox faydalıdır: “İzmirdə də bu istiqamətdə davamlı addımlar atılır. Düzdür, pandemiya ilə əlqədar olaraq bir müddət gənclərimizlə tez-tez görüşmək və onlarla ünsiyyət qurmaq fürsətimiz olmadı. Bununla belə deməliyəm ki, gənc könüllülərin diaspor fəaliyyətində iştirakı çox vacibdir və bizim gənclərə böyük inamımız var”.
M.Qaraçanta yaşlı nəsil diaspor üzvləri olaraq gənclərin fəaliyyətinə hər zaman dəstək göstərdiklərini də vurğulayıb: “Yaşlı nəsil diaspor üzvləri olaraq hər zaman gənclərimizin təşkil etdiyi tədbirlərdə iştirak edirik. Gənclər hər hansı tədbirdən öncə bizimlə məsləhətləşirlər. Biz də öz təcrübəmizi gənc diaspor fəalları ilə bölüşürük”.
M.Qaraçanta İzmirdə Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində gördükləri işlərdən də söz açıb: “Çağdaş Azərbaycan Kültür Dərnəyi Türkiyədə yaşayan Azərbaycan türklərinin mədəniyyətinin yaşadılması, onların Azərbaycanla əlaqələrinin möhkəmləndirilməsi məqsədi daşıyır. Baxmayaraq ki, bizim dərnəyin yaşı çox azdır, amma bu qısa müddət ərzində bir sıra tədbirlər həyata keçirmişik. Bunların arasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Novruz bayramı, 20 Yanvar, Xocalı soyqırımı ilə bağlı tədbirləri xüsusilə qeyd etmək istəyirəm. Bu tədbirlərdə gənclərimiz də aktiv iştirak ediblər. Təbii ki, gələcəkəd də bir sıra tədbirlər keçirməyi planşadırmışıq və həmin tədbirlər zamanı da gənclərimiz ön sırada olacaqlar”.
ÇAKD rəsmisi sonda İzmirdəki Azərbaycan diaspor təşkilatlarının əməkdaşlıq çərçivəsində çalışdıqlarını bildirib: “İzmirdə ümumilikdə 6 Azərbaycan diaspor təşkilatı qurulub. Aktiv fəaliyyət göstərən dərnəklərlə əməkdaşlıq edirik. Xüsusən iyul hadisələri zamanı, həmçinin işğalçı Ermənistanın sentyabrın 27-də əl atdığı növbəti hərbi təxribatdan sonra bütün təşkilatlar birlik nümayiş etdirdilər. Bu birliyimiz gələcəkdə də davam edəcək və hamımızın vahid məqsədi Vətənimiz haqqında həqiqətləri İzmir ictimaiyyətinə çatdırmaq, Azərbaycan mədəniyyətini ən yüksək səviyyədə tanıtmaqdır”.
Fuad Hüseynzadə
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) “Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması” layihəsi çərçivəsində dərc olunub
Number of View: 961