Mülazim Kardelen Paşa: “Tədbirlərimizə İzmirdəki bütün azərbaycanlı tələbələri, o cümlədən gənc diaspor könüllülərini dəvət edirik”
Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, ürəyi hər zaman Azərbaycanla döyünən soydaşlarımız çoxdur. Belə vətənpərvər insanlardan biri də İzmir – Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri, Azərbaycan sevdalısı Mülazim Kardelen Paşadır. Əslən Azərbaycandan olan müsahibimizin ata-babaları ötən əsrin əvvəllərində Türkiyəyə köç ediblər. 78 yaşlı Mülazim Kardelen Paşa yaşının bu çağında da diasporla bağlı çeşidli işlər görür, ölkəmizin təbliği üçün yorulmadan çalışır.
– Öncə rəhbərlik etdiyiniz təşkilat haqqında qısa məlumat verərdiniz…
– Türkiyə-Azərbaycan qardaşlığından güc alan İzmir-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi yarandığı gündən Azərbaycan həqiqətlərinin təbliği istiqamətində dayanmadan fəaliyyət göstərir. Qısa da olsa, indiyədək gördüyümüz işlərə nəzər salsaq deyə bilərəm ki, məhz bizim təşəbbüsümüz və İzmir şəhəri Bornova rayon bələdiyyəsinin dəstəyi ilə Azərbaycan-Türkiyə Dostluq Parkı salınıb, azərbaycanlıların kompakt yaşadıqları ərazidə Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş abidə, o cümlədən İzmir Qarşıyaxa bələdiyyəsi ərazisində Heydər Əliyev Parkı salınıb. Qeyd edim ki, hər il fevralın 26-da İzmirdə Xocalı şəhidlərinin xatirəsinə ucaldılan abidəni ziyarət edir, faciənin qurbanlarını anırıq. Həmçinin 31 mart soyqırımı qurbanlarının xatirəsini yad edir, bu tarixlər haqqında toplantı iştirakçılarına geniş məlumatlar veririk. Eyni zamanda, hər il Ulu Öndər Heydər Əliyevin doğum və anım günlərində, həmçinin 28 may-Respublika Günü və Novruz bayramı münasibətilə tədbirlər keçiririk. Bu tədbirlərə diaspor təşkilatlarının fəalları ilə yanaşı İzmirdəki bütün azərbaycanlı tələbələri, o cümlədən gənc diaspor könüllülərini dəvət edirik. TBMM-nin üzvləri və bələdiyyə sədrləri, İzmir ictimaiyyətinin fəalları, ziyalılar, KİV təmsilçiləri də tədbirlərimizdə iştirak edirlər.
– İzmirdə bir neçə Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Sizin, eyni zamanda, digər təşkilatların Azərbaycan Respublikasının Diasporla İş
üzrə Dövlət Komitəsi (DİDK) ilə əməkdaşlıq hansı səviyyədədir?
– İzmirdə 5 Azərbaycan diaspor təşkilatı var. İstər biz, istərsə də digər diaspor təşkilatları Diasporla İş üzrə Dövlət Komitəsi ilə yaxından əməkdaşlıq edir, koordinasiyalı şəkildə fəaliyyət göstəririk. Bu ilin may ayında DİDK-nin təşəbbüsü ilə Türkiyədə fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatlarının rəhbərləri ilə videokonfrans təşkil edildi. Müzakirələr zamanı koronavirus pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyətin Türkiyədə daimi və müvəqqəti məskunlaşan, təhsil alan soydaşlarımıza təsirləri, müəyyən çətinliklə üzləşmiş aztəminatlı ailələrə göstərilən yardım və s. məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
– Azərbaycan diaspor quruculuğu siyasətində yeni mərhələnin əsası qoyulub. Bu mərhələdə görülən işləri necə dəyərləndirirsiniz?
– Bu gün Azərbaycan dövlətinin yürütdüyü diaspor siyasəti, o cümlədən yeni mərhələdə görülən işlər mühüm əhəmiyyət kəsb edir. Bu siyasətin reallaşmasında DİDK-nin fəaliyyəti bizlər üçün çox önəmlidir və rəhbərlik etdiyim qurum bu istiqamətdə üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır.
– Son zamanlar diaspor təşkilatlarının fəaliyyətində canlanma müşahidə olunur. Bu ilin iyul hadisələrindən sonra diaspor fəallarımızın Ordumuza dəstək aksiyaları da bunu bir daha sübut etdi…
– Azərbaycanın dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlar törətməsi bütün dünya azərbaycanlıları kimi bizləri də narahat etdi. Buna etiraz olaraq, İzmirdəki diaspor təşkilatlarımızla birgə aksiya keçirdik. “Can Azərbaycan” platformasında birləşən qeyri-hökumət təşkilatlarının və azərbaycanlı tələbələrin təşkilatçılığı ilə gerçəkləşdirilən tədbir İzmirin mərkəzindəki Konak meydanında baş tutdu. Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandığı, “Ermənistanın işğalçı siyasətinə son qoyulsun!”, “Qarabağ Azərbaycandır!”, “Azərbaycan yalnız deyil!”, “İzmirdən Azərbaycana salam olsun!”, “Can Azərbaycana canımız fəda!”, “Səninləyik, Azərbaycan!”, “Bir millət, iki dövlət!” kimi şüarların səsləndirildiyi aksiyada siyasi partiyaların nümayəndələri, QHT rəhbərləri, universitet müəllimləri, azərbaycanlı tələbələr, media təmsilçiləri və yerli ictimaiyyətin nümayəndləri iştirak etdilər. Aksiyada çıxış edənlər Azərbaycana qarşı hərbi təxribatları şiddətlə qınayaraq, Ermənistandan işğalçı siyasətindən əl çəkməsini, işgal altındakı Azərbaycan torpaqlarını tərk
etməsini tələb etdilər, dünya birliyini təcavüzkar dövlətin beynəlxalq hüquq normalarını və bütün insani dəyərləri kobudcasına tapdalamasına biganə qalmamağa, Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə çağırdılar. Onu da deyim ki, bu “Can Azərbaycan” platformasında birləşən qeyri-hökumət təşkilatlarının və azərbaycanlı tələbələrin təşkilatçılığı ilə keçirilən heç də son aksiya deyil. Belə ki, sentyabrın 27-də işğalçı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi növbəti təxribatdan sonra Azərbaycan dövlətinə və Ordusuna dəstək məqsədi ilə də İzmirdə geniş aksiya keçirdik. Oktyabrın 1-də İzmirin Bornova meydanında keçirilən dəstək aksiyasında Qars, İğdır və Ərdahandan olan diaspor təmsilçilərimiz, həmçinin 21 qeyri-hökumət təşkilatı iştirak etdi.
– DİDK-nın gənclərin diaspor işinə cəlb edilməsi istiqamətində gördüyü işlər göz qabağındadır. Prosesi qaneedici hesab etmək olarmı?
– Həqiqətən də son illər DİDK xaricdəki azərbaycanlı gənclərlə bağlı fəal iş görür. Dünya azərbaycanlı gənclərin bir araya gəlməsi üçün Bakıda və digər ölkələrin paytaxt şəhərlərində müxtəlif səpkili tədbirlər keçirilir. Bu tədbirlərdə gənclərin problemləri, təklifləri dinlənilir, həmçinin gələcək fəaliyyətlərinin yol xəritəsi
çəkilir. Əlbəttə ki, gənclərə göstərilən bu diqqət Azərbaycan diasporunun fəaliyyətini daha da sürətləndirir. Eyni zamanda, gənclər bundan daha da ruhlanırlar.
– Bəs, İzmirdə azərbaycanlı gənclərin diaspor fəaliyyətində rolunu necə qiymətləndirirsiniz? Ümumiyyətlə, gənc könüllülərin diaspor işinə cəlb olunması bizə nə verə bilər?
– 2014-cü ildən bəri İzmirdə bir çox işlər görmüşük. Təhsil, mədəniyyət sahələrində, ölkələrarası münasibətlərin inkişafı istiqamətində müxtəlif layihələr həyata keçiririk. Yuxarıda vurğuladığım kimi, tədbirlərimizə bütün azərbaycanlı tələbələri, o cümlədən gənc diaspor könüllülərini dəvət edirik. Son aksiyalarımızda da gənc könüllülər fəallıq göstərdilər. Ümumiyyətlə, əminliklə söyləyə bilərəm ki, buradakı azərbaycanlıların, xüsusilə də gənclərin ürəkləri Azərbaycanla döyünür.
Fuad Hüseynzadə
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) “Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması” layihəsi çərçivəsində dərc olunub
Number of View: 373