Dövlətin diaspor quruculuğu siyasətində yeni mərhələ: perspektivlər və gözləntilər

İstər bu mərhələdə həyata keçirilən genişmiqyaslı işlər, istərsə də xaricdəki diaspor təşkilatlarında baş verən yenilənmələrin fonunda gənclərin önə çəkilməsi gənc könüllülərin diaspor fəaliyyətində iştirakı üçün daha münbit zəmin yaradıb

II yazı

Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu diaspor quruculuğu siyasətini bu gün uğurla davam etdirən Azərbaycan hakimiyyəti dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün ardıcıl siyasət yeridir.

Ulu Öndərin əsasını qoyduğu diaspor quruculuğu siyasəti uğurla davam etdirilir

Belə ki, Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev də diaspor və lobbi quruculuğuna mühüm məsələlərdən biri kimi yanaşır. Məhz bunun nəticəsində ötən 17 il ərzində bu yöndə ardıcıl və sistemli tədbirlər həyata keçirilib. Prezident İlham Əliyev müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla keçirdiyi görüşlərdə milli diaspor təşkilatlarının vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması zərurətini önə çəkib, bunun ideoloji-siyasi konturlarını müəyyənləşdirib. Dövlət başçısı müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan xarici siyasətdə ciddi uğur qazanmağın qeyri-mümkünlüyünü çıxışlarında dəfələrlə vurğulayıb.

Prezident İlham Əliyevin 8 fevral 2006-cı il tarixli Sərəncamı ilə 2006-cı il martın 16-da Bakıda Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi isə diaspor quruculuğu işinə yeni nəfəs verdi. Həmin qurultayda Azərbaycan diasporunun mövcud vəziyyəti müzakirə edildi, bu sahədə çalışan təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri xüsusilə önə çəkildi. Sevindirici haldır ki, hazırda bu istiqamətdə Azərbaycan diasporu uğurla fəaliyyət göstərməkdədir.

Bu məqamda qeyd edək ki, xaricdə yaşayan azərbaycanlılarla iş sahəsində dövlət siyasətinin əsasları 2002-ci ilin dekabr ayının 27-də qəbul edilmiş “Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur. Bu qanun Azərbaycan diasporunun inkişafına dövlət qayğısının daha da artırılması, bu sahədə ciddi nailiyyətlər əldə olunması məqsədi ilə vahid strategiyanın hazırlanması kimi mühüm məsələlərin həllinə imkan yaradan hüquqi prinsipləri müəyyənləşdirir. Bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə Ümummilli lider Heydər Əliyev 2002-ci ildə “Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə” fərman imzaladı. Komitənin yaradılması diaspor təşkilatlarının fəaliyyətinin vahid mərkəzdən koordinasiyasının, diaspordan lobbiçiliyə doğru inkişafında yeni mərhələnin başlanğıcını qoydu.

2008-ci il noyabrın 19-da isə Prezident İlham Əliyevin sərəncamı ilə Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında yeni qurum -Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı.

Xaricdəki soydaşlarımızın təşkilatlanması prosesi keyfiyyətcə yeni məzmun kəsb etməkdədir

Hazırda dünyada Azərbaycan diasporu mütəşəkkil hala gətirilib. Müasir dövrdə xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında milli-mənəvi birliyin möhkəmləndirilməsi, soydaşlarımızın təşkilatlanması prosesi keyfiyyətcə yeni məzmun kəsb etməkdədir. Diasporla İş üzrə Dövlər Komitəsindən verilən məlumata görə, hazırda dünyanın müxtəlif ölkələrində 550-dən artıq Azərbaycan icması fəaliyyət göstərir və diasporumuzun təşkilatlanma prosesi bu gün də davam edir. Azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyasının sürətləndirilməsi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması Azərbaycan diasporunun qarşısında duran prioritet vəzifələrdir. Bu sahədə ötən müddət ərzində müəyyən nailiyyətlər əldə olunub. Bununla yanaşı soydaşlarımızın yaşadıqları cəmiyyətə daha sıx inteqrasiyasına nail olması, onların hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi, siyasi təşkilatlarda, dövlət və hökumət strukturlarında təmsilçilik imkanlarının genişləndirilməsi, diaspor qurumlarının fəaliyyətində bu sahəyə diqqətin artırılması istiqamıtində işlər daha gücləndirilməlidir.

Diasporla iş sahəsində dövlət siyasəti yeni mərhələdə həyata keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev fəaliyyəti dövründə Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlər sistemi ətrafında birləşməsinə, onların malik olduğu böyük potensialın ümummilli problemlərin həllinə yönəldilməsinə xidmət edən mühüm tədbirlər həyata keçirib. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımızla əlaqələrin genişləndirilməsini xarici siyasətdə prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirən dövlət başçısı İlham Əliyev ölkədəki sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətinə uyğun olaraq diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlərin həyata keçirilməsini vacib sayır. Bu yöndə DİDK tərəfindən aparılan dövlət siyasətinin mahiyyəti dünya azərbaycanlılarının potensial imkanlarını müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həlli naminə səfərbər etmək, milli birliyə, həmrəyliyə və mütəşəkkilliyə nail olmaqdır.

Sadalananların fonunda bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müxtəlif ölkələrin ictimai, siyasi və dövlət xadimləri, elm adamları, eləcə də KİV-lər ilə əlaqələrin qurulması çox mühümdür. Yəni, diasporumuz bu məsələlərə daha çox diqqət yetirməli, bəzi ölkələrdə Azərbaycan haqqında erməni diasporu və lobbisi tərəfindən formalaşdırılmış yanlış təsəvvürlərin aradan qaldırılması üçün öz imkanlarını maksimum dərəcədə səfərbər etməyə çalışmalıdır. Bu məsələdə Azərbaycan diasporu üzərinə düşən böyük məsuliyyəti anlamalıdır.

Fuad Hüseynzadə

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi
ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz
Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN)” Gənc könüllülərin
diaspor fəaliyyətində iştirakının təbliğ olunması” layihəsi çərçivəsində dərc olunub

Number of View: 1043