Bu məsələyə ortaq və fərqli yanaşmalar var
Xəbər verildiyi kimi, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyi (CASCFEN) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi” layihəsini həyata keçirir.
Bundan öncəki məqalələrdə də qeyd etdiyimiz kimi bu ilin may ayında start götürən və sentyabrın 1-də icrası başa çatacaq sözügedən layihənin məqsədi orta təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə, orta məktəb rəhbərlərinin və müəllimlərinin KİV haqqında qanunvericiliklə daha yaxından tanış olmasına, KİV-lə iş barədə bilik və bacarıqlarının artırılmasına, KİV-lə əməkdaşlıq mühitinin yaradılmasına yardım göstərməkdən ibarətdir.
Beləliklə, “Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi” layihəsi çərçivəsində respublikamızın müxtəlif bölgələrində orta məktəblərin rəhbər heyəti və aparıcı pedaqoqlarının, həmçinin KİV təmsilçilərinin iştirakı ilə “İnformasiya açıqlığının təmin edilməsi” və “Media ilə iş bacarıqları” mövzularında seminarlar təşkil olundu. Respublikamızın – bölgələrdə və paytaxtda olmaq şərtilə, dörd məktəbində (Şəki şəhərində 5 nömrəli tam orta məktəb, Yevlax şəhərində 2 nömrəli tam orta məktəb, Bakının Suraxanı rayonundakı 279 və Sabunçu rayonundakı 311 nömrəli tam orta məktəblər) keçirilən bu seminarlar zamanı bir sıra təkliflər və maraqlı fikirlər səsləndirildi.
Ötən iki yazımızda layihə üzrə ekspertlərdən biri filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Nüşabə Hüseynlinin fikirlərinə yer vermişdik. Öz növbəsində digər ekspert, tanınmış jurnalist Seymur Verdizadə də hesab edir ki, hazırda bu məsələ aktuallığını qoruyur. Bununla belə məsələyə bir qədər fərqli rakursdan yanaşan ekspertin qənaətinə görə, burada bir sıra səbəblər mövcuddur: “Hesab edirəm ki, problem təkcə hansısa məktəbin media ilə iş məsələsində maraqlı olmamasında deyil, həmçinin bəzi KİV nümayəndələrinin daha çox sensasiya dalınca qaçmalarındadır”.
Seymur Verdizadənin fikrincə, məktəblərin bəzən media üçün “qapalı məkana” çevrilməsinin digər səbəbi sırf məlumat almaq, təhsil həyatını işıqlandırmaq üçün məktəblərə üz tutan KİV təmsilçisinə məktəb rəhbərliyinin şübhəli şəkildə yanaşmasıdır. Bunun səbəbini isə jurnalistikanın adına ləkə olan bəzi şəxslərin özünü media işçisi kimi təqdim edib şantajla məşğul olmalarında axtarmaq lazımdır: “Əlbəttə ki, bu halda, qeyd edilən şübhəli yanaşmanı (yəni məktəb rəhbərliyinin, pedaqoji kollektivin KİV təmsilçilərinə münasibətini – red) haqlı hesab etmək olar. Nəticədə də, necə deyərlər, qurunun oduna yaş da yanır. Belə ki, bəzən hər hansı normal media qurumunun əməkdaşı mövcud qanunvericilik çərçivəsində hərəkət edərək məktəb haqqında informasiya əldə etmək istərkən məktəb rəhbərliyi ilə onun arasında anlaşılmazlıq yaşanır. Bu vəziyyətin yaranmasına səbəb isə məhz “reket jurnalistlər”in medianın adına ləkə gətirən hərəkətləridir. Bununla belə təbii ki, məktəblərin də üzərinə böyük işlər düşür”.
Əlbəttə ki, mütəxəssislərin və ekspertlərin kənardan müşahidəsi əsasında məktəblərin media ilə münasibətlərinə dair ortaya çıxan qənaətlərdə həqiqət payı ilə yanaşı, subyektiv fikirlərin yer aldığını söyləmək mümkündür. Daha doğrusu, bununla bağlı digər tərəfin, yəni orta təhsil müəssisələrinin təmsilçilərinin arqumentlərini dinləyəndə bəzi məqamlara da aydınlıq gəlir. Məhz bu baxımdan layihə çərçivəsində seminarın keçirildiyi məktəblərdən birinin – Yevlax şəhər 2 nömrəli tam orta məktəbin direktoru Sədaqət Şükürovanın fikirləri maraq doğurur. Belə ki, direktor öncə rəhbərlik etdiyi məktəbin ənənəvi KİV-lə əlaqələrə malik olduğunu, o cümlədən müxtəlif qəzet və jurnallara abunə yazıldığı üçün məktəb kollektivinin kifayət qədər informasiya ilə təmin olunduğunu deyib.
Bu təhsil ocağına rəhbərlik etdiyi müddətdə həmin məktəb haqqında gündəmi zəbt edən neqativ hallara, qalmaqallı olaylara rast gəlmədiyini deyən S.Şükürovanın sözlərinə görə, bəzi məktəblərdə baş verən hadisələr haqqında xəbərlərin ictimailəşdirilməsi, ümumiyyətlə, məktəblər haqqında bəzən xoşagəlməz rəylərin yaranmasına gətirib çıxarır. Məktəblər haqqında dezinformasiya yayılmasında əsas səbəb kimi yalnız məhz təhsil müəssisələrilə KİV arasında əməkdaşlıq mühitinin olmamasını göstərməyin də əleyhinə olduğunu bildirən S.Şükürova deyir ki, bəzi hallarda hansısa KİV təmsilçisinin hansısa məktəbdə baş verən kiçik bir hadisəni məqsədli şəkildə “şişirtməsinin” və bu xəbərin süni şəkildə gündəmdə saxlanılmasının şahidi oluruq. Yəni bu kimi subyektiv təsirləri istisna etmək olmaz.
Seminarların gedişində də qeyd olunduğu kimi, bəzən cəmiyyətdə gəlinən qənaətlərdən biri bu olur ki, orta məktəblərin media ilə işinin düzgün qurulmamasının səbəblərindən biri də təhsil müəssisəsinin rəhbərləri və pedaqoji heyətin KİV haqqında qanunvericilikdən xəbərinin olmaması ilə bağlıdır. Lakin S.Şükürova bu məsələdə də ifrata varıldığı qənaətindədir. Onun fikrincə, Azərbaycanın orta məktəblərində işləyən müəllimlərin bir çoxu çoxillik təcrübə dövründə bu və ya digər səbəblərdən sözügedən qanunların tələblərini yaxşı bilirlər: “Digər tərəfdən, orta məktəb müəllimləri indiki informasiya texnologiyaları əsrində təkcə ənənəvi KİV, o cümlədən radio və televiziya vasitəsi ilə deyil, elektron mühitdə mövcud olan materiallar əsasında KİV haqqında qanunvericiliklə tam tanış olmaq imkanına malikdirlər. Lakin təbii ki, hər ötən gün özü ilə yeniliklər gətirir və bu baxımdan, məncə həmin yeniliklərin pedaqoji heyətə çatdırılması üçün bu cür seminarların davam etdirilməsi də məqsədəuyğundur”.
KİV-in gözdən salınmasında xüsusi rolu olan şantajçıların, yəni “reket jurnalistlər”in ifşa olunmasında məktəblərin real media ilə münasibətlərinin düzgün qurulmasının əhəmiyyətinə də toxunun S.Şükürova o qənaətdədir ki, bu baxımdan da seminarların keçirilməsi intensivləşdirilməli, hətta bu tip tədbirlər gələcəkdə təkcə ümumilikdə rayon miqyasında deyil, ayrı-ayrı məktəblər üçün də təşkil edilməlidir.
Yuxarıda da vurğulandığı kimi, məktəblərin fəaliyyətlərinin ənənəvi media ilə yanaşı, elektron media və sosial şəbəkələrdə işıqlandırılması məsələsi də öz aktuallığını qoruyur. Məlum olduğu kimi, Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi və digər təhsil idarələrinin tabeliyində olan məktəblərin hamısının tabe olduqları idarənin saytında səhifələri var. Yəni orada məktəblər, pedaqoji heyət barədə ətraflı məlumat almaq mümkündür. Üstəlik, “Facebook”, “İnstagram” və digər sosial şəbəkələrdə səhifələri olan məktəblər də çoxluq təşkil edir.
Öz növbəsində sosial mediada məktəbin fəaliyyətinin işıqlandırılması məsələsinə toxunan S.Şükürova bildirir ki, onların məktəbinin də “Facebook”da səhifəsi var. Onun sözlərinə görə, Təhsil Nazirliyinin rəhbərliyi öz saytları vasitəsilə məktəblər haqqında məlumatların yenilənməsinin, habelə təhsil müəssisələrinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə orada aktivliyin artırılmasının tərəfdarıdır və bununla bağlı məktəb direktorlarını da təşviq edir: “Çünki orada məktəbdə keçirilən müxtəlif tədbirlər haqqında və digər məlumatlar, valideynlər başda olmaqla, daha çox izləyiciyə çatır. Nəticədə də çox sayda insan ümumi orta təhsil müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olurlar”.
Onu da qeyd edək ki, məktəblərin saytları, sosial şəbəkələrdə məlumatlandırma məsələsində orta məktəblərdə bəzi problemlər də özünü göstərir. Ekspertlərin qənaətinə görə, hər hansı məktəbin sosial media ilə iş bacarığının təkmilləşdirilməsi üçün bu işə konkret əməkdaşın təhkim edilməsi ilə yanaşı, onun fəaliyyətinə nəzarət mühüm əhəmiyyət kəsb edir. Öz növbəsində Seymur Verdizadə də bu qənaəti bölüşür: “Bir çox hallarda məktəbin sosial media meneceri vəzifəsini könüllü olaraq öz üzərinə ya məktəbin əməkdaşı, ya da yuxarı sinif şagirdi götürdüyündən mənfi tendensiyalar və çatışmazlıqların ortaya çıxmaması üçün mütləq nəzarət lazımdır”.
Məqalə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi” layihəsi çərçivəsində hazırlanıb.
Number of View: 4014