Təhsil müəssisələri bu məsələdə nəyi necə etməlidirlər? -Birinci yazı

Tədbirdən görüntü

Məlum olduğu kimi, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyi (CASCFEN) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi” layihəsini həyata keçirir.

Bu ilin may ayında start götürən və sentyabrın 1-də icrası başa çatacaq bu layihənin məqsədi orta təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə, orta məktəb rəhbərlərinin və müəllimlərinin KİV haqqında qanunvericiliklə daha yaxından tanış olmasına, KİV-lə iş barədə bilik və bacarıqlarının artırılmasına, KİV-lə əməkdaşlıq mühitinin yaradılmasına yardım göstərməkdən ibarətdir. “Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi” layihəsi çərçivəsində respublikamızın müxtəlif bölgələrində orta məktəblərin rəhbər heyəti və aparıcı pedaqoqlarının, həmçinin KİV təmsilçilərinin iştirakı ilə “İnformasiya açıqlığının təmin edilməsi” və “Media ilə iş bacarıqları” mövzularında seminarların təşkili nəzərdə tutulurdu və artıq layihə çərçivəsində respublikamızın – bölgələrdə və paytaxtda olmaq şərtilə, dörd məktəbində (Şəki şəhərində 5 nömrəli tam orta məktəb, Yevlax şəhərində 2 nömrəli tam orta məktəb, Bakının Suraxanı rayonundakı 279 və Sabunçu rayonundakı 311 nömrəli tam orta məktəblər) seminar təşkil edildi. Orta məktəblərin rəhbərlikləri və müəllimləri, həmçinin KİV təmsilçiləri və aparıcı ekspertlərin iştirakı ilə keçirilən, maraqlı müzakirələr və yeni təkliflərin səsləndirilməsi ilə yadda qalan bu seminarlar haqda bir qədər sonra. Hələlik isə onu qeyd edək ki, təşkilat bu layihənin reallaşdırılması qərarını heç də təsadüfən verməyib. Artıq 5 ildən çoxdur ki, CASCFEN istər dövlət dəstəyi, istərsə də şəxsi imkanları hesabına bu istiqamətdə layihələr reallaşdırır və gəlinən qənaət budur ki, orta məktəblərlə KİV arasında əlaqələr məsələsi hələ də öz aktuallığını qoruyur. Eyni zamanda, adı çəkilən məktəblərdə keçirilən seminarların iştirakçıları da bu mövzunun davam etdirilməsinin zəruri olduğunu bildirib, hətta ümumilikdə rayon məktəblərinin təmsilçiləri üçün keçirilən bu cür seminarların gələcəkdə ayrı-ayrı məktəblər üçün təşkil edilməsini təklif ediblər.

Kifayət qədər aktual olan layihə çərçivəsində iki ekspertdən biri olaraq, “Media ilə iş bacarıqları” mövzusunda mühazirə ilə çıxış edən Filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Nüşabə Hüseynli deyir ki, bu cür seminarların gələcəkdə də davam etməsi zəruridir: “Mövzuya keçməzdən əvvəl bu gün ayrı-ayrı təşkilat və qurumların, eləcə də media ekspertlərinin məktəblərə getməsini zəruri edən səbəblər barədə qeydlərimi bölüşmək istərdim. Media ilə iş niyə aktualdır? Məktəblər, ümumilikdə təhsil müəssisələri üçün bu mövzunun müzakirəsi, gündəmə gətirilməsi, müəllimlərlə birgə müzakirəsi hansı ehtiyacdan doğur?

Təhsil müəssisələri, xüsusilə də orta məktəb pilləsi həmişə cəmiyyətin diqqət mərkəzində olan, özü də kifayət qədər həssas sahədir. Təlim-tədrislə, məktəblərlə bağlı hətta ən adi məsələlər barədə olsa belə, yayılan məlumatlar həmişə diqqətlə izlənilir və tək rəsmilərin deyil, adi vətəndaşların, xüsusilə də sosial media istifadəçisi olan şəxslərin reaksiyasına səbəb olur. Beləliklə, əvvəlcə bunun səbəbini müəyyənləşdirək: məktəb niyə belə həlledici amilə çevrilib?
Bu sual mənə bir məqamı xatırladır. Birinci kurs tələbəsi idim. Sonradan çox sevəcəyimiz müəllimimiz ilk dərsində hər birimizdən hansı məktəbi bitirdiyimizi soruşdu. Cavablarımızdan asılı olaraq, onun üzünün ifadəsi dəyişirdi. O vaxt bunun müəllimimiz üçün hansı mənanı kəsb etməsi bizim üçün müəmmalı qaldı. Amma sonradan özüm universitetdə pedaqoji fəaliyyətə başladıqda hər şey mənə aydın oldu.

Bu gün övladının təhsil aldığı məktəbin nüfuzu, imici valideyn üçün ən vacib məsələlərdən biridir. Uşaq az qala doğulduğu gündən valideynlər bağça soraqlamağa başlayır, 3 yaşından sonra isə məktəb axtarışında olurlar. Və onu qeyd edək ki, onların bu həssaslığını əsassız hesab etmək düzgün olmazdı. Çünki bəzən hansısa bağçalar, yaxud da məktəblər haqqında xəbərlərin qapalı saxlanması valideynləri digər təhsil ocaqlarını seçmək məcburiyyətində qoyur. Halbuki hər bir təhsil müəssisəsi öz fəaliyyətinin, əldə etdiyi uğurların mütəmadi olaraq KİV-də işıqlandırılmasında maraqlı olsa, o zaman valideynlər də məktəb seçimində çətinlik çəkməzlər”.

Məktəblər haqqında xəbərlərdən söz düşmüşkən, çağdaş dövrün jurnalistləri bəzi orta təhsil müəssisələrindən istənilən informasiyanı əldə etməyin çox çətin olduğunu bildirirlər. Nüşabə Hüseynli deyir ki, bəzi KİV təmsilçiləri isə bəzi məktəbləri hətta qapalı müəssisə kimi xarakterizə edir, bu cür məktəblərin rəhbərliyini yalnız özündən yuxarı instansiyaların göstərişi və tövsiyəsi ilə mətbuata açıqlama verməyə razılaşdığını iddia edirlər: “Ayrı-ayrı faktları, ittihamları çözmədən öncə təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bəzi məktəblərin media ilə iş məsələsinə soyuq yanaşması yuxarıdakı kimi düşünən KİV təmsilçilərini əksər hallarda haqlı çıxarır. Çünki son zamanlar məktəblərdə baş verən neqativ hallar, daha doğrusu, mediaya sızdırılan hadisələr və bu hadisə barədə hər media orqanının naməlum, onların öz təbirləricə desək, “etibarlı” mənbədən əldə etdiyi “araşdırma” və qənaətləri nəticəsində yayılan xəbərlər bəzən çox acınacaqlı vəziyyətin yaranmasına səbəb olur. Bir xalq misalı var: örtülü bazar dostluğu pozar. Niyyət kiməsə haqq qazandırmaq deyil, sadəcə, bu, gerçəklikdir ki, jurnalist cəmiyyəti narahat edən, gündəmdə olan sualına, araşdırdığı məsələyə cavab ala bilmədiyi təqdirdə xəbərini onda olan ehtimallar və qeyri-səhih, bəzən də qərəzli yanaşmalar üzərində qurur və bu cür etməyə onu bəzən peşə borcu, vəzifəsi sövq edir. Bu halda peşəkarlığın nə dərəcədə qorunması artıq jurnalistin məharətindən, fərdi mənəvi keyfiyyətlərindən, vətəndaşlıq məsuliyyətindən asılı olur. Məhz buna görə də haqqında qərəzli məlumatların yayılmaması, yuxarılı-aşağılı, qınaq və şübhə obyektinə çevrilməmək üçün bəzi məktəblər onları mediadan ayıran “tikanlı məftilləri”, aradakı qalın, sərt “divarı” sökməli, media ilə işləməyə özləri həvəs göstərməli, real cəhdlər etməlidirlər”.

Ekspertin də vurğuladığı kimi media ilə işləmək dedikdə, söhbət yalnız hansısa hadisənin baş verdiyi zaman kəsiyini əhatə etmir: “Media ilə iş il boyunca, nəyinsə baş verməsini gözləmədən, mütəmadi şəkildə aparılmalıdır. Məktəblər fəaliyyətlərinin mediada işıqlandırılmasında özləri maraqlı olmalıdırlar. Bu işin lazımi şəkildə qurulmaması isə məktəblər haqqında dedi-qodu, qərəzli, bəzən ayrı-ayrı şəxslərə, kollektivə, nüfuzun salınmasına yönəlmiş şər-böhtan xarakterli məlumatların yayılmasına rəvac verir”.

Təbii ki, burada bir vacib məqam da vurğulanmalıdır: “İstər ümumilikdə aparılan araşdırmalar, istərsə də seminarlar zamanı səsləndirilən fikirlər əsasında gəldiyimiz qənaət budur ki, KİV təmsilçisi hər hansı məktəb haqqında informasiya əldə etmək istərkən mövcud qanunvericilik çərçivəsində addım atmalıdr. Yəni biz bəzi KİV təmsilçisinin məktəbə sanki bir partizan kimi hücum etməsinin, məktəbdən informasiya almaq adı ilə əslində başqa təmanna güdməsinin, bu təmanna əldə edilmədikdə isə məktəbi qaralamasının qətiyyən yolverilməz olduğunu bildiririk. Çünki aparılan araşdırmalar cəmiyyətdə “reket KİV” kimi tanınan bəzi sayt, yaxud qəzet təmsilçilərinin məhz bu cür metodlarla məktəblərə qarşı “səlib yürüşünə” çıxdıqlarını deməyə əsas verir.

Amma təbii ki, o cür reketlərin ifşa olunması, məktəblərə ayaq açmasının qarşısının alınmasının bir yolu da məhz orta təhsil müəssisələrinin real, qanunları bilən və başqa məqsədlər güdməyən KİV-lə əlaqələrinin qurulmasından keçir.

Bir sözlə, bu məqamlar qeyd etdiyimiz kimi, orta təhsil müəssisələrinin media ilə işləməyini zəruri edir. Layihə çərçivəsində olduğumuz məktəblərdə keçirdiyimiz müzakirələrin, sosial şəbəkələrdə aparılan araşdırmaların sonunda bizdə belə bir qənaət yarandı ki, bəzən məktəbləri bu duruma salan onların media ilə işi necə qurmalı olduqlarını bilməməsidir. Bunun zamanın, dövrün tələbi olduğunu artıq dərk etsələr də, bu sahədə təcrübəsizlik, naşılıq əksər hallarda vəziyyəti onların əleyhinə dəyişir”.

Ekspertin sözlərinə görə, bir məqam mütləq vurğulanmalıdır ki, artıq XXI əsrdir – texnika o dərəcədə inkişaf edib ki, informasiya, məlumat, ünsiyyət heç bir hədd, maneə tanımır. Belə olan təqdirdə isə məktəb ənənəvi media ilə sosial medianı ayırd etməli, hər biri ilə işi kefiyyətli qurmağı gözə almalıdır.

Məqalə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi” layihəsi çərçivəsində hazırlanıb.

Number of View: 1868