Türkiyənin bu şəhərindəki azərbaycanlı tələbə və gənclərin diaspor quruculuğu işinə daha yaxından cəlb olunması üçün addımlar atılır
(əvvəli ötən sayımızda)
Dənizlidə ölkəmiz haqqında həqiqətlərin yayılmasında fəal iştirak edən digər bir azərbaycanlı tələbə isə Şəmsiyə İsmayıllıdır.
Şəmsiyə İsmayıllı: “Təşəbbüsün ilkin qığılcımları bizdən gəlsə də, onu reallaşdırmaq məhz böyüklərin işidir”
– Şəmsiyə, sizi yaxından tanıyaq…
– 2008-ci ildə Bakı Atatürk Liseyinin birinci sinfinə getmişəm, 2019-cu ildə orada təhsilimi müvəffəqiyyətlə başa vurmuşam. Elə həmin il də Türkiyənin Dənizli şəhərində yerləşən Pamukkale Universitetinin Psixologiya fakültəsinə yüksək balla qəbul olunmuşam. Hazırda Türkiyə Bursları proqramı ilə bu universitetin ikinci kursunda təhsil alıram.
– Şəmsiyə, Dənizli haqqında, təhsil aldığınız universitet barədə məlumat ver. Orada çoxmu əcnəbi tələbə var? Mühit necədir?
– Pamukkale Universiteti Ege bölgəsində Dənizli şəhərində yerləşir. Böyük universitetdir, həm təhsil almaq, həm də təcrübə qazanmaq üçün gözəl imkanları var. Universitetdə 80-dən artıq ölkədən gənclər təhsil alır. Pamukkale Universitetinin nəzdində xarici tələbələrlə bağlı xüsusi mərkəz var və həmin mərkəzdə toplaşan əcnəbi tələbələr ölkələrinin əlamətdar günlərində, milli bayramlarında, beynəlxalq tədbirlərdə öz ölkələrinin təqdimatını keçirirlər. Universitetdə təhsilə başladıqdan bir neçə ay sonra mən də bu mərkəzlə maraqlanmağa başladım, onun işində yaxından itirak etməyə çalışdım. Fikirləşdim ki, burada dünyanın müxtəlif ölkələrindən özümə dostlar tapacağam. Həmçinin öz ölkəmizi, bayramlarımızı, tariximizi, mədəniyyətimizi daha fəal şəkildə təbliğ edəcəyəm. Belə də oldu. Məsələn, bu il Xocalı soyqırımının ildönümü ərəfəsində bu faciəni olduğu kimi, bütün dəhşətləri ilə Dənizli ictimaiyyətinə anlatmağa çalışdıq. Dənizli şəhərində silsilə tədbirlər keçirildi. Silsilə tədbirlərə fevralın 24-də Dənizlidə yerləşən Türk Egitim Vəqfi Anadolu Liseyində anım mərasimi ilə start verildi. Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra anım mərasimini giriş sözü ilə açan liseyin tarix müəllimi, uzun illər Xocalı soyqırımı haqqında həqiqətlərin Türkiyə ictimaiyyətinə çatdırlması istiqamətində fəaliyyət göstərən Sedat Sərdaroğlu geniş məruzə ilə çıxış etdi. Sedat bəy faciə haqqqında həqiqətlərin dənizlililərə çatdırılması istiqamətində görülən işlərdən danışdı. Onun ardınca Dənizlinin dəyərli ziyalılarından Hasan Kallimçi, soydaşımız İslam Günəş, həmçinin, mən də çıxış etdim. Çıxışımda faciə haqqında danışdım, Heydər Əliyev Fondu tərəfindən bu faciə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırlması istiqamətində görülən işlər barədə məlumat verdim, həmçinin Xocalı faciəsi ilə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşıldığına görə Dənizli Böyükşəhər Bələdiyyəsinin başqanı Osman Zolan başda olmaqla bütün Dənizli ictimaiyyətinə minnətdarlığımı bildiridim.
– Bildiyimizə görə həmin liseydə “Xocalı çalışma qrupu” fəaliyyət göstərir?
– Bəli, Azərbaycana xüsusi önəm verən Fevzi Yetikin müdiri olduğu liseyin tarix müəllimi Sədat Sərdaroğlunun təşəbbüsü ilə bu təhsil ocağının şagirdlərindən ibarət “Xocalı çalışma qrupu” adlı dərnək yaradılıb. Dərnək üzvləri Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində şəhərdə abidə ucaldılması ilə bağlı Dənizli Böyükşəhər Bələdiyyəsinin başqanına məktub yazıb və bu təklif müsbət qarşılanıb. Eyni zamanda, faciəyə həsr olunmuş fotosərgi, konfrans keçirilib və şagirdlər “25-ci ilində Xocalı soyqırımı” adlı xüsusi qəzet buraxıblar. Xocalı abidəsi Azərbaycan Qarabağ parkında ucaldılıb. Bu park dənizlililərin ən çox sevdiyi məkanlardan biridir və hər il fevralın 26-da bu parkda anım təbdiri keçirilir. Bu il də, fevralın 26-da Dənizli Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə bu parkda anım mərasimi keçirildi. Mərasimə Türkiyənin tanınmış sənətçisi, rejissor və dramaturqu, məşhur “Səksənlər” filminin rejissoru Müfit Can Saçıntı da qatılmışdı. Tədbir İbrahim Cinkaya Sosial Bilimlər Liseyində “Xocalı soyqırımı” adlı konfransın keçirilməsi ilə davam etdi.
Daha bir tədbir isə təhsil aldığım universitetdə keçirildi. Belə ki, Pamukkale Universitetinin təşkilatçılığı ilə “Qətliamdan soyqırımına – Xocalı” adlı konfrans keçirildi. Universitetin Fənn-Ədəbiyyat fakültəsinin nəzdində yaradılan Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları Bölümünün və bu ali təhsil ocağının nəzdində fəaliyyət göstərən Dənizli Sosial Bilimlər Məslək Yüksəkokulunun da dəstək verdiyi tədbirdə Xocalı faciəsi haqqında videofilmin nümayişindən sonra universitetin professoru Nərgis Biray çıxış etdi. Sonra azərbaycanlı və türkiyəli tələbələr Xocalı soyqırımına həsr edilmiş şeirlər oxudular.
– Şəmsiyə, gənc könüllü kimi Dənizlidə Azərbaycanın tanıdılması ilə məşğul olursunuz. Orada diaspor təşkilatımız varmı və fəaliyyətinizi onlarla koordinasiya edirsinizmi?
– Təsəvvür edin ki, azərbaycanlıların sıx şəkildə yaşadığı Dənizlidə Azərbaycan mərkəzi, Azərbaycan diaspor təşkilatı yoxdur. Nədənsə universitetdəki azərbaycanlı tələbələr də bir o qədər fəallıq göstərmirdilər diaspor işinə. Mən “Görəsən bu işdə bizə dəstək olarmı?” düşüncəsi ilə bu ilin əvvəlində qış tətilində Bakıya gələndə Diasporla İş üzrə Dövlət Komitəsinə getdim. Komitənin sədri Fuad Muradova həm öz adımdan, həm də universitetdəki azərbaycanlı tələbələr adından təşəkkür etmək istəyirəm. Mən Türkiyə üzrə əlaqələrə məsul, şöbə müdiri Fuad Kərimovla, həmçinin aparıcı məsləhətçi Vəfa Hüseynova ilə görüşdüm. Mənim istəyim komitə sədrinə çatdırıldıqdan sonra onun göstərişilə bizə iki oğlan və iki qız üçün milli geyimimiz sifariş edildi. Doğrudur, pandemiya səbəbindən biz həmin paltarları hələ ki ora apara bilməmişik. Amma sevinirəm ki, Dənizliyə əlidolu dönəcəyəm. Biz də artıq milli və dövlət bayramlarında o paltarla ölkəmizi təqdim edəcəyik. Onu da deyim ki, Dənizli şəhərində kifayət qədər azərbaycanlı ziyalılar yaşayır. Təkrar Dənizliyə qayıtdıqdan sonra biz diaspor sahəsində müəyyən addımlar atmaq fikrindəyik. Təbii ki, biz gəncik, bu, hələ ki, ilk addımlarımızdır. Ümid edirik ki, oradakı azərbaycanlılarımız bizim bu əməyimizi dəyərləndirirərək, bizə bu işdə dəstək olacaqlar. Düşünürəm ki, oxuduğum universitetdə Azərbaycanı tükənməz sevgi ilə sevən müəllimlərimin köməyi ilə biz ilk olaraq, Dənizli-Azərbaycan qardaşlıq dərnəyi və ya Azərbaycan evin yarada biləcəyik. Biz bu işdə məhz könüllülər kimi iştirak edəcəyik. Çünki yol böyüklərindir. Təşəbbüsün ilkin qığılcımları bizdən gəlsə də, onu reallaşdırmaq məhz böyüklərin işidir.
Nüşabə Hüseynova
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) “Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması” layihəsi çərçivəsində dərc olunub
Number of View: 522