“SƏLİS”ə daxil olan e-vətəndaş proqramının Gəncə Dövlət Universitetində təqdimatı keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yeni brendi olan “SƏLİS”in (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) e-vətəndaş proqramının Gəncə Dövlət Universitetində (GDU) təqdimatını keçirib.

AZƏRTAC xəbər verir ki, rektorun müşaviri Asif Cavadov Şuranın yeni innovativ xidmətinin ilk təqdimatının məhz Gəncə Dövlət Universitetində keçirilməsini yüksək qiymətləndirib. A.Cavadov Şuranın fəaliyyət göstərdiyi 10 ildən çox müddət ərzində hər zaman şəffaflıq, aşkarlıq və hesabatlılıq prinsiplərini yüksək tutaraq QHT-lərə, Vətəndaş Cəmiyyətinə, dövlətə, xalqa xidmət etdiklərini bildirib. Əlavə edib ki, yeni elektron xidmətlər məhz həmin prinsiplərin daha aydın, səlis və dəqiq tətbiqini özündə ehtiva edir və bu, vətəndaşlara, QHT-lərə 7/24 formatlı yeni xidmət formasıdır. Asif Cavadov tələbələri bu xidmətdən yararlanmağa, bununla da ölkənin ictimai-siyasi həyatında fəal olmağa çağırıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru Fərasət Qurbanov universitet rəhbərliyinə yaradılan şəraitə görə təşəkkür edib. O, Şuranın yaranması zərurəti, Prezident İlham Əliyevin bu yöndə irəli sürdüyü dövlət siyasətinin əsas prinsipləri, dövlət qurumlarında şəffaflıq, aşkarlıq və əlçatanlığın hər zaman bərqərar olması üçün atılan addımlardan danışıb və Şuranın fəaliyyət göstərdiyi müddət ərzində bu prinsiplərin hər zaman əsas götürüldüyünü qeyd edib.

Fərasət Qurbanov diqqətə çatdırıb ki, Şura yaranana qədər xarici donor təşkilatlar Azərbaycanın milli məsələləri, milli maraqlarına yönəlmiş addımları, Dağlıq Qarabağ, qaçqın və məcburi köçkün problemləri ilə bağlı layihələri maliyyələşdirməyiblər. Bu meyilə yalnız milli donor institutu formalaşdıqdan sonra son qoyulub. F.Qurbanov QHT-lərə, vətəndaşlara, Vətəndaş Cəmiyyətinə fasiləsiz xidmət edən, QHT layihələrinin maliyyələşdirilməsi, hesabatlılıq, apellyasiya müraciətləri və s. (ümumilikdə 20 xidmət) elektronlaşdıraraq izafi vaxt və maddi itkiləri aradan qaldıran innovativ, müasir və çevik “SƏLİS” xidmət haqda danışıb. F.Qurbanov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilk dəfə olaraq 2019-cu il dördüncü qrant müsabiqəsi çərçivəsində ölkənin bütün vətəndaşlarını QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı qiymətləndirməyə dəvət edir. Bu məqsədlə Şuranın yeni brendi “SƏLİS”ə daxil olan e-vətəndaş proqramının ictimaiyyətə təqdimatına başlanıb.

Sonra “SƏLİS” xidmətə daxil olan e-vətəndaş xidməti, istifadə qaydaları, verəcəyi səmərə barədə hazırlanmış təlimat xarakterli videoçarx nümayiş olunub. Videoçarxın nümayişindən sonra Şuranın e-vətəndaş proqramından istifadə qaydaları izah edilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Number of View: 1623