ADU-da SƏLİS e-vətəndaş proqramının təqdimatı olub

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin (SƏLİS) e-vətəndaş proqramının təqdimatı keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor, akademik Kamal Abdulla şuranın fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, şuranın sədri Azay Quliyev QHT-lərin normal insani və vətəndaş cəmiyyətinə layiq mövqe tutması üçün əzmlə çalışır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Şura sədri QHT-lərə, vətəndaşlara, vətəndaş cəmiyyətinə fasiləsiz xidmət edən, QHT layihələrinin maliyyələşdirilməsi, hesabatlılıq, apellyasiya, müraciətlər və digər xidmətləri (ümumilikdə 20 xidmət) elektronlaşdıraraq izafi vaxt və maddi itkiləri aradan qaldıran innovativ, müasir və çevik SƏLİS haqqında danışıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilk dəfə olaraq 2019-cu il dördüncü qrant müsabiqəsi çərçivəsində ölkənin bütün vətəndaşlarını QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı qiymətləndirməyə dəvət edir. Bu məqsədlə şuranın yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramının ictimaiyyətə təqdimatına başlanılıb.

Sonra SƏLİS-ə daxil olan e-vətəndaş xidməti, vətəndaşların istifadə qaydaları, verəcəyi səmərə barədə hazırlanmış təlimat xarakterli videoçarx nümayiş olunub.

Tədbirdə şuranın əməkdaşı Elnur Bağırlının “e-vətəndaş proqramından istifadə qaydalarının təqdimatı” dinlənilib. İştirakçılar arasından könüllü seçilən ADU-nun tələbəsi Nuranə Mustafayeva e-vətəndaş xidmətindən yararlanıb. Beləliklə, e-vətəndaş xidmətinə qoşulmaq üçün tələb olunan sadə prosedur qaydaları reallaşdıran tələbənin e-vətəndaş olması prosesi tədbir iştirakçılarına əyani nümayiş etdirilib.

Number of View: 1472