Şəkidə təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım seminarı

Tədbirdən görüntü

CASCFEN “Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi” layihəsi çərçivəsində ilk seminarı Şəkidə keçirib

CASCFEN, Şəki. 20 may 2019 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin (CASCFEN) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi” mövzusunda layihə çərçivəsində ilk seminar mayın 18-də Şəki şəhər 5 nömrəli tam orta məktəbdə keçirilib.

Seminarı giriş sözü ilə açan CASCFEN sədri, Əməkdar jurnalist Nadir İsmayılov deyib ki, layihənin məqsədi orta təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə, orta məktəb rəhbərlərinin və müəllimlərinin KİV haqqında qanunvericiliklə daha yaxından tanış olmasına, KİV-lə iş barədə bilik və bacarıqlarının artırılmasına, KİV-lə əməkdaşlıq mühitinin yaradılmasına yardım göstərməkdən ibarətdir: “Beləliklə, ilk seminarımız bu gün Şəkidə baş tutur”.

Çıxış edən Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov bu layihənin günümüzün aktual mövzularından birinə həsr olunduğunu deyib. KİV-lə əlaqələrin qurulması və inkişaf etdirilməsinin bütün qurumlar, o cümlədən orta təhsil müəssisələri üçün də vacib olduğunu deyən idarə rəisi bu layihənin reallaşdırılmasının cəmiyyətimizə xeyirli olacağını bildirib.

Sonra söz ekspertlərə verilib. “Media ilə iş bacarıqları” mövzusunda hazırladığı geniş təqdimatla çıxış edən filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Nüşabə Hüseynli geniş mühazirəsində media ilə işləməyin üsulları və qaydaları barədə təfərrüatı ilə məlumat verdikdən sonra bunun təhsil müəssisələrinə, xüsusilə, orta məktəblərə də şamil edildiyini bildirib.

“İnformasiya açıqlığının təmin edilməsi” mövzusunda təqdimatla çıxış edən Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri, tanınmış jurnalist Seymur Verdizadə isə bildirib ki, faktların, hadisələrin təhrif edilməməsi, həqiqətin olduğu kimi təqdim olunması, şəffaflığın təminatı məqsədilə media ilə iş qurmaq, əməkdaşlıq etmək artıq günün tələbi sayılır.

Seminarda həmçinin Şəki şəhər 5 nömrəli tam orta məktəbin direktoru Filyar İbrahimova, Şəki Fizika-riyaziyyat humanitar təmayüllü liseyin müdir müavini Çingiz İsmayılov və başqaları çıxış edərək belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib, gələcəkdə də bu mövzuda seminarların davam etdirilməsini təklif ediblər.

Sonra tədbir iştirakçılarının sualları əhatəli şəkildə cavablandırılıb.

Number of View: 3966