CASCFEN Yevlaxda informasiya açıqlığıyla bağlı seminar keçirib

Tədbir sonrası xatirə şəkli

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırılan layihə çərçivəsində növbəti seminar Yevlaxda keçirilib

CASCFEN, 27 may 2019 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi” mövzusunda layihə çərçivəsində növbəti seminar mayın 25-də Yevlax şəhər 2 nömrəli orta məktəbdə keçirilib.

Azərbaycan Milli QHT Forumu Mingəçevir Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru Fizuli Əsədovun da iştirak etdiyi tədbirdə qonaqları salamlayan məktəbin direktoru Sədaqət Şükürova layihə üzrə növbəti seminarın Yevlaxda keçirilməsini müsbət dəyərləndirib. Belə bir mövzunun müzakirəsinin günümüzdə aktual olduğunu deyən direktor müəllim həmkarlarını müzakirələrdə aktiv iştirak etməyə səsləyib.

Sonra çıxış edən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri layihənin məqsədi və gözlənilən nəticələr barədə danışıb.

Sonra söz ekspertlərə verilib. “Media ilə iş bacarıqları” mövzusunda hazırladığı geniş təqdimatla çıxış edən filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Nüşabə Hüseynli müasir dünyamızda hər bir kəsin həyat və fəaliyyətinin media üçün materiala, mövzu və müzakirə obyektinə çevrildiyini deyib. N.Hüseynli geniş mühazirəsində media ilə işləməyin üsulları və qaydaları barədə təfərrüatı ilə məlumat verdikdən sonra bunun təhsil müəssisələrinə, xüsusilə, orta məktəblərə də şamil edildiyini bildirib. Ekspert həmçinin Yevlax məktəblərinin sosial şəbəkələrdə səhifələrinin olub-olmaması, həmçinin KİV-lə əməkdaşlığı istiqamətində aparılan araşdırmanın nəticələrini də seminar iştirakçılarının diqqətinə çatdırıb.

N.Hüseynli təqdimatından sonra mövzu tədbir iştirakçılarının müzakirəsinə verilib. Müzakirələrdə çıxış edən Yevlax şəhər 5 nömrəli tam orta məktəbin müəllimi, YAP Yevlax rayon təşkilatının sədr müavini-aparat rəhbəri Əli Quliyev, həmin məktəbin direktor müavini Elman Əlibəyli, 3 nömrəli tam orta məktəbin müəllimi Zülfiyyə Mahmudova və başqaları təklif və rəylərini səsləndiriblər.

Digər ekspert, Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri, tanınmış jurnalist Seymur Verdizadə isə “İnformasiya açıqlığının təmin edilməsi” mövzusunda təqdimatını iştirakçıların diqqətinə çatdırıb. Medianın bugünkü mənzərəsinə qısaca tərif verən S.Verdizadə bildirib ki, faktların, hadisələrin təhrif edilməməsi, həqiqətin olduğu kimi təqdim olunması, şəffaflığın təminatı məqsədilə media ilə iş qurmaq, əməkdaşlıq etmək artıq günün tələbi sayılır. Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Çıxışlardan sonra iştirakçılara sertifikatlar, seminarın keçirilməsində yaxından dəstək olanlara isə diplomlar təqdim edilib və çay süfrəsi ətrafında müzakirələr davam etdirilib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar, tədbirin keçirilməsində yaxından dəstək olanlara isə diplomlar təqdim edilib.

Number of View: 3340