CASCFEN, Bakı. 05 iyun 2019 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi” mövzusunda layihə çərçivəsində yerlərdə seminarların keçirilməsi davam edir. Bu silsilədən növbəti seminar iyunun 4-də Bakı şəhər Suraxanı rayonu 279 nömrəli orta məktəbdə keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovun, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin məsləhətçisi Orxan Əlixanlı, KİV təmsilçilərinin, müəllimlər və digər qonaqların iştirak etdiyi tədbiri giriş sözü ilə açan məktəbin direktoru Südabə Abdullayeva bu cür seminarların keçirilməsinin əhəmiyyətli olduğunu deyib.
Tədbirdə çıxış edən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin sədri Nadir İsmayılov öncə layihənin reallaşdırılmasına verilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkür edib. Nadir İsmayılov 2019-cu ilin may-avqust aylarını əhatə edən layihənin məqsədinin orta təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə, orta məktəb rəhbərlərinin və müəllimlərinin KİV haqqında qanunvericiliklə daha yaxından tanış olmasına, KİV-lə iş barədə bilik və bacarıqlarının artırılmasına, KİV-lə əməkdaşlıq mühitinin yaradılmasına yardım göstərməkdən ibarət olduğunu qeyd edib.
Sonra söz ekspertlərə verilib. “Media ilə iş bacarıqları” mövzusunda hazırladığı geniş təqdimatla çıxış edən filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Nüşabə Hüseynli müasir dünyamızda hər bir kəsin həyat və fəaliyyətinin media üçün materiala, mövzu və müzakirə obyektinə çevrildiyini deyib.
Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri, tanınmış jurnalist Seymur Verdizadə isə “İnformasiya açıqlığının təmin edilməsi” mövzusunda təqdimatını iştirakçıların diqqətinə çatdırıb. Medianın bugünkü mənzərəsinə qısaca tərif verən S.Verdizadə bildirib ki, faktların, hadisələrin təhrif edilməməsi, həqiqətin olduğu kimi təqdim olunması, şəffaflığın təminatı məqsədilə media ilə iş qurmaq, əməkdaşlıq etmək artıq günün tələbi sayılır.
Tədbirdə çıxış edən BŞTİ-nin sektor müdiri Bəşarət Məmmədov təhsil sektorunda həyata keçirilən islahatlar, ictimaiyyətlə əlaqə işinin daha səmərəli təşkili, vahid informasiya mübadiləsinin təmin olunması, məktəblərin fəaliyyətinin ictimaiyyətə təqdim olunmasındakı açıqlıq və media ilə iş sahəsində atılan addımlarla bağlı ətraflı məlumat verib. Həmçinin sektor müdiri təmsil etdiyi qurumun məktəb rəhbərləri üçün seminar və treninqlər keçirdiyini, KİV nümayəndələrinin təhsil müəssisələrinə pressturlarının təşkil edildiyini də diqqətə çatdırıb.
Sonra hər iki mövzu üzrə səmərəli fikir mübadiləsi aparılıb. Maraqlı müzakirələrin aparıldığı tədbirin sonunda seminarın keçirilməsində yaxından dəstək olanlara diplomlar, iştirakçılara isə sertifikatlar təqdim edilib.
Number of View: 2634